Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Azərbaycanın haqq səsini beynəlxalq tribunadan səsləndirdi: Ermənistan işğalçı dövlətdir

23 sentyabr 2020 | 11:00
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışı bir çox prinsipial əhəmiyyətli məqamları ilə geniş müzakirə və təhlillərə səbəb oldu. Bu çıxış Azərbaycanın mövqeyini, həqiqətlərini və dünya siyasətində xəttini aydın şəkildə ifadə etdi və dövlətimizin prinsipial mövqeyini dünya ictimaiyyətinə çatdırdı.
Qoşulmama Hərəkatına üzv dövlətlərin adından çıxış edən Azərbaycan Respublikasının Prezidenti vurğuladı ki, 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə120 ölkənin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə qərar qəbul olunmuşdur. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Qlobal vəziyyət və siyasətin konkret məqamlarına toxunan ölkə başçımız qeyd etdi ki, insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir.  Beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.
“BMT-nin gücləndirilməsinə və islahata ehtiyac var” fikrini xüsusi vurğulayan Prezident yaranmasının 75-ci ildönümündə BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırdı. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.
Daha sonra Azərbaycan adından çıxış edən ölkə başçımız ölkəmizin mənfəətlərinə hesablanmış prinsipial mövqedən çıxış edərək dünya birliyinə həm Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm də ölkəmizdəki mövcud vəziyyətlə bağlı məlumatlar verdi. Ölkə başçısı bildirmişdir, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur.
İlham Əliyev bir daha əsl liderə və müdrik siyasətçiyə xas şəkildə cəsarətlə bəyan etdi ki, Ermənistan işğalçı dövlətdir. Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanıyır.
Qanunsuz məskunlaşma prosesinə də toxunan cənab Prezident qeyd etdi ki,  Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib. Ermənistan hərbi təcavüzlərində mülki əhalini hədəf seçir. Ermənistan sülh prosesində iştirak etmir və əksinə, vəziyyətin kəskinləşməsinə xidmət edən siyasət yeridir. Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir.
Ermənistanın müharibəyə hazırlaşdığını vurğulayan ölkə basçısı xüsusi olaraq qeyd etdi ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir.
Çıxışının davamında ölkə başçımız Ermənistanda faşizmin dövlət səviyyəsində təbliğ edildiyini vurğuladı və əlavə etdi nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Azərbaycanın prinsipial mövqeyini bildirərək president bəyan etdi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.
Azərbaycan Prezidentinin bu prinsipial çıxışı və beynəlxalq təkilatların, o cümlədən BMT-nin ünvanına söylədiyi haqlı iradları bu qurumun real vəziyyəti obyektiv dəyərləndirərək münaqişənin həlli istiqamətində “deklarativ aldanışlar”dan əməli işə keçəcəyinə, regionda sülh və sabitliyin təmin olunması üçün qəti addımlar atacağına və nəhayət, 30 ildən artıq müddətdir xalqımızı məhrumiyyətlərə düçar edən üzücü Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sürətli həllində iştiraklarına inam yaradır.
Azərbaycan Prezidentinin bu əlamətdar çıxışı yaxın və uzaq qonşularımız, dünya birliyi və beynəlxalq təşkilatlar üçün nəzərdə tutulan mesajları həqiqətən olduqca vacibdir. Bu çıxış əsl dövlət adamının, təcrübəli dövlət xadiminin məsələlərə yanaşma tərzinin və baxışlarının sərrast ifadə nümunəsidir.

Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru

Keçidlər