Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında təhsilin inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətidir

27 sentyabr 2020 | 11:00

İnkar edilməz faktdır ki, müstəqillik xalqın keçdiyi inkişaf yolunda zirvədir. Dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmayan olduqca vacib bir hadisədir. Tarixdə vaxtilə dövləti olan, sonra müxtəlif səbəblərdən varlığına son qoyulan ölkələr də, öz suverenliyini hissə-hissə itirən müstəqil dövlətlər də az deyildir. 29 il əvvəl Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi şanlı tariximizə qızıl hərflərlə yazılmış ən qürurverici hadisədir. Yəqin ki, bir çoxlarımızın hələ də yaddaşındadır ki, müstəqilliyin ilk illərində Azərbaycan çox ciddi sınaqlarla üz-üzə qalmışdı. O dövrdə ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının dağılması tendensiyası hökm sürürdü, bununla yanaşı dərsliklərin şagirdlərə pulsuz verilməsi dayandırılmış, uşaqların icbari təhsilə cəlb olunması səviyyəsi aşağı düşmüşdü. Ən qabiliyyətli, bilikli, savadlı təhsil işçilərinin, xüsusilə ali məktəb müəllimlərinin müxtəlif peşələrə, xarici ölkələrə axını başlanmışdı. Bu tendensiya ancaq Ulu  öndərin hakimiyyətə qayıdışından sonra dayandı. Ölkəmizi çətin vəziyyətlərdən xilas edən ümummilli lider Heydər Əliyev ölkədə bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşdı. Heydər Əliyevin təhsilimizə göstərdiyi bütün qayğının arxasında Onun "Təhsil millətin gələcəyidir" fikri durmuşdu.
Azərbaycanın müstəqilliyinin ilk illərinə nəzər saldıqda,  təhsil sahəsində həqiqətən də müxtəlif çətinliklərin və problemlərin yaşandığını müşahidə edirik. Bu problemlər məktəblərin yenidən qurulmasında, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsində özünü göstərirdi. Təbii ki, bütün bunları nəzərə alınaraq, yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması və digər yüksək səviyyəli işlərin icrası ardıcıl və nizamlı şəkildə aparıldı və hal-hazırda da bu işlər davam etdirilir.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev də ulu öndərin siyasi kursuna sadiq qalaraq, digər sahələrlə yanaşı, təhsilimizə yüksək qayğı göstərir. Belə ki, cənab Prezident İlham Əliyev təhsillə bağlı bir çox Sərəncam və Fərmanlar imzalamışdır. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır. Bununla yanaşı, təhsilin normativ hüquqi bazası təkmilləşdirilir, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 3700-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Qeyd edək ki, bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almış və yenidən inşa edilmişdir.Əlavə olaraq, bütün ali məktəblərin müasir texnika və avadanlıqla təchiz olunması üçün də xeyli iş görülüb.
Azərbaycan məktəbi bu gün həm də məzmunca yeniləşir və modernləşir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan tələblərə uyğun olaraq ölkəmizin təhsil sistemində uğurlu islahatlar həyata keçirilir. Məqsəd milli təhsilimizi ən yüksək dünya standartları səviyyəsinə çatdırmaqdır.
Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təminedən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Nəhayət, beşinci strateji istiqamət isə Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır.
Təhsil sisteminin inkişafında tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən olunması, həmçinin tədris metodlarının mükəmməl tətbiqi də başlıca meyarlardan hesab olunur.  Bəllidir ki, təhsil sistemimiz bugün beynəlxalq standartlara doğru böyük addımlarla irəliləyir və dünya ölkələrinin qabaqcıl təcrübəsindən daha çox bəhrələnir. Bu bəhrələnmə Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsində və regionumuzda həyata keçirilən mühüm beynəlxalq layihələrdə dünya standartları səviyyəsində təhsil alan milli kadrların çalışmasına zəmin yaradır. Belə kadrların çoxalması və dövlətimizin müxtəlif idarəçilik, sənaye və təsərrüfat sahələrində yerləşdirilməsi milli maraqlarımıza cavab verən amillərdəndir. Ölkəmizdə təhsil sisteminin inkişafı, ümumiyyətlə bu yöndə görülən işlər və atılan addımlar bu sahənin bugünkündən daha çox gələcək inkişaf perspektivləri üzərində qurulub, kəmiyyətə deyil, keyfiyyətə hesablanıb. Ona görə də keyfiyyət meyarlarına köklənən təhsilli gələcəyimiz-təhsillə gələcəyimizdir. Bu gələcək Azərbaycanın təhsilli sabahıdır.
Prezidenti İlham Əliyev 15 Sentyabr 2020-ci il tarixdə yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə təhsil işçilərinə və məktəblilərə etdiyi müraciətdə təhsilə yüksək qiymət verərək, təhsilin ölkənin inkişafında olan mühüm rolu ilə bağlı fikirlərini bildirmişdir: “Hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı”.

Elturan Həşimov
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər