Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəni sevmək və qorumaq müqəddəs borcumuzdur

07 dekabr 2013 | 11:00
   Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindəndir.  Pirallahı rayon orta məktəblərində də şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və bu istiqamətdə müvafiq addımlar atılması məqsədilə vaxtaşırı tədbirlər keçirilir.
  Bu günlərdə 243 №-li orta məktəbin akt zalında  şagirdlərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüş keçirildi. Görüşdə Pirallahı qəsəbəsinin sakinləri-  II qrup əlil Mübariz Xudaverdiyev və Nadir Mahmudov, 1-ci Qarabağ müharibəsində şəhid olmuş Mikayıl Əliyevin anası Gülnisə Əliyeva və Pirallahı Rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və ardınca  Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
  Tədbirdə çıxış edən veteran döyüşçülər Mübariz Xudaverdiyev və Nadir Mahmudov keçdikləri döyüş yolundan, şəhid Mikayıl Əliyevin anası Gülnisə Əliyeva isə oğlu ilə bağlı xatirələrdən söhbət açıblar. Qonaqların çıxışları şagirdlərin böyük marağına səbəb oldu. Çıxışlardan sonra 168 və 243  №-li orta məktəblərin şagirdlərinin ifasında Vətən mövzusunda şeir, mahnı, səhnəcik və kompozisiyalar nümayiş olundu. 243  №-li orta məktəbin dil-ədəbiyyat müəllimi, şairə xanım Şəlalə Şabanova Vətən və Qarabağ mövzusunda yazdığı şeirlərini söylədi.
    Analoji tədbir  Pirallahı qəsəbəsində yerləşən 186 və 168 saylı orta məktəblərdə də keçirilib.  Qeyd olunan məktəblərdə şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları şeir, mahnı və kompozisiyalar nümayiş etdirilib. Şagirdlərin  bilgilərini yoxlamaq məqsədi ilə interaktiv təlim metodundan istifadə etməklə Qarabağ, Şəhidlər və Milli Qəhramanlarımızla bağlı sual-cavab aparılıb.
   Pirallahı rayonunun digər məktəblərində olduğu kimi 235 saylı orta məktəbdə də noyabr ayının 25-dən dekabr ayının 25-nə kimi “Vətənpərvərlik aylığı” qeyd olunur. Məktəbin sinif otaqlarında vətən mövzusunda guşələr hazırlanıb, foyedə Milli Qəhramanlara həsr olunmuş guşədə qəhramanların keçdikləri həyat və döyüş yolu haqqında şagirdlərə məlumat verilib. Vətənpərvərlik mövzusunda inşa və rəsm müsabiqələri keçirilib, videoçarxlar hazırlanıb şagirdlərə nümayiş olunub, şagirdlərin əl işlərindən ibarət sərgi və viktorinalar keçirilib,  şagirdlərinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarəti təşkil olunmuşdur.
Keçidlər