Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir”

25 sentyabr 2020 | 11:00

Hər bir xalqın özünəməxsus mədəniyyəti, həyat tərzi və adət-ənənələri mövcuddur. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan digər din və mədəniyyətlərə dözümlülük baxımından dünyanın əksər ölkələrindən sözün yaxşı mənasında fərqlənir. Belə ki, Azərbaycanda tarixən müxtəlif  xalqlar və etnik azlıqlar məskunlaşmış və onlar əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynamış, özlərinin etnik xüsusiyyətlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq günümüzədək yaşatmışlar. Bu gün də ölkəmizdə bu dinlərin tarixi abidələri və zəngin mənəvi irsləri qorunub saxlanılmaqdadır.
Bununla bağlı Ümummilli Lider Heydər Əliyev demişdir: "Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirərsə, bir o qədər zəngin olar”.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural dəyərlərinin qorunması sahəsində həyata keçirilən siyasət hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Cənab İlham Əliyev ölkəmizdə multikulturalizmin inkişaf etdirilməsində və multikulturalizmin ölkənin sosial iqtisadi inkişafında rolunun artırılmasında misilsiz xidmətlər göstərir.
Bəli, əminliklə deyə bilərik ki, hazırda Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Azərbaycan öz ictimai-siyasi və sosial-mənəvi vəziyyəti, yekdil milli-dini-vətəndaş birliyi, tolerant daxili vəziyyəti və s. ilə Cənubi Qafqazın ən sabit və lider ölkəsidir. Azərbaycan Cənubi Qafqazda həm də xristianlıqla İslamın sərhədlərinin bitdiyi və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada inkişaf etdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan olaraq, öz multikulturalist və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilir. Bu istiqamətdə ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət ölkənin regionda geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqaz və Xəzər hövzəsində regional sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir.
Etiraf etmək lazımdır ki, müasir dövrümüzdə buna nail olmaq həqiqətən də asan məsələ deyil. Belə ki, son onilliklərdə informasiya-kommunikasiya texnologiyalarının misli görünməmiş inkişafı informasiyanın əldə olunması, hazırlanması, yayılması ilə bağlı çox böyük imkanlar yaratdığı kimi yeni çağırışlar, təhdidlər də meydana gətirib. Bununla bağlı ilk növbədə onu deyə bilərik ki, dini ekstremist ideologiyalar və cərəyanların ideoloqları çox asanlıqla kütləvi auditoriyaya çıxış imkanları əldə ediblər. Ötən əsrdə buna nail olmaq üçün çox böyük resurslar tələb olunurdusa, hazırda insanlara, geniş auditoriyaya xitab etmək olduqca asanlaşıb. Sosial şəbəkələrin meydana gəlməsi, KİV-in sayının kəskin artması həmin şəxslər üçün yeni tribunalar yaradıb.
Dini ekstremist  cərəyanlar, onların ideoloqları cəmiyyəti ictimai dini zəmində ayrı-seçkilik, təfriqə yaradan zorakılığı təbliğ edən konkret məsələlərə kökləməyə çalışır və mümkün qədər böyük informasiya rezonansına nail olmağa səy göstərirlər. Eyni zamanda, konkret dinin, dini cərəyanın, yaxud sektanın üstün olması barədə KİV və jurnalistlərdən istifadə edərək, rəy yaratmağa, tolerantlıq, multikulturalizm mədəniyyətinin əsaslarını sarsıtmağa çalışırlar.
Qeyd edək ki, bu sahədə Azərbaycan qanunvericiliyi müasir çağırışları kifayət qədər nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu müddəa təkcə qanunda deyil, real həyatda da öz əksini tapmaqdadır. Azərbaycanda hər hansı bir dinin digər dindən üstün olması barədə təbliğatın aparılması qanunla qadağan edilmişdir.
Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər və elmi konfranslar keçirilir. 2010-cu ilin aprelində dünyanın müxtəlif ölkələrini, dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir məhz Bakı şəhərində keçirilmişdir. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü  ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar  Alyansı,  Avropa  Şurası,  Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm  Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. Onu da xatırladaq ki, 2016-cı il ölkəmizdə "Multikulturalizm ili” elan edilmişdir. Bu da bir daha ölkəmizdə multikultural dəyərlərə olan hörmət və tolerant düşüncə tərzinin mövcudluğunun sübutu olmuşdur.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında da multikulturalizmlə bağlı fikirlər səsləndirmiş və ölkəmizin dünyaya dözümlülük və birgəyaşayış nümunəsi təqdim etdiyini əminliklə vurğulamışdır. Ölkə başçısı demişdir: “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik. 2008-ci ildə Azərbaycan tərəfindən başladılmış “Bakı Prosesi” müsəlman dünyası və Avropa arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır, həmçinin BMT tərəfindən dəstəklənir. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə “mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma” kimi tanınmışdır”.
Ölkə başçısının çıxışının davamında Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırlatması və həmin yarışların mədəniyyətlərarası dialoqa mühüm töhfə verdiyini bildirməsi də diqqətçəkən nüanslardan biri idi. Həqiqətən də Azərbaycanın, yəni müsəlman bir dövlətin  Avropa Oyunlarına ev sahibliyi etməsi əsl multikulturalizm nümunəsidir. Avropa Oyunlarının ardınca, 2017-ci ildə ölkəmizdə İslam Həmrəylik Oyunları da uğurla təşkil olundu.  Yəqin ki, uzun illər boyu Azərbaycan bu iki yarışın bir məkanda keçirildiyi yeganə yaşayış yeri olaraq yaddaşlarda qalacaqdır.
Daha sonra, 2016-cı ildə Roma Papasının Azərbaycana səfərini xatırladan ölkə başçısı, Roma Papasının Azərbaycanı “əsl tolerantlıq nümunəsi” adlandırdığını da qeyd etmişdir. “2016-cı ildə Roma Papası Azərbaycana səfər etmişdir. Bu ilin fevral ayında mənim Vatikana səfərim baş tutmuş və orada Papa Fransisklə görüşüm olmuşdur. Görüş zamanı Papa Fransisk Azərbaycanı “əsl tolerantlıq nümunəsi” adlandırmışdır”.
Ölkə başçısının multikulturazlimlə bağlı çıxışı dünyaya bir daha müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə birgə sülh və əmin-amanlıq şəraitində yaşadığını sübut etdi. Həqiqətən də ölkəmiz bu mövzuda dünyaya nümunə ola biləcək bir səviyyədədir. Tarixən ölkəmizdə müxtəlif millətlərin nümayəndələri daim  dinc yaşamışdır və bu ənənə indi də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir. Ölkə başçısının da dediyi kimi, multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Ölkəmizdə də hər bir vətəndaş onun dininə, dilinə, etnik mənsubiyyətinə baxılmadan birlikdə, mehribanlıq və əmin amanlıq şəraitində bir ailə kimi yaşayır. Bu Azərbaycanın ən böyük sərvətidir.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin Şura üzvü

Keçidlər