Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya təcrübəsi göstərir ki, yumşalma tədbirləri infeksiyanın yayılma sürətinin artmasına səbəb olur...

18 sentyabr 2020 | 11:00

      Bütün dünyanı bürümüş COVID-19 pandemiyasının təsir etmədiyi bir ölkə belə yoxdur. Ölkələrin pandemiya ilə mübarizə metodları bir-birindən fərqli olsa da, məqsədləri ortaqdır. Ən qısa müddətdə, ən az itki ilə pandemiyadan can qurtarmaq.
      Ölkəmizdə koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması ali məqsəd kimi qəbul edilərək, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 24 mart 2020-ci il tarixdən etibarən xüsusi karantin rejimi elan edilmişdir.
      Koronavirusla mübarizə tədbirləri çərçivəsində Prezident İlham Əliyevin sərəncamı ilə pandemiya ilə mübarizə tədbirlərinin vahid mərkəzdən idarə olunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı, ilk olaraq İranla və sonra isə bütün dünya ilə hava, quru və su sərhədləri bağlandı, xüsusi karantin rejimi tətbiq olunaraq zəruri olmayan bütün ictimai iaşə obyektləri və ticarət obyektləri, parklar və digər ümumi istirahət zonalarının fəaliyyəti dayandırıldı. Atılan vaxtında və düzgün addımlar nəticəsində ilkin mərhələdə müsbət nəticələr əldə olundu. Pandemiya nəzarət altına alındı və yoluxma sayları minumum səviyyələrə endirildi. Açıq etiraf etmək lazımdır ki, həmin vaxtlar pandemiyanın bir sıra ölkələr üzrə statistikası insanı dəhşətə gətirəcək səviyyədə idi. Ölkəmizdə isə zamanında dövlətin müdaxiləsi nəticəsində pandemiyanın birinci mərhələsi az itkilərlə keçdi. Amma təəssüf ki, karantin rejimi yumşaldıqdan sonra, vətəndaş məsuliyyətsizliyi ucbatından koronavirusa yoluxanların sayı kəskin şəkildə artmağa başladı. İnsanlar bu vəziyyəti düzgün qiymətləndirməyərək virus tamamilə yox olmuş kimi hərəkət etdi və bu səhvin nəticəsini də çox keçmədən görməyə başladıq. Belə ki, gündəlik yoluxma sayındakı kəskin artım həyacan təbili çalınmasına gətirib çıxardı və yenidən karantin rejiminin sərtləşdirilməsinə səbəb oldu. Beləliklə, ikinci dəfə karantin rejiminin sərtləşdirilməsindən sonra  pandemiya yenidən nəzarət altına alındı. Gündəlik yoluxma sayı 600 civarı rəqəmlərdən  100 və daha altı rəqəmlərə qədər endirildi. Hazırda ölkəmizdə ikinci dəfə yumşalma tədbirləri həyata keçirilir. Belə ki, artıq fəaliyyəti qadağan olunmuş bir sıra sahələrin fəaliyyətinə icazə verilib, əhalinin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunub, kafe və çayxanaların fəaliyyətinə icazə verilib, ölkədaxili gediş-gəliş və metronun fəaliyyəti bərpa olunub. Bəs görəsən yumşalma tədbirləri nələrə əsaslanır? Belə tədbirlərin koronavirusa yoluxma hallarını artırmayacağına təminat varmı?
      Həm ölkəmizdən, həm də dünya təcrübəsindən bizə məlumdur ki, yumşalma tədbirlərindən sonra yenidən virusa yoluxma hallarında artım müşahidə olunur.
Ümumdünya Səhiyyə təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus dünyanı yeni növ koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşmağa çağırıb. O, mövcud pandemiyanın son olmadığını bildirib və yeni dalğaya əvvəlkindən daha hazırlıqlı olmaq üçün erkən hazırlıqlara başlamağa çağırıb.
Tibbi ekspertlərin proqnozlaşdırdığı kimi, sentyabr ayından bir çox ölkələrdə korona¬virusa yoluxanların sayında kəskin artım nəzərə çarpır. Artıq bir sıra dövlətlərdə havaların soyuması və xüsusilə yumşalmalardan sonra virus ilə bağlı vəziyyət daha da kəskinləşib. Məsələn, Gürcüs-tanda pandemiyanın “ikinci dalğa”sı elan olunub. Baş nazir Q.Qaxariya mətbuata bildirib ki, ölkədə epidemioloji vəziyyət pisləşməyə başlayıb. İsraildə sutka ərzində 4 minə yaxın in¬sanda COVİD-19 aşkar olunub. Hökumət 3 həftəlik sərt karantin rejimi elan edib. Vətəndaşlara evlərindən 500 metrdən artıq uzaqlaşmaq qadağan edilib, restoranlar, otellər, idman zalları və basseynlər bağlanıb. Avstriyada isə kansler Sebastyan Kurst pandemiyanın “ikinci dalğa”sının başladığını rəsmən bəyan edib. Avqustun sonunda bu ölkədə gündə 350 nəfər virusa yoluxduğu hal¬da, hazırda bu rəqəm 850-yə çatıb. “Bizi çox ağır payız və qış gözləyir”, –deyə kansler xəbərdarlıq edib. Xatırladaq ki, Çexiya, Türkiyə, Rusiya və digər ölkələrdə də yoluxma halları artıb və yeni məhdudiyyətlər tətbiq edilib.
      Payızda xəstəliklə bağlı necə vəziyyət yaşanacağını demək hələ tezdir amma bu da həqiqətdir ki, havaların soyuması və xüsusilə yumşalmalardan sonra risk daha yüksəkdir. Cəmiyyətimiz buna hazır olmalıdır. Vətəndaşlar yumşalmalardan sonra rahat olmamalı, ehtiyyatı əldən verməməlidir. İnsanlar ancaq koronavirusa qarşı nəzərdə tutulan qaydalara ciddi şəkildə əməl etsələr, bu bəladan xilas olmaq mümkündür. Bunun üçün əhali sosial məsafə qayda¬larına lazımınca əməl etməli, yoluxma riskinin artmasına səbəb olan kütləvi tədbirlərdə iştirakdan uzaq olmalı, qapalı məkanlarda toplaşmamalıdır. 
      Pandemiyanın insan sağlamlığı və səhiyyə sistemi üzərində təsirləri olduğu kimi, iqtisadiyyat üzərində də çox ciddi təsirləri var. Üstəlik bu təsirlər göz ardı edilməyəcək qədər böyükdür.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) baş iqtisadçısı Lorans Bun “Les Echos” qəzetinə verdiyi müsahibədə açıqlayıb ki, koronavirusun yayılması səbəbindən dünya iqtisadiyyatına dəyən ümumi zərər 2021-ci ilin sonuna qədər 7 trilyon ABŞ dolları təşkil edəcək. Hər halda bu kifayət qədər ciddi rəqəmdir.
Pandemiya ölkə iqtisadiyyatımıza da təsirsiz ötüşmədi. Hələ bir neçə ay öncə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirmişdi ki, pandemiya səbəbindən ölkə iqtisadiyyatının gündəlik itkisi 120-150 milyon manatdır. Bununla yanaşı, pandemiya dövründə neftə olan təlabatın ciddi şəkildə aşağı düşməsi və eyni zamanda OPEC+ ölkələri arasında neftin hasilatı ilə bağlı anlaşılmazlıqların olması neft qiymətlərinin qeyri-sabit olmasına gətirib çıxardı. Ölkəmizin ixracatında neft və neft məhsullarının tutduğu yeri nəzərə alsaq bunun ölkəmiz üçün nə dərəcədə ciddi bir problem olduğunu yəqin ki, anlayabilərik.
      Pandemiya tam aradan qalxmayınca, maddi itkilərin davam edəcəyi də şübhəsizdir. Lakin çox sadə qaydalara- tibbi maskadan istifadə, sosial məsafə və şəxsi gigiyenaya əməl etməklə həm ətrafımızdakı insanların həyat və sağlamlıqlarının qorunmasına, həmçinin bu istiqamətdə xərclərin  azalmasına nail olmaq mümkündür.
Ölkə başçısı 15 sentyabr 2020-ci ildə yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə video müraciətində bu mövzuya da toxunaraq bildirdi ki: “Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər”.
Sonda bir daha vurğulamaq istərdim ki,  karantin qaydaları yumşaldılsa da, biz vətəndaş məsuliyyəti göstərməli, qaydalara əməl etməli, həm özümüzün, həm də ətrafımızdakı insanların həyatını qorumağa çalışmalıyıq və bununla da dövlətimizə dəstək olmalıyıq. Unutmayaq ki, yalnız xalq və vətəndaş birliyi ilə pandemiyadan can qurtara bilərik. Ölkə başçısı cənab Ilham Əliyevin də dediyi kimi “Biz birlikdə güclüyük”.


Rauf Əliyev
Pirallahı rayon İcra Hakimiyyəti başçısı yanında
Yetkinlik yaşına çatmayanların  işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyanın məsul katibi

 

Keçidlər