Şriftin ölçüsü :

Saytın rəngi :

METSAMOR AES regionumuz üçün çox böyük təhlükədir

25 sentyabr 2020 | 11:00
Yerləşdiyimiz regionda ətraf mühitə və əhalinin sağlamlığına ciddi təhlükə yaradan Metsamor Atom Elektrik Stansiyası (AES) Ermənistanda 1976-cı ildən bəri köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərir. Metsamor AES dünyanın ən köhnə nüvə texnologiyası ilə inşa edilib. Bu səbəbdən də dünyadakı ən təhlükəli AES hesab edilir. Daha da dəhşətlisi odur ki, müəssisənin istismar müddəti artıq çoxdan sona çatıb. İstismara verilərkən 30 il ərzində istifadə edilməsi nəzərdə tutulan bu stansiyanın istismar müddəti artıq 40 ili də aşıb.
Metsamor AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il artırılması qərara alınıb. Stansiyanın istismar resurslarının Rusiyanın kredit vəsaitləri hesabına artırılması planlaşdırılır. Metsamor AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb və bir neçə il sonra AES yenidən işə salınıb. Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür. 2026-cı ildən sonra ikinci enerji blokunun istismarının əvvəlcə 5, sonra isə daha 10 il müddətinə uzadılması planlaşdırılır.
Tarixdən və yaşadığımız təcrübələrdən bilirik ki, təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorları daim fəlakətlərə səbəb olub. 1979-cu il martın 28-də ABŞ-ın Tri-Meyl-Aylend AES-də baş vermiş qəza, 1986-cı ildə baş vermiş Çernobıl qəzası, 2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəza hələ yaddaşlardan silinməyib, onların bəlasını bəşəriyyət hələ də çəkməkdədir. Azərbaycan o vaxtkı SSRİ ərazisində baş vermiş Çernobıl qəzasının ağır nəticələrini 35 ilə yaxın müddət keçməsinə baxmayaraq hələ də yaşamaqdadır. Çernobıl əlillərinin və şəhidlərinin taleyi dediklərimizə əyani sübutdur. Beynəlxalq mütəxəssislərin rəyinə görə, Metsamor AES-də qəza olarsa, baş verə biləcək fəlakətin səviyyəsi Çernobıl AES-dəki qorxunc partlayışın nəticələrindən heç də geri qalmaya bilər…
Bunu da vurğulamaq istərdik ki, AES-in idarə edilməsi və tullantıların utilizasiyası ilə bağlı məlumatların olmaması, xüsusən Azərbaycan ərazilərinin işğal edilməsi kontekstində, regionda nüvə təhlükəsizliyinə ciddi təhdid olaraq qalmaqdadır. Böyük ehtimalla deyə bilərik ki, AES-in tullantıları məhz işğal olunmuş ərazilərdə basdırılır və bu proses davam edir.
    Beləliklə, Ermənistandakı istismar müddəti başa çatmış Metsamor AES bütün region üçün təhlükə mənbəyidir. 1976-cı ildə tikilən atom-elektrik stansiyası artıq köhnəlib, müasir standartlara cavab vermir və daha da dəhşətlisi seysmik zonada yerləşir. Onun fəaliyyətinin davam etdirilməsi region üçün ciddi fəsadlar vəd edir.
AES-də təhlükəsizlik sistemi çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra böyük çətinliklə söndürülmüşdü. Onu da xatırladaq ki, Metsamor AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyadan cəmi 500 metrliyindədir. 1988-ci ildə zəlzələ nəticəsində dağılmış Spitak şəhəri Metsamor AES-in cəmi 75 kilometrliyində yerləşir. Seysmik təhlükəni anlayan SSRİ rəhbərliyi Spitak zəlzələsindən sonra “Metsamor” AES-in fəaliyyəti tamamilə dayandırmışdı. Amma enerji böhranını bəhanə gətirən Ermənistan 1995-ci ildə ikinci bloku yenidən işə salıb.   Köhnə, elementar təhlükəsizlik standartlarına cavab verməyən “Metsamor” AES yalnız region ölkələrini deyil, dünya birliyini də narahat edir. Avropa İttifaqı 2000-ci ildə onun fəaliyyətinin dayandırılması müqabilində Ermənistana 138 milyon avro təklif etsə də, Yerevan məbləğin azlığını əsas gətirərək təkliflə razılaşmayıb.
Hətta ən inkişaf etmiş ölkələrdə belə atom stansiyalarının təhlükəsizliyinə təminat olmadığını nəzərə alsaq, Ermənistan kimi aşağı həyat səviyyəsi və kiçik büdcəsi olan bir dövlətin bu çox xərc tələb edən təhlükəsizlik tədbirlərini görməyə nə maddi cəhətdən, nə də texniki-texnoloji cəhətdən hazır olmadığı qənaətinə gələ bilərik. Deməli Ermənistana böyük dövlətlər, o cümlədən Rusiya yardım edəcək. Əgər böyük dövlət yardım edirsə, bu AES-in saxlanmasında onun da böyük maraqları olduğunu deməyə əsas verir. Regionda Türkiyə və Azərbaycan kimi ermənilərin düşmən hesab etdiyi dövlətlərin və xalqların yaşaması bu stansiyadan qonşu ölkələrə qarşı təhdid- təzyiq vasitəsi kimi istifadə olunması fikrini də ağıla gətirir. Ümumilikdə bu stansiya Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsi üçün fəlakətə səbəb ola bilər. “Metsamor” AES Ermənistanın Azərbaycan və Gürcüstanla sərhədindən 120, İran sərhədindən 60, Türkiyə sərhədindən isə cəmi 16 kilometr aralıda yerləşir. Beləliklə, region ölkələri bu beynəlxalq məsələ ilə əlaqədar qəti mövqe bildirməkdən çəkinməməli və  bu məsələnin həllində rol oynamalıdır. Metsamor AES region üçün ciddi təhlükə mənbəyidir, onun fəaliyyətinin davam etdirilməsinə imkan verilməməlidir.
Biz region üçün böyük təhlükə ocağının istismar müddətinin uzadılmasına etiraz edirik və region dövlətlərini, xalqlarını, beynəlxalq təşkilatları, dünya dövlətlərini gələcəkdə baş verə biləcək ağır faciənin qarşısını almaq üçün indidən vahid və rasioanl mövqe və qətiyyət nümayiş etdirməyə çağırırıq.


Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru

Keçidlər