Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxış edib

23 sentyabr 2020 | 11:00
XX əsrin sonlarında müstəqil dövlətçilik yoluna qədəm qoymuş Azərbaycan azad, demokratik,  hüquqi cəmiyyət quruculuğu yolu ilə irəliləyərək bütün dövlətlər və xalqlar ilə sülh, dostluq və əməkdaşlıq şəraitində yaşadığını, dünya birliyi ilə sıx inteqrasiya xətti tutduğunu bəyan etmişdir və hələ də bu yola sadiqdir. Bu mənada Azərbaycan Respublikası dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa müstəsna əhəmiyyət verir və müstəqillik qazandığı ilk gündən ölkəmiz ilə BMT arasında əlaqələrin yaranması, daim inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün hər cür səylər göstərir.
Azərbaycanın BMT-yə üzv qəbul olunması müstəqillik qazanmış ölkəmizin tarixində mühüm hadisələrdən biridir. Dünyanın ən mötəbər və nüfuzlu təşkilatı olan BMT çərçivəsində çoxtərəfli əməkdaşlıq Azərbaycana nisbətən qısa müddətdə beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə, istər üzv dövlətlər, istərsə də təşkilatın özü ilə sıx əlaqələr yaratmağa imkan verdi.
BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda Prezident İlham Əliyev iki rəsmi statusda çıxış edərək bu gün beynəlxalq münasibətlər sistemində aktual olan bir sıra mühüm məsələlərə toxunub. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin 120 ölkə adından çıxışı böyük əhəmiyyət kəsb etməklə yanaşı həm də ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrliyi uğurla icra edir. Bu uğurlu fəaliyyətin və nüfuzun məntiqi nəticəsidir ki, Azərbaycanın təşəbbüsləri beynəlxalq miqyasda dəstəklənir. 
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı adından etdiyi çıxış Azərbaycana münasibətdə qazanılan hörmətin, inamın və etimadın təzahürüdür. Prezident çıxışında bir sıra vacib məqamlara toxunub. Əvvəlcə qeyd edək ki, məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələlərin və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşayiət olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir. Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Azərbaycan Prezidenti çıxışında bu məsələni qabardaraq BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması və təşkilatın nüfuzunun yüksəldilməsi, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması ilə bağlı  fikirlərini açıqlayıb.
Prezidentin toxunduğu digər bir məsələ isə, bütün üzv dövlətlərin BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyi ilə bağlı olmuşdur. Prezident vurğulamışdır ki, Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasının erməni rəhəbərliyinin sərsəm bəyanatları ilə heçə endiyini, Ermənistanın yeni əraziləri işğal etmək xülyası ilə müharibəyə hazırlaşdığını və BMT-nin qətnamələrinə məhəl qoymayaraq, özünün terrorçu siyasətindən əl çəkməyərək təxribatlara və diversiyalara əl atdığını qeyd etməklə baş verə biləcək hər hansı hərbi əməliyyata görə bütün məsuliyyəti Ermənistanın daşıdığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Münaqişəyə dair Təhlükəsizlik Şurasının qəbul etdiyi 1993-cü il 30 aprel tarixli 822 nömrəli, 1993-cü il 29 iyul tarixli 853 nömrəli, 1993-cü il 14 oktyabr tarixli 874 nömrəli, 1993-cü il 11 noyabr tarixli 884 nömrəli qətnamələrdə, Təhlükəsizlik Şurası Sədrinin 7 bəyanatında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, Dağlıq Qarabağ regionunun Azərbaycana mənsubluğu təsdiq edilmiş, ərazilərin ələ keçirilməsi üçün güc tətbiqinin yolverilməzliyi qeyd edilmiş, Azərbaycanın işğal edilmiş bütün rayonlarından işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi qoyulmuş, qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün şərait yaradılmasının zəruriliyi göstərilmişdir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu.
Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir.
Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir.
Ölkə başçısı İlham Əliyevin iclasda vurğuladığı digər məsələ bu gün bütün dünyada yayılmış pandemiya ilə mübarizə istiqamətində respublikamızda görülən tədbirlər, vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən siyasətin aparılması ilə bağlı oldu. Ötən müddət ərzində atılan addımlarla Azərbaycan dünyaya nümunəvi dövlət kimi özünü təsdiq etdi. Məhz görülən tədbirlərin nəticəsidir ki, ölkəmizdə vəziyyət stabilləşib. Azərbaycanda vətəndaşların təhlükəsizliyini və sosial rifahını qorumaq üçün bütün lazımi tədbirlər görülüb. Bunun üçün Azərbaycan nəinki, koronavirusla mübarizədə uğurlu ölkə kimi, eyni zamanda dövlətimiz bu sahədə artıq model ölkə kimi nümunə göstərilir.
Koronavirus dünyanın 200-dən çox ölkəsinə yayılmaqla milyonlarla insanın sağlamlığını təhlükə ilə üz-üzə qoyub. Dünyanın nəhəng dövlətləri gözlə görə bilmədiyimiz düşmənlə mübarizədə böyük itkilər verməkdədir. Bu gün ABŞ, Almaniya, Fransa, Çin, İspaniya, İran kimi dövlətlərlə müqayisə etdikdə ölkəmizdə COVİD-19-un fəsadlarının çox aşağı səviyyədə olduğunu da müşahidə edirik. Təqdirəlayiq haldır ki, ilk gündən vəziyyəti nəzarətə götürən, qətiyyətli iradəsi, təşəbbüskarlığı ilə koronavirusun ölkəmizdə sürətlə yayılmasının qarşısını almağı bacaran dövlət başçımız var. Pandemiya dövründə Azərbaycan Prezidentinin atdığı addımlar, verdiyi qərarlar nəinki ölkə əhalisinin, həm də bütün dünyanın bir daha rəğbətini qazandı.

İlqam Əskərov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri

Keçidlər