Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var”

24 sentyabr 2020 | 11:00
1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilat olan BMT-nin 75 illiyi ərəfəsində 193 ölkəni özündə birləşdirməklə dünyanın ən iri təşkilatı olan bu təşkilatın Azərbaycanla münasibətlərinin yüksək səviyyədə qurulduğunun şahidi oluruq. Xüsusilə də pandemiya dövründə Qoşalmama Hərəkatına sədr ölkə kimi Azərbaycanın fəaliyyəti BMT ilə münasibətlərin ən yüksək həddə çatmasında ciddi rol oynadı.
Azərbaycan Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlığın tarixinə qısaca nəzər yetirək. 1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdikdən və Sovetlər İttifaqı süquta uğradıqdan sonra, 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 46-cı sessiyasının 82-ci plenar iclasında 46/230 saylı Qətnamə qəbul olunub və səkkiz keçmiş Sovet respublikası ilə birlikdə Azərbaycan Respublikası da Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib. 1992-ci il mayın 6-da isə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərindəki mənzil qərargahında öz daimi nümayəndəliyini açıb.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası və BMT arasında fundmental tərəfdaşlığın əsası qoyuldu.  Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə əməkdaşlıq daha da inkişaf etdirilir. Əminliklə deyə bilərik ki, üzv olduğu gündən Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurmuşdur.
Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bundan əlavə, hazırda Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir. Sədr ölkə kimi Azərbaycanın təşşəbbüsü əsasında Qoşulmama Hərəkatının COVİD-19-a qarşı onlayn formatda bu ilin may ayında Zirvə görüşündə Qoşulmama Hərəkatı adından Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi. Sözsüz ki, bu Azərbaycan Prezidentinə qarşı olan yüksək etmiadın və inamın göstəricisi idi.
Təşkilatın yubileyi münasibətilə 21 sentyabr 2020-ci il tarixdə BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində Yüksək Səviyyəli İclas keçirilib. Ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısının videoformatda iştirak etdiyi görüşdə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri  kimi çıxış edib. Hər iki çıxışında da olduqca vacib məqamlara toxunan ölkə başçımızın çıxışı dünya mediasında da maraqla izləndi.
Qoşulmama Hərəkatına üzv dövlətlərin adından çıxış edən ölkə başçımız demişdir: “Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir”.
Ölkə başçısının çıxışında BMT-nin gücləndirilməsinə və islahatlar aparılmasına olan ehtiyacdan söz açması da olduqca diqqət çəkici və əlamətdar oldu. “Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır, ədalətli, bərabərhüquqlu dünya nizamının və qlobal demokratik idarəçiliyin yaradılması üçün BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunması vasitəsilə multilateralizmin və BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir”.
Bu çağırışlar beynəlxalq aləmdə ölkəmizin söz sahibinə çevrilməsinin, ölkə başçısı İlham Əliyevin isə xalqın liderindən dünya lideri səviyyəsinə yüksəlməsinin bariz nümunəsidir.
Çıxışının davamında dövlət başçımız bu ilin Qoşulmama Hərəkatı üçün də əlamətdar olduğunu xatırlatdı. Çünki, bu il Hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi qeyd edilir.
Daha sonra Azərbaycan adından çıxışa başlayan ölkə başçımız burada da vacib məqamlara toxunaraq həm ölkədəki mövcud vəziyyətlə bağlı, həm də Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz ilə bağlı prinsipial mövqedən açıqlamalar verdi. 
Ölkə başçımız çıxışında bildirdi ki, müstəqillik ən yüksək dəyərdir və davam etdi bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürüblər. Ermənistan isə öz öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq edib,  Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Bundan başqa, Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törədib. 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb. Ermənistan həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Düşmən ölkə Ermənistan mülki əhalini hədəf seçir, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Ermənistanla bağlı son söz olaraq ölkə başçımız demişdir: “Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.
Daha sonra, cənab İlham Əliyev ölkəmizdə pandemiya ilə bağlı aparılan işlər və əldə olunan nəticələrlə bağlı açıqlamalar verdi. “Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib”.
Azərbaycanın  COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə kimi göstərilməsi də ölkəmizin hər gün artan nüfuzuna təsir edən amillərdəndir.
Bütün bunlar ölkəmizin iqtisadi inkişafının nəticəsidir. Son 17 ildə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və ümumi daxili məhsul üç dəfə artmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir.
Xatırladaq ki, 2000-ci ildə Azərbaycan hökuməti Minilliyin İnkişaf Məqsədlərinə (MİM-lərə) nail olmaq öhdəliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması üçün BMT agentlikləri və digər inkişaf təşkilatları ilə tərəfdaşlıq etməyə başlamışdı. Nəticədə yoxsulluğun səviyyəsi son 25 il ərzində kəskin şəkildə azalıb. Azərbaycan hökuməti və BMT tərəfindən həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda İnsan İnkişafı İndeksinin yaxşıya doğru dəyişməsini də qeyd etmək lazımdır. 1995-2015-ci illər arasında bu göstərici təxminən 30% artmışdır. 1990-2015-ci illərdə Azərbaycan Respublikasında adambaşına milli gəlir isə təqribən 87,8% artıb.
Beləliklə, dövlət müstəqilliyini bərpa etdikdən sonra qısa bir müddət ərzində Azərbaycan Respublikası iqtisadi baxımından keçid dövrünü keçən ölkədən gəlirləri orta səviyyədən yuxarı olan və yüksək insan inkişafı indeksinin qeydə alındığı ölkə səviyyəsinədək qalxmışdır. Bu cür irəliləyiş nəticəsində Azərbaycan Respublikası 2011-ci ildə Beynəlxalq İnkişafa Yardım Agentliyini (AİDA) yaratmaqla beynəlxalq və regional miqyasda baş verən proseslərin iddialı və əhəmiyyətli iştirakçısına, habelə humanitar və inkişaf məsələləri üzrə donora çevrilmişdir. Son 25 il ərzində Azərbaycan Respublikası digər ölkələrlə bölüşə biləcəyi zəngin və qabaqcıl təcrübəni, texniki bilikləri, mükəmməl səriştə və bacarıqları əldə etmişdir. Cənub-Cənub Əməkdaşlığı Çərçivəsində Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın öz bilik və təcrübəsini başqa ölkələrə ixrac etmək niyyətini dəstəkləməkdə israrlıdır.
Sevindirici haldır ki, BMT 30 ilə yaxın bir dövrdə müharibə şəraitində yaşayan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir və təcavüzkar Ermənistanı işğalçı dövlət kimi tanıyaraq torpaqlarımızın qeyri-şərtsiz azad olunması istiqamətində Qətnamələr qəbul etmişdir.
Ümid edirik ki, dünya ictimaiyyətinin təzyiqi nəticəsində təcavüzkar Ermənistan öz layiqli qiymətini alacaq və torpaqlarımız sülh yolu ilə azad ediləcəkdir. Bu isə bu il 75 illiyini qeyd etdiyimiz dünyanın ən ali təşkilatının nüfuzunu bir daha artırmış olar.


Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər