Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus pandemiyası ilə intensiv mübarizə aparılır

27 sentyabr 2020 | 11:00
Qlobal pandemiya hər ötən an yoluxma sayını artıraraq dünyanı əsarəti altına almaqda davam edir. Hazırda koronavirus infeksiyası karantin rejimləri tətbiq olunmamışdan əvvəlki sürətinə qayıdıb. Demək olar ki, bir müddət əvvəl yumşalmalara gedən əksər ölkələr yenidən SOS siqnalı verərək, infeksiyanın qarşısıalınmaz bir sürətlə yayıldığı barədə xəbərdarlıq edərək və yenidən sərt karantin rejiminin tətbiqinə başlayıblar. O da reallıqdır ki, bütün ölkələrdə tətbiq edilən yumşalmaları insanlar virusun yox olması kimi anlayaraq, normal həyat şərtlərində yaşamağa başlayır, sosial məsafəni unudur, maska istifadəsinə zərurət görmür və pandemiyanın digər tələblərinə əməl etmirlər. Bu isə qısa zamanda COVİD-19-un yoluxdurma arealını genişləndirir, aldığı canların sayını artırır. Koronavirusdan birdəfəlik qurtuluş yolu isə yalnız peyvəndlə mümkün ola bilər. Yarım ildən çox zaman müddətində 23 potensial peyvənd hazırlanıb, amma təəssüf ki, hələlik COVİD-19-a qarşı tam dəqiq və keyfiyyətli peyvənd əldə edilməyib. Azərbaycanda da qlobal pandemiya ilə mübarizə davam etdirilir. Dövlətimiz epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün demək olar ki, bütün qüvvələrini səfərbər edib. Mərhələli şəkildə koronavirusa qarşı həyata keçirilən effektiv tədbirlər isə öz müsbət nəticəsini verir. Buna görədir ki, hazırda da koronavirusun ilkin mərhələsində olduğu kimi, virusa yoluxanların sayında azalma, sağalanların sayında isə artım müşahidə olunur. Yəqin ki, hər bir kəs razılaşar ki, infeksiyaya yoluxma ilə bağlı stabilləşməyə zamanında atılan qabaqlayıcı addımlar səbəb oldu. Sərt karantin rejiminin tətbiqi virusu nəzarətdə saxlamağa, daha geniş yayılmasının qarşısını almağa imkan verdi. Eyni zamanda səhiyyə sahəsində yaradılan möhkəm maddi-texniki baza, modul tipli xəstəxanaların inşası, müasir laboratoriyaların quraşdırılması xəstəliyin erkən aşkarlanmasına və yoluxan şəxslərin tibb müəssisələrində müalicə almasına şərait yaratdı.Ölkəmizdə yeni növ koronavirusa qarşı əldə olunan nailiyyətlərin əsasında isə vətəndaşların qoyulan qaydalara əməl etməsi durur. Bu bir reallıqdır ki, əhalimizin qaydalara əməl etməsi sayəsində yoluxma sayında sabitləşməyə nail olunub, hətta rəqəmlər müsbətə doğru dəyişib.Eyni zamanda ictimai nəzarətçiyə çevrilib ətrafımızdakıların da maksimum dövlətimizin qoyduğu tələblərə əməl etməsinə nail olmalıyıq. Rastlaşdığımız qanun pozuntuları ilə bağlı mütləq aidiyyəti üzrə məlumat verməliyik. Kütləvi yerlərdə, xüsusilə yas mərasimlərində iştirakdan çəkinməliyik. Çünki ölkəmizdə bu mərasimlər zamanı yoluxmaların çox olduğu da faktdır.
   Təbii ki, heç kəs karantin rejiminin tətbiqindən, doğmaları ilə birgə şadlıq etməməkdən, əzizlərinin yas mərasimində iştirak etməməkdən, istirahət etməməkdən və s. məmnun deyil. Amma dünyanın hər yerində koronavirusun yaratdığı təhlükəli vəziyyət bunu tələb edir.Dövlətimiz tərəfindən də bu istiqamətdə atılan bütün addımlar, görülən tədbirlər, tətbiq olunan karantin rejimləri maksimum insan təmasını azaltmaq və bu sayədə virusun ölüm zəncirini qıraraq təhlükəsizliyimizin, sağlamlığımızın qorunması məqsədini daşıyır.
Avstriya kansleri Sebastian Kurts hazırda koronavirusa yoluxma ilə bağlı artımı pandemiyanın ikinci dalğasının başlanğıcı kimi dəyərləndirib. Kurts qeyd edib ki, ötən günlərdə Avstriyada koronavirusa yoluxma halları kəskin şəkildə artıb. Avqust ayının əvvəlində gündəlik yoluxma hallarının sayı 100-dən aşağı olduğu halda, iki həftə əvvəl bu göstərici 350-yə qalxıb və hazırda 1000 nəfərə çatıb. Avstriyada koronavirusa yoluxma halları əsasən paytaxt Vyanada, eləcə də Aşağı Avstriya və Tirol federal əyalətlərində qeydə alınır. Gündəlik yoluxma hallarının təxminən yarısı Vyana şəhərinin payına düşür və artıq İsveçrə Vyananı riskli regionlar siyahısına daxil edib, Almaniyanın da yaxın günlərdə eyni addım atacağı gözlənilir.
İsveçrənin ardınca Almaniya və Belçika da Avstriyanın paytaxtı Vyana şəhərini koronavirusa yoluxma ilə bağlı riskli regionlar siyahısına əlavə edib. Vyana kimi riskli regionlardan gələnlər ölkəyə daxil olarkən ya mənfi PCR testi təqdim etməli, ya da iki həftəlik ev şəraitində karantində olmalıdırlar. Sentyabrın 5-dən etibarən Vyana şəhərində hər 100 min nəfərə gündəlik 50-dən artıq yoluxma halının qeydə alınması belə bir qərarın qəbul edilməsinə səbəb olub.
Avstriyanın Xarici İşlər naziri Aleksander Şallenberq müxtəlif ölkələr tərəfindən verilən qərarı şərh edərkən qeyd edib ki, Avstriya hökumət bu kimi qərarlara diqqətlə yanaşır və bütün ölkənin deyil, yalnız yoluxma hallarının çox olduğu regionların qırmızı zona elan edilməsini müsbət hal kimi dəyərləndirir. Bu addım Avstriyada yoluxmanın az olduğu regionlardakı insanların qeyd edilən ölkələrə sərbəst gediş-gəlişinə maneə törətmir .
Koronavirus pandemiyası dünyadakı vəziyyəti kökündən dəyişmiş, nəticədə yeni reallıqlar meydana gəlmişdir. İlkin olaraq virusun inkişafda olan ölkələrə təsir edəcəyi gözlənilirdi. Lakin pandemiya inkişaf etmiş ölkələrə də ciddi təsir etmişdir. Bu, virusun sərhəd tanımadığını bir daha sübut edir. Biz pandemiyanın öhdəsindən yalnız qarşılıqlı dəstək və birgə səylərlə gələ bilərik.Azərbaycan virusun yayılmasının qarşısını almaq üçün zamanında zəruri addımlar atmışdır. Azərbaycan tərəfindən “Minilliyin İnkişaf Məqsədləri”nə nail olunması və “Dayanıqlı İnkişaf Məqsədləri” istiqamətində əldə edilmiş tərəqqi ona pandemiya ilə səmərəli mübarizə aparmağa imkan vermişdir. Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmiş və yenidən qurulmuşdur, son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir.Görülmüş tədbirlər nəticəsində ölkədə COVİD-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın həyatı və sağlamlığı bizim üçün prioritet təşkil edir. İqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir.2019-cu ilin dekabr ayında Çində başlayan yolxucu Covid-19 virusu sürətlə planetin bütün ölkələrinə yayılmağa başlamışdı. Dünyanın ən inkişaf etmiş super dövlətləri belə bu xəstəlik qarşısında çox pis nəticələrlə üz-üzə qaldığı halda dövlət tərəfindən insanların sağlamlığını və həyatını qorumaq məqsədilə lap əvvəldən məhdudlaşdırıcı tədbirlərin görülməsi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi diqqət və həssaslığın müsbət səyi nəticəsində Azərbaycan bu xəstəliklə mübarizədə çox böyük uğurlar əldə etmişdir. Vaxtında verilən düzgün qərarlar ölkəmizi bu xəstəliyin ağır nəticələrindən qorumuşdur. Ölkədə karantin rejiminin tədbiq olunması dövlətin bütün resurslarını səfərbərliyə alması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati işlər görülmüşdür. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salınmışdır. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınmış və hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır
      Cənab Prezident 7 may 2020-ci ildə modul tipli ilk xəstəxana kompleksinin açılışını etmişdir. Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus 12 may 2020-ci ildə cənab İlham Əliyevə ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib. Azərbaycan dövləti ilk növbədə, milli səviyyədə işləməklə, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə müsbət töhfələr verməkdə davam edir. Məktubda Baş direktor  COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda, o, Azərbaycan Respublikası Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib.
          Bu xəstəliyin vurduğu maliyyə-iqtisadi böhranından ən az zərərlə ölkəmiz  çıxmağı bacarmışdır. Koronavirusdan daha çox zərər görən sahələrdə işləyən insanlara yardımlar edilmiş, həmin insanların işləmək imkanından məhrum olduqları nəzərə alınaraq, onların əməkhaqqının mühüm hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin dövlət sektorunun məcburi məzuniyyətə göndərilən işçiləri əməkhaqqını tam həcmdə ödənilir, aşağı gəlirli insanlar kateqoriyasına aid olan 600 min nəfərə, o cümlədən işsizlərə, qeyri-formal sahədə məşğul olanlara da dövlət tərəfindən sosial müavinət ödənilir. İşsizlərin sayının kəskin artmasına yol verməmək məqsədilə bu il haqqı ödənilən 90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul olunub, habelə Azərbaycanda 80 mindən çox ailə ünvanlı sosial yardım alacaq, buraya vergi güzəştlərini, vergi tətillərini, kommunal ödənişlər və bank kreditləri xidmətlərində müəyyən güzəşt şərtlərini də əlavə edə bilərik. Karantin dövründə maddi təminatı zəif olan bütün vətəndaşlara ərzaq yardımı edilmiş və tibbi gigeynik vasitələr paylanılmışdır. Beləliklə, Azərbaycan dövləti məqsədyönlü, sistemli fəaliyyət göstərir. İlk növbədə, bu, insanların sağlamlığı və təhlükəsizliyidir. İkinci növbədə, bu, iqtisadi inkişaf, habelə əhalinin sosial müdafiəsidir. Həmçinin beynəlxalq əməkdaşlıqla bağlı məsələlər Azərbaycan tərəfindən ən məsuliyyətli şəkildə başladıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir.
  

Samir Hüseynov

Keçidlər