Şriftin ölçüsü :

Saytın rəngi :

İşğal olunmuş torpaqlarımız azad olunmalıdır - xalqımızın tələbi budur

19 sentyabr 2020 | 11:00

      Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində məsul olan ATƏT-in Minsk qrupunun faəliyyətsizliyi göz önündədir. ATƏT-in Minsk Qrupu fəaliyyəti müddətində problemin həlli istiqamətində heç bir ciddi irəliləyişə nail olunacaq addım atmayıb. Belə olan halda bu təşkilatın faəliyyətinə inamsızlıq get-gedə daha da güclənir. 30 ildən artıq acı bağırsaq kimi uzanan və heç bir həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin bundan sonra da MQ rəhbərliyi ilə danışıqlar yolu ilə həllinə heç bir ümid qalmayıb. Qeyd edək ki, bu təşkilatın fəaliyyətinə olan inamsızlığın günahkarı da məhz onun özüdür. MQ illərdir ki, nüfuzunu boş yerə xərcləyir.

        Məlumdur ki, sentyabrın 14-də Parisdə ATƏT Minsk Qrupunun həmsədrləri arasında “intensiv məsləhətləşmələr” keçirilib.Həmsədrlər bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə“qeyd-şərtsiz” danışıqlara başlamağa çağırıb.Həmsədrlər
bəyanatda qeyd ediblər ki,“iyul ayında Ermənistan-Azərbaycan sərhədindəyaşanmış gərginliyə xüsusi diqqət ayıraraq, regiondakı vəziyyəti müzakirə ediblər”. Maraqlıdır.Tovuz döyüşlərindən artıq 3 aya yaxın vaxt keçib, MQ isə yalnız indi “ayılaraq”,“sərhəddəki gərginliyə diqqət ayırır” və bunu “intensiv məsləhətləşmə”  adlandırır.   Amma bu cür gecikmiş açıqlamalarda belə ümumi ifadələrə yer verilir. Həmsədrlər iyul döyüşlərinə “xüsusi diqqət yetirsələr” də, bu döyüşlərin motivi, səbəbi, günahkarı və nəticələri haqda heç nə deyə bilmirlər. İndi isə gəlin Tovuz  istiqamətində baş vermiş döyüşlərdən bu günədək ermənilərin sərhəddə törətdiyi   təxribatların xronologiyasına nəzər salaq. İlk olaraq, iyulun 12-dən etibarən Ermənistan tərəfinin atəşkəsi pozması və bunun  nəticəsində 1-i mülki şəxs, 12-si hərbiçi olmaqla 13 vətəndaşımızın həyatını itirməsi. Bir müddət sonra  Ermənistan ordusunun uğursuz hərbi diversiya cəhdi və erməni zabitinin əsir götürülməsi.  Daha sonra,Ermənistanın işğal olun muşərazilərdə qeyri-qanuni olaraq Livan ermənilərini yerləşdirməsi, Ermənistan və Qarabağ separatçıların danışıqların pozulmasına yönəlmiş aqressiv bəyanatları və s.  Burada daha da qıcıqlandırıcı məqam isə ATƏT-in MQ üzvlərindən biri olan Rusiyanın münaqişə tərəflərinin birinə- üstəlik də işğalçı tərəfə hərbi yardım göstərməsidir.  Gedən bütün bu proseslər fonunda  Minsk Qrupu isə demək olar ki, tamamilə fəaliyyətsiz və susqun idi.

      Bütün bunlar bizə onu deməyə əsas verir ki, ATƏT-in Minsk Qrupu passiv, mandatına uyğun fəaliyyət göstərməyən,işğalçı dövlətə qarşı təsirli tədbirlər görülməsi istiqamətində heç bir addım atmağı bacarmayan lazımsız bir qurumdur və o “turist diplomatiyasının bariz nümunəsidir. Bu gün bu qurum hamının nəzərində “Portfelsiz nazir” statusu daşıyır.  ATƏT-in Minsk Qrupu Azərbaycanın Ermənistan tərəfindən hücuma məruz qalmasına, dinc sakinlərin həyatını itirməsinə susur. ATƏT-in Minsk Qrupu  Ermənistanın artıq sübuta yetirilmiş diversiya cəhdini pisləmir.  ATƏT-in Minsk Qrupu  Ermənistanın bütün beynəlxalq norma və konvensiyalara zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində süni və qanunsuz məskunlaşma aparmasına reaksiya vermir. ATƏT MQ faktiki olaraq sülh danışıqlarından çıxdıqlarını bəyan edən Ermənistan rəhbərliyi və separatçıların indiyədək müzakirə olunan sənədləri rədd etməsinə və hətta, yeganə məqbul variantın Qarabağın anneksiyası olduğunu gizlətməməsinə münasibət bildirmir. Bəs onda ATƏT-in MQ bir institut kimi kimə və nəyə xidmət edir və onun fəaliyyətinin əhəmiyyəti nədən ibarətdir?

       Odur ki, ATƏT-in Minsk Qrupu  ilk növbədə özünə bir sual ünvanlamalıdır: o, bir institut kimi kimə və nəyə xidmət edir, onun fəaliyyətinin səmərəsi nədir? O ümumiyyətlə kiməsə lazımdırmı? Bu sual eyni dərəcədə Azərbaycan xarici siyasət idarələrini də düşündürməli və ATƏT-in Minsk Qrupu yenidən formatlanması istiqamətində addımlar atılmalıdır. Beləliklə, bu gün ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi sammitinin çağırılmasına ehtiyac var. O sadə səbəbə görə ki, SSRİ-nin çökməsindən sonra yeni dünya düzənin formalaşmasında üzərinə önəmli məsuliyyət düşən ATƏT-in Minsk Qrupu dalana dirənib və təşkilat öz məramlarına uyğun fəaliyyət göstərə bilmir. Bu qurumun “intensiv məsləhətləşmə” adı altında yenidən başımızın altına yumşaq yastıq qoymasına dözə bilmərik və dözməməliyik. Münaqişə tezliklə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü qeyd- şərtsiz təmin olunmalıdır. Azərbaycan öz ərazilərinə nəzarət haqqını heç kimə verməmişdir və verməyəcəkdir.

Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru

 

Keçidlər