Şriftin ölçüsü :

Saytın rəngi :

Qısa zaman kəsiyində ard-arda mühüm çıxışlar...

26 sentyabr 2020 | 11:00
BMT Baş Assamleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri və daha sonra Azərbaycanın Prezidenti kimi çıxışları sözsüz ki, hər bir azərbaycanlıda böyük qürur hissi yaratdı. Azərbaycanın dünya xəritəsində ərazicə kiçik bir ölkə olmasına və əhalisinin cəmi 10 milyon olmasına baxmayaraq, 120 dövlətin adından söz demək imkanına malik olması və hətta dünyanın ən qlobal problemi olan koronavirus pandemiyasının həlli istiqamətində təkliflər verməsi Azərbaycanın dünyanın siyasi müstəvisindəki rolunun əyani sübutudur.
120 dövlətin yekdil səsi ilə Qoşulmama Hərəkatına sədr seçilmiş Azərbaycan, bu öhdəliyi sadəcə imic üçün üzərinə götürməyib. 2019-cu ildən bu təşkilata sədrlik edən Azərbaycan qlobal əhəmiyyətli məsələlərin həllində Qoşulmama Hərəkatının nüfuzunun və rolunun artmasına mühüm töhfə verib. Prezident İlham Əliyevin Yüksək Səviyyəli İclasda çıxışında qeyd etdiyi kimi qlobal pandemiya dövründə Qoşulmama Hərəkatının sessiyasını onlayn qaydada çağırmaqla Azərbaycan dünya praktikasında bir ilkə imza atmışdır.
24 Sentyabr 2020-ci il tarixində BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları çərçivəsində Azərbaycan Prezidentinin geniş və əhatəli çıxışı beynəlxalq aləmdə sözün əsl mənasında rezonans doğurdu.
Ölkə başçısının çıxışı bir neçə vacib istiqaməti özündə ehtiva etmişdi. Belə ki, Prezident İlham Əliyev diqqəti ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən beynəlxalq hüququn normalarını kobud şəkildə pozan Ermənistanın işğal olunmuş ərazilərimizdə apardığı qanunsuz məskunlaşdırma siyasətinə, həmçinin ölkəmizin əldə etdiyi nailiyyətlərə, BMT-nin bir təşkilat kimi fəaliyyətinə, pandemiya zamanı dünyada baş verən proseslərə yönəltdi.
Çıxışının ilk və daha böyük hissəsini Dağlıq Qarabağ münaqişəsi və bu problemlə bağlı hazırkı vəziyyətə ayıran ölkə başçımız son dövrlərdə regionda baş verən bütün prosesləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini bütün çılpaqlığı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
“Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır” – deyən cənab Prezident,  Azərbaycan ərazisinin təqribən 20 faizinin 30 ildən artıq müddətdir ki, Ermənistanın işğalı altında olduğunu, Ermənistanın BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etdiyini və Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdiyini, nəticədə bir milyondan artıq qaçqın və məcburi köçkün vəziyyətinə düşən vətəndaşımızın olduğunu bildirdi. Dövlət başçısı BMT tribunasından Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini, azərbaycanlı mülki şəxslərə qarşı müharibə və insanlıq əleyhinə cinayətlər törədildiyini və Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakinimizin qətlə yetirildiyini xatırlatdı. 
Daha sonra ölkə başçımız Ermənistanın qanunsuz məskunlaşma siyasəti apardığını, təbii ehtiyatlarımızı istismar etdiyini bildirdi və əlavə etdi ki, Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər.
Çıxışının davamında Ermənistan tərəfinin mülki əhalini hədəf aldığını bildirən cənab İlham Əliyev 2016-cı ilin aprel ayında Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücumu nəticəsində biri uşaq olmaqla, 6 dinc sakinin qətlə yetirildiyini, 26 mülki vətəndaşın yaralandığını, 2017-ci ildə Ermənistanın məqsədyönlü hücumu nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirildiyini və 2020-ci ildə Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimizin və 76 yaşlı mülki vətəndaşımızın həlak olduğunu bildirdi.
Ölkə başçısı bu ilin  iyul ayında Tovuz rayonu istiqamətində gedən döyüşlərdən, erməni diversiya dəstəsinin təmas xəttini keçməyə cəhd etməsindən, erməni tərəfinin əlində olan əsirlərdən danışaraq onlar barəsində də dünya ictimaiyyətinə geniş məlumat verdi.
Prezident BMT tribunasından bəyan etdi ki, Azərbaycan üçün mənasız danışıqlar qəbuledilməzdir və Nikol Paşinyanın bəyanatları danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Cənab İlham Əliyev bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 27 il öncə qəbul etdiyi qətnamələrə də diqqəti cəlb edərək, qəbul edilmiş bu qətnamələrdə erməni silahlı qüvvələrinin dərhal qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılmasının öz əksini tapdığını, lakin Ermənistanın bu qətnamələrə məhəl qoymadığını vurğuladı. Burada maraqlı olan məqam ondan ibarətdir ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. Axı, necə olar bilər ki, BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qərarı 2 saata reallaşdırılır, amma Dağlıq Qarabağla bağlı 4 qətnamə 27-28 ildir yerinə yetirilmir. Əlbəttə ki, Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması bu təşkilatın nüfuzuna ciddi zərbə vurur. Çox maraqlıdır, nəyə görə bəzi hallarda ayrı-ayrı ölkələrə qarşı qısa müddətdə tədbirlər görüldüyü halda, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 822, 853, 874, 884 saylı qətnamələrinin icrası istiqamətində heç bir addım atılmır?
Cənab İlham Əliyevin çıxışında daha bir mühüm məqam işğalçı Ermənistana son aylarda 1000 tondan artıq silah sursat verildiyini bəyan etməsi oldu. Cənab Prezident ölkələri işğalçını silahlandırmaqdan çəkinməyə çağırdı. Silah verən ölkələrin bununla Ermənistanı müharibəyə şirnikləndirdiyini dünyanın diqqətinə çatdırdı və bəyan etdi ki, müharibə başlayarsa bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı da danışan ölkə başçısı ATƏT-in Minsk qrupunun üç həmsədrinin də səylərinin də işğal faktına son qoymağa kifayət etməməsi ilə bağlı oldu. Prezident vurğuladı ki, üç həmsədr yox, Minsk qrupunun 11 üzvünün hər biri bu prosesdə iştirak etməlidir.
Dövlət başçımız iclasda “Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!" dedi və təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan etdi.
Bu çıxış Ermənistanla bağlı dünyaya ciddi mesajların, məlumatların, Ermənistan tərəfdən ciddi təhlükələrin mövcud olduğu çıxış kimi qeydə alındı. Ümumilikdə, cənab Prezidentin BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasdakı çıxışı Azərbaycanın dünyada söz sahibi oluğunu göstərməklə ölkəmizin nüfuzunu daha da artırdı. Prezident İlham Əliyev BMT-də bu çıxışı ilə dünya səviyyəli lider olduğunu bir daha sübut etdi.

Loğman Müslümov
Pirallahı rayon İcra Hakimiyyəti, İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
(dini qurumlarla işin təşkilatçısı)

Keçidlər