Şriftin ölçüsü :

Saytın rəngi :

Payızda ikinci dalğa təhlükəsi ....

22 sentyabr 2020 | 11:00

Ölkəmizdə koronovirusla bağlı tətbiq edilən karantin qaydalarında hər keçən gün müxtəlif yumşalmalar həyata keçirilir. Bu günün rəqəmlərini iki ay əvvəl ilə müqayisə etsək nəticələrin qənaətbəxş, görülən tədbirlərin, atılan addımların doğru olduğunu göstərən reallıqla üz-üzə gələrik. Azərbaycanda hazırda bir milyon insan üzərinə düşən günlük yoluxma sayı 15-16-dır. Əlbəttə ki, bu çox sevindirici haldır. Amma bu, bizə arxayın olmaq üçün səbəb verməməlidir. Çünki virusla mübarizədə müəyyən uğurlar əldə edən ölkələrdə belə yumşalma tədbirlərindən sonra yoluxma sayında kəskin artım müşahidə olunur. Buna görə də hər birimiz əvvəlki kimi diqqətli olmalı və qaydalara əməl etməliyik.
Bu günlərdə sərhəd qonşumuz Gürcüstanda COVİD 19-un nəticələrinə baxıldığı zaman bir milyon əhali üzərinə düşən rəqəmlərin bir anda 50-yə qədər yüksəldiyini görürük. Bu kimi hallar pandemiya ilə mübarizədə hələ də hansısa bilmədiklərimizin olduğunu bizə sübut edir. Beləliklə, hətta bütün ölkələrdə müsbət nəticələr əldə olunsa belə biz yenə də ehtiyatı əldən buraxmamalı, mütləq şəkildə qaydalara riayət etməliyik. Bunu bizə həm dünya səhiyyə təşkilatı tövsiyyə edir, həm də dünyanın tibbi reallıqları məcbur edir.
İndiki şəraitdə  hər bir ölkədə, hər bir cəmiyyətdə  ən böyük arzu, qısa müddət ərzində pandemiyaya qarşı uğurlar qazanaraq yumşalmalara getməkdir. O ölkələrdən biri də sözsüz ki, Azərbaycandır. Ümumiyyətlə yəqin ki, hər kəs razılaşar ki, heç bir dövlət karantin rejimini arzulamır. Ən azından ona görə ki, karantin rejimindən sonra pandemiyanın uzun müddət hiss olunacaq iqtisadi təsirləri olacaq. Bu reallıqdır. İnsanların işlərindən, sosial həyatlarından uzaqlaşması dövlət üçün yaxşı heç nə vəd etmir. Məhz buna görə də bəzi dövlətlər iqtisadiyyatı insan həyatından daha üstün tutaraq karantin rejiminə getmədi. Hazırda həmin ölkələrdə vəziyyət göz qabağındadır, yoluxma sayları yüz minlərlədir. Azərbaycan isə bu dövrdə də sosial dövlət olduğunu bir daha təsdiq və sübut etdi ki, Azərbaycan dövləti üçün insan amili hər şeydən vacibdir.
Avqust ayının sonlarından etibarən hökümətimiz son zamanlarda olan müsbət tendensiyanı nəzərə alaraq karantin rejimi tətbiq edilən şəhər və rayonlarda müxtəlif yumşalmalara start verdi. Belə ki, artıq şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olundu, kafe və çayxanaların fəaliyyətinə icazə verildi, həmçinin ölkədaxili gediş-gəliş bərpa olundu. Bununla yanaşı, metronun fəaliyyəti bərpa olunub, məktəblərdə əyani təhsil prosesinə start verilib.
Amma yenə də xüsusilə vurğulamaq istərdim ki, hələ ki, heç bir ölkə üçün karantin rejimlərinin tamamilə aradan qaldırılmasından söhbət gedə bilməz, hələ ki ancaq müəyyən yumşaldılmalardan danışmaq olar. Bu yumşaldılmalar öncəsində hökümətimiz, Operativ Qərargah və aidiyyəti qurumlar dəqiq bir şəkildə vətəndaşların üzərinə düşən məsuliyyəti dəfələrcə onlara izah edərək yumşalmanın davamlılığının saxlanılması, eləcə də yenidən sərt karantin rejimlərinə keçilməməsi üçün vətəndaşların 3 qızıl qaydaya- gigiyena, sosial məsafə və maskanın doğru şəkildə istifadəsi - əməl etməli olduğunu xatırlatdı.
Yumşalmalarla birlikdə qapalı məkanlarda insanların bir-birinə münasibəti ilə bağlı müəyyən qaydalar da qoyuldu. Artıq bu məsələlər ilə bağlı aidiyyəti qurumlar tərəfindən nəzarət mexanizmi hətta inzibati qaydada cəzalar da mövcuddur. Cəmiyyət bundan sonrakı həyatının rahat bir şəkildə, daha təhlükəsiz, daha qorxusuz, daha itkisiz - sadəcə tibbi nöqteyi nəzərdən deyil həm də iqtisadi nöqteyi nəzərdən itkisiz davam etdirmək istəyirsə inzibati cəzaları eləcə də kiminsə gəlib nəzarət etməsini bir kənara qoyaraq qaydalara birbaşa özü əməl etməlidir.
Yuxarıda vurğuladığımız kimi qapanma qərarlarının verilməsi həm dövlət, həm də özəl sektor üçün iqtisadi sıxıntıları da bərabərində gətirir. Böyük zərbələr qarşısında özəl sektora dəstək məqsədilə iqtisadi sıxıntıların bir hissəsini dövlət öz üzərinə götürüb. Amma iqtisadi aktivliyin dayanması uzun müddətdə iqtisadiyyatın kiçilməsinə, gələcək post-pandemiya dövründə fəsadların əmələ gəlməsinə də səbəb ola bilər. Bu səbəbdən birmənalı olaraq ictimai məkanlarda yumşalmalardan sonra, insanların sanki hər şey bitmiş kimi davranmaları bu günə qədərə görülən işlərə, hamımızın səbrlə yaşadığı əziyyətli, məşəqqətli yola böyük zərbədir. Üstəlik bu zərbə sadəcə insan sağlamlığına deyil, onun maddi vəziyyətinə, rifah halına vurulur.
Bir məqama da xüsusi olaraq diqqət yetirmək lazımdır ki, artıq payız fəsli gəlib və bu mövsümdə infeksiyalar təbii olaraq artır. İqlim baxımından ölkəmizin isti havadan soyuq havaya anidən keçid etməsi xəstəliklərin daha da artmasına səbəb olur. Təbii olaraq insanlar keçən illərdə mövsümi qriplərdən qorxmurdu. Demək olar ki, hər il cəmiyyətin minimum 20-25 faizi qrip virusuna yoluxur və bunu keçirir. İndi isə vəziyyət tamamilə fərqlidir. İndi bu adi virus belə böyük təhlükə mənbəyidir. Belə ki, Covid-19-la birlikdə ondan təhlükəli hesab olunan üst tənəffüz yolu infeksiyalarının vermiş olduğu stress nəticəsində insanların əvvəllər etmədiyi qədər daha çox xəstəxanalara mürəciət etməsi ilə üz-üzə qala bilərik.
Yay aylarında belə bir problemlə qarşılaşma yaşanmadı. Sadəcə infeksiyadan şübhəsi olanlar xəstəxanaya yerləşdirilirdi. Payızda isə bu gözləniləndir. Üst tənəffüz yolu infeksiyalarının COVİD-19-la iç-içə girdiyi zaman onu bir-birindən ayırd etmək çətin olacaq. O məqamda böyük kütləvi yoluxmalar nəticəsində xəstəxalanara gələn xəstələrin artması nəticəsində səhiyyə sistemlərində qalıcı travmalara da yaşana bilər. Azərbaycan höküməti bununla əlaqədar bütün hazırlıqları görüb. Hələ mart ayında ölkədə modul tipli xəstəxanaların inşasına başlanır. May ayında hamı fikirləşiridi ki, bu qədər tədbir nəyə lazımdır amma indi məlum olur ki, onlar olmasaydı iyul ayında olan pik alovun qarşısında Azərbaycan səhiyyəsi tab gətirə bilməzdi. Hazırda COVİD-19-a ayrılmış çarpayıların 90 faizindən çoxu boş olsa belə  ola biləcək problemlərin qarşısında yaxşını fikirləşərək, ən pis ssenariyə qarşı hazır olmalıyıq.
Unutmaq olmaz ki, pandemiyaya qarşı mübarizə sadəcə hökümətin və aidiyyəti qurumların məsuliyyəti deyil, bu ən başda cəmiyyətin məsuliyyətidir. Bugün hər bir fərd özündən, ailəsindən və çevrəsindən ötrü məsuliyyət daşımalıdır. Hamı anlamalıdır ki, dövlət hər nə qədər operativ çalışsa da, hər nə qədər düzgün addımlar atsa da pandemiyanın məhv edilməsində insan amili hər şeydən vacibdir. Bu artıq təsdiqini tapmış faktdır. Bir daha xatırladaq ki, bugün biz hər birimiz məsuliyyətli olmalı, pandemiyanın məhv edilməsi üçün 3 qızıl qaydaya- sosial məsafə, gigiyena və qoruyucu maskadan istifadə- riayət etməliyik. Bu hər şeydən öncə bizim vətəndaş borcumuzdur.

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü

Keçidlər