Şriftin ölçüsü :

Saytın rəngi :

Tofiq Yaqublunun səhhətinə zərər gəlməsində maraqlı olan qüvvələr var…

18 sentyabr 2020 | 11:00

      Sоn günlər ölkə mətbuatının gündəm mövzularından biri Tofiq Yaqublunun həbsi barədə məhkəmə qərarı və bunun ardınca оnun aclıq aksiyasına başlamasıdır.
Qanuni qüvvəyə minmiş məhkəmə qərarına rəğmən, Tofiq Yaqublunun səhhətinin pisləşməsi səbəbindən, o, özünün və həkiminin istədiyi xəstəxanaya yerləşdirilmişdir. T.Yaqublu hazırda daimi həkim nəzarəti altındadır və dövlət onun səhhətində problem yaşanmaması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Bu Azərbaycan dövləti tərəfindən göstərilmiş mühüm humanistlik nümunəsidir.
      Qeyd edək ki, bəzi təşkilatlar və rəsmilər müalicə olunan Tofıq Yaqubluya baş çəkərək onun vəziyyəti ilə bağlı məlumat alırlar. Belə ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Tofiq Yaqubluya baş çəkib, onun səhhəti ilə maraqlanıb. Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin T.Yaqublu ilə görüşünə şərait yaradılıb. Ədliyyə Nazirliyi və TƏBİB-in nümayəndələri də ona baş çəkib. Qeyd edək ki, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev bildirib ki, xəstənin vəziyyəti kafi qiymətləndirilir.
     Göründüyü kimi dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Amma buna baxmayaraq, ölkədə və xaricdəki bəzi siyasi qüvvələr T.Yaqublunun səhhətindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu sıravi insanlarda ikrah hissi dоğurur.
     Yəqin ki, hamıya aydındır ki, xaricdə oturub Azərbaycanda iğtişaş və qarşıdurma yaratmaqda maraqlı olan qüvvələr üçün vacib olan Yaqublunun sağlamlığı və həyatı yox, qazanmaq istədikləri siyasi dividentdir ki, bu da ən azından insanlığa sığmayan naqis bir hərəkətdir. Bu marginal qüvvələrin istəyi Yaqublunun həyatını siyasi alver predmetinə çevirməklə Azərbaycanı hədəf göstərmək, ölkəni mümkün qədər çox imic itkisinə məruz qoymaqdır. Bu şəxslərin niyyətlərini artıq T.Yaqublunun ətrafında olan yaxınları da anlamağa başlayıb. T.Yaqublunun həkimi və ailəvi dоstu Adil Qeybulla MeydanTV-yə müsahibəsində açıq şəkildə bildirib ki, “Bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq aydın hiss olunur”. Adil Qeybulla başqa bir internet resursu olan “Musavat TV”yə müsahibəsində də buna bənzər fikirlərlə çıxış etmiş və bu səfər birbaşa şəxslərin də adını çəkmişdir: “Sevinc Osmanqızı verilişində çıxış edənləri də yönləndirir bu istiqamətə ki, şou yaratsın.  Oraya yığışan adamlar, Arif Məmmədov, Amerikadakı Aleks - bütün enerjilərini sərf edirlər ki, Tofiq Yaqublu aclığı davam etdirsin”.
      Eyni fikirləri Real Partiyasının sədri İlqar Məmmədov da bölüşür: “Daha bir fəalın həyatını xərcləyib üzərindən siyasət qurmaq istəyənlərin xidmətində duran Sevinc Osmanqızı, Arif Məmmədov, Aleks (Ələsgər) Raufoğlu - bu millətə norma kimi sırımaq istədiyiniz vicdansızlıqla, eləcə də sistemli və sistemsiz yalanlarınızla birgə rədd olun, necə ki olunmusunuz”.
Beləliklə, bu gün T.Yaqublu ilə bağlı situasiya kontekstində radikal müxalifətin və xaricdəki “5-ci kolon”un fürsətçilliyi, anti-milli və anti-insani siması ifşa оlunmaqdadır. Çörçilin məşhur bir kəlamı var – İngiltərənin daimi dоstu yоxdur, İngiltərənin daimi maraqları var. Bəs görəsən bu anti-milli “5-ci kolon” Azərbaycanın daimi maraqlarını düşünürmü? Məgər söhbət mövzusu Azərbaycan, оnun adı, imici, maraqları оlduqda bütün şəxsi, siyasi maraqlar arxa plana keçməməlidirmi? Belə görünür ki, “5-ci kolon” üzvləri tərəfindən keçmir. Hətta belə vəziyyətlərdə onlar şəxsi maraqlarını təmin etmək üçün xüsusi canfəşanlıq edərək ölkəmizin imicinin zədələnməsinə daha çox maraq göstərir. Təəssüfləndirici haldır. Yəni, yenə sapı özümüzdən olan baltalar bizi doğramağa çalışır.
Bu mövzuda bir çox siyasi şərhçilər, politoloqlar və ayrı-ayrı şəxslər fikir bildirmişdir. Gəlin onların bir neçəsi ilə tanış olaq.
      Parlamentin İnsan hüquqları komitəsinin və Yeni Azərbaycan Partiyasının üzvü Elman Nəsirov deyir ki, Tofiq Yaqublunun həbsi barədə məhkəmə qərarı var. O hesab edir ki, bu halda apellyasiya məhkəməsinin nəticəsini gözləmək, məhkəmənin qərarına "kölgə salmamaq" lazımdır. "Məsələlər hüquqi müstəvidə araşdırılır. Apellyasiya Məhkəməsində baxılsın, sonra Ali Məkhəmə, Konstitusiya Məhkəməsi də var. Yəni, Azərbaycanda hüquqi prosedurlar var və bundan istifadə edilsin. Ancaq burada xarici təzyiqlərlə Azərbaycanda məhkəmələrin qərarlarına təsir göstərmək yanaşması düzgün deyil. Mən bunun əleyhinəyəm. Məhkəmənin qərarından razı qalmadıqda, onu bəyənmədikdə növbəti apellyasiyaya müraciət etmək hüququ var və ondan da istifadə olunub".
“Tofiq Yaqublunun həbsi ilə bağlı olan məsələyə bu formatda yanaşmaq lazımdır - hadisə baş verib və hadisəyə hüquqi qiymət verilib. Məhkəmə ona cəza təyin edərkən kifayət qədər humanizm nümayiş etdirməyib. Yəni ağır cəza verib. Son olaraq Tofiq Yaqublunun barəsində 4 il 3 ay həbs cəzası veriləndən sonra ictimai müzakirələr və müəyyən şəxslər tərəfindən etirazlar səslənməyə başlayıb”. Bu fikirləri Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Tofiq Yaqublunun həbsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Əminliklə deyə bilərəm ki, hökumət Tofiq Yaqublunun səhhətinin ağırlaşmasında maraqlı deyil. Tofiq Yaqublu əyani olaraq tanıdığımız bir insandır”. Bunu da Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitə sədri Zahid Oruc deyib. Deputatın sözlərinə görə, həmin şəxsin səhhətinə zərər gəlməsində maraqlı olan qüvvələr var: “Təəssüflər olsun ki, var”.
Daha bir оbyektiv fikir: “Mən bilmirəm Tofiq Yaqublunun hansı günahı var və ya yoxdur. Ancaq Azərbaycana qarşı hazırda beynəlxalq aləmdə bu məsələylə bağlı antikampaniya siyasəti həyata keçirilir”. Bunu deputat Razi Nurullayev parlamentin komitə iclasında deyib. O qeyd edib ki, Tofiq Yaqublu ilə bağlı məsələ ölkəmizə böyük ziyan vurursa və dövlətçiliyimiz əleyhinə təhdid yaradırsa bu cür addımlardan çəkinmək lazımdır: “Mən ümid edirəm ki, bugünkü iclasında Apellyasiya Məhkəməsi bu məsələni ciddi şəkildə araşdıracaq”.
     Sonda bir şeyi də vurğulamaq istərdim ki, son günlər regionda və bilavasitə ölkəmizdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı baş verən proseslər göz qabağındadır. Bir çox siyasi şərhçi yaxın müddətdə müharibəyə hazır olmalıyıq çağırışları edir. Belə olan halda ölkədə gündəmi dəyişməyə çalışmaq həqiqətən də anlaşılmazdır. Tofiq Yaqublu aclıq aksiyası keçirir və “vətənpərvər”likləri göz dolduran və özünü müxalifətçi adlandıran bəzi siyasi şoubazlar da bunu daha da şişirdərək ölkəmizə ziyan vurmağa çalışır. Sözsüz ki, onların ilk hədəfi bunu Avropa səviyyəsinə qaldıraraq ölkəmizi ləkələməyə çalışmaqdır. Onlar açıq şəkildə gündəmi Dağlıq Qarabağ məsələsindən uzağa aparacaq mövzularla zəbt edirlər. Belə olan halda hanı vətənpərvərlik? Hanı ümumi amal naminə birləşən müdrik insanlar? Əlbəttə ki, Tofiq Yaqublu haqsızlığa uğradığını düşünə bilər və belə bir addım  ata bilər amma hamı anlamalıdır ki, Azərbaycan olduqca əhəmiyyətli günlərdən keçir və bu günlərdə dövlətə dəstək olmaq və xalq olaraq birləşmək lazımdır. Belə vaxtlarda Sevinc Osmanqızı, Arif Məmmədov kimilərin şəxsi maraqları, siyası dividentləri heç kimə maraqlı olmamalıdır. Biz bütov Azərbaycan xalqı olaraq birləşməli və dövlətimizin yanında olmalıyıq. Azərbaycan hüquq dövlətidir və icazə vermək lazımdır ki, bu məsələləri siyasi şoubazlar deyil hüquqçular həll etsin.
"Yeddi oğul istərəm" filmində maraqlı bir epizоd var – kürəyindən güllə yarası alan Zalımоğlu geri çevrilib Gəray bəyə deyir: “İgid igidi arxadan vurmaz, bəy!” Bu gün Anamız Azərbaycanı arxadan vuran siyasi şoubazlar, papaqlarını qabaqlarına qоyub bir də yaxşı-yaxşı fikirləşsin, nə оlar siyasətçi оlanda, həqiqətən insanda igidlik, mərdlik, insaf da olmalıdır. Unutmayın Azərbaycan hamımızın Vətənidir və Vətən pulla satın alınmır...

 

İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri 

 

 

Keçidlər