Şriftin ölçüsü :

Saytın rəngi :

“Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir”

21 sentyabr 2020 | 11:00
Azərbaycan dünyada neftin tarixi vətənidir.
1994-cü ildə ölkənin müstəqil inkişafının başlıca vasitəsi kimi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Azərbaycan özünün yeni neft strategiyasını işləyib hazırladı. Bu strategiyanın əsas müddəaları ondan ibarət idi ki, Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının qabaqcıl texnika və texnologiyanın köməyi ilə hasilatı, xarici bazarlara ixrac olunması, satışı və bu sahədən əldə olunan gəlirlər onun bütün problemlərinin həlli üçün əsas ola bilər. Lakin Azərbaycan öz məhdud maliyyə və texniki imkanları ilə Xəzər dənizinin zəngin karbohidrogen yataqlarını işləməyə, kifayət qədər neft və qaz hasil etməyə qadir deyildi. Ona görə də dünya təcrübəsinə müraciət etmək, dünyanın maliyyə vəsaitinə, müasir texnika və texnologiyaya malik olan ölkələri, şirkətləri ilə əlaqə qurmaq, onların bu sahəyə sərmayə yatırmasına şərait yaratmaq lazım idi. Yalnız bu yolla Azərbaycan neft sənayesinə çox böyük məbləğdə xarici sərmayə cəlb edə, neft və qaz hasilatını artıra bilərdi. Heydər Əliyevin qətiyyəti, inandırıcı addımları sayəsində 1994-cü il sentyabr ayının 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici dövlətlərin neft şirkətləri qrupu arasında “Əsrin müqaviləsi” adını almış və 1994-2024-cü illəri əhatə edən Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Bununla da Azərbaycan dövlətinin yeni neft strategiyası rəsmiləşdirildi. Əsrin müqaviləsi” nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatının bütün sahələrində dönüş yarandı və nəhəng layihələrin həyata keçirilməsinə başlandı.
“Əsrin müqaviləsi” Azərbaycana aşağıda göstərilənləri əldə etməyə imkan yaratdı: 1994-cü ildə bağlanmış müqavilə ölkədə sabitliyi təmin etdi, Azərbaycanın hərtərəfli və sürətlə inkişaf etməsi üçün zəmin yaratdı.Müqavilə uzunmüddətli yatırımlar tələb etdiyi üçün xarici şirkətlər və onların təmsil etdiyi dövlətlər stabil investisiya mühitinin qorunmasında maraqlı idilər. Bütün aparıcı beynəlxalq sərmayədarların layihələrə daxil edilməsi Azərbaycanın dünyanın böyük güclərinin geosiyasi maraqlarını balanslaşdıran xarici siyasət məqsədlərinə xidmət edirdi. Bu müqavilə Azərbaycanı yenidən dünyanın neft xəritəsinə yerləşdirdi. Müqavilə eyni zamanda Azərbaycanın qlobal neft bazarına çıxmasına şərait yaratdı və dövlət büdcəsi üçün böyük həcmdə gəlir mənbəyi yaratdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasını hazırda uğurla inkişaf etdirir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırmış və bu sahənin inkişafına dair müvafiq Fərman və Sərəncamlar imzalamışdır. Qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyev 9 il Azərbaycan Respublikası Dövlət Neft Şirkətində vitse-prezident, birinci vitse-prezident vəzifələrində çalışmış, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edərkən bildirmişdir: “Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər bu gün mənə kömək göstərir. Mən şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edirdim və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayırdım. Çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm”.
“Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ölkəmiz üçün olduqca vacib hadisədir. Bununla Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır və artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır.
Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edərkən ölkə başçısı yatağın bizim üçün xüsusiyyətini vurğulayaraq bildirmişdir ki, “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi. Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyusu boş çıxdı. Yenə də deyirəm, biz tam əmin idik ki, burada çox böyük qaz ehtiyatları vardır. Daha sonra ölkə başçısı bildirdi ki, şadam ki, “Total” şirkəti bizimlə eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər imzalandı. Ondan sonra praktiki işlər aparıldı və böyük qaz-kondensat yatağı aşkarlandı. Beləliklə, bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi. Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq.
Ölkə başçısı çıxışında neftçi peşəsinə yüksək qiymət verərək, neftçiləri əsl qəhrəman adlandırdı və bildirdi ki, Azərbaycanın uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır: “Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli peşədir, eyni zamanda, riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır”.
  Daha sonra müstəqillik dövrü ilə öncəki dövrü müqayisə edən ölkə başçısı burada olduqca vacib fikirlər səsləndirmişdir. Belə ki, Cənab İlham Əliyev bildirmişdir: “XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi”. Fikrinin davamında ölkə başçısı vurğuladı ki, “Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi”.
Azərbaycanın müstəqil olmadığını xatırladan Prezident İlham Əliyev o dövrdə  zəngin neft maqnatlarının fəaliyyətinə də toxunaraq, onların xeyriyyəçilik əməllərindən danışdı. Ölkə başçısı xüsusilə Hacı Zeynalabdin Tağıyevin üzərində dayanaraq onun Bakıya Şollar su kəmərini çəkdirməsindən və təhsilə verdiyi əhəmiyyətdən danışdı. Tağıyevin azərbaycanlıların təhsil almasında və Bakının abadlaşdırılmasında xüsusi rolu vardır. Prezident bildirdi ki, Hacı Zeynalabdin Tağıyevin Əliyevlər ailəsinə də köməyi dəymişdir. Belə ki, Tağıyev görkəmli dövlət xadimi Əziz Əliyevin Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumasına kömək etmişdir. İkinci Dünya müharibəsi zamanı Dağıstana rəhbərlik edərkən Əziz Əliyev Şimali Qafqazın digər müsəlman xalqlarından fərqli olaraq dağıstanlıların köçürülməsinin qarşısını almışdır.
  Ölkə başçısının toxunduğu növbəti məsələ İkinci Dünya Müharibəsi dövründə azərbaycanlıların və Azərbaycan neftinin rolu ilə bağlı oldu. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə vermişdir. Amma bu bilərəkdən, şüurlu şəkildə gizlədilirdi.
Çıxışında Sovet dövründə Azərbaycan neftinin istismar edildiyini xatırladan dövlət başçısı Sovet İttifaqı dağılandan sonra Azərbaycanın dağılmış neft infrastrukturu ilə qarşılaşdığını bildirdi. “Mən xatırlayıram, “Neft Daşları”na Prezident kimi ilk dəfə 2004-cü ildə gedəndə ağır vəziyyət idi. Bütün platformalar çürümüşdü, dağılmışdı. Burada işləmək böyük çətinlik, böyük təhlükə yaradırdı. Bunu biz əldə etdik. Neft hasilatı aşağı düşmüşdü, faktiki olaraq qaz hasilatı ölkəmizin tələbatını ödəmirdi. Bakının yarısı qazsız qalmışdı, o ki qaldı, rayonlara, orada ümumiyyətlə, qaz deyilən şey yox idi. Deməli, iqtisadi vəziyyət ağır idi”.
Müstəqillik dövründə isə bu işlərin səviyyəsi göz qabağındadır. Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir.  Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. Amma müstəqilliyə qədər o məktəblər nə gündə idi. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik.
Ölkə başçısının xüsusilə üzərində durduğu məsələlərdən biri də dövlət müstəqilliyimizin əhəmiyyəti ilə bağlı oldu. “Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır”.
Çıxışının davamında neft hasilatının ekoloji problemlərə səbəb olmasından və bu istiqamətdə görülən işlərdən danışan ölkə başçısı olduqca əhəmiyyətli və yeni nəsillər üçü yol xəritəsi olacaq bir fikirdə səsləndirmişdir. “Mən Prezident seçiləndən sonra demişdim, ilk bəyanatlardan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik. Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur. .... Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik”.
Ölkə başçısının səsləndirdiyi bu fikirlər həqiqətən də yeni nəsillər üçün strateji proqram mahiyyəti daşımalıdır. Çıxışında müstəqilliyimizin əhəmiyyətinə, neft strategiyasının əsas məqsədinə və digər bir çox mövzulara toxunan ölkə başçısı hər bir azərbaycanlı üçün miras sayılacaq fikirlər səsləndirmişdir. Bununla ölkə başçısı bir daha geniş vizion sahibi olduğunu və insan amilinin Azərbaycan dövləti üçün ən ali dəyər olduğunu sübut etdi.
Azərbaycan üçün neft məqsəd deyil, daha yaxşı həyat, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir.

Anar Babayev
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər