Şriftin ölçüsü :

Saytın rəngi :

Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

28 sentyabr 2020 | 11:00
27 Sentyabr tarixində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Son məlumatlara görə mülki əhali arasında yaralananların sayı artıq 19-a çatıb.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.
Müdafiə Nazirliyindən və Prezident Adminstrasiyasından verilən rəsmi məlumatlara görə düşmənin ön xətti yarılıb və 7 kəndimiz erməni işğalından azad olunub. Ordumuzun daha bir vacib uğuru Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsi oldu. Həmin yüksəkliklərə nəzarətin əldə olunması ilə Ermənistandan işğal altında olan ərazilərə hərbi yüklərin daşınmasının qarşısını alınır və Ordumuz olduqca böyük və əhəmiyyətli üstünlük əldə edir.
Bu hadisələr bir daha onu göstərdi ki, Ermənistan işğalçıdır. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirib.
Olduqca sevindirici haldır ki, Azərbaycan xalqının artıq 30 ilə yaxındır ki, gözlədiyi xəbərlər nəhayət gəlir. Cəbhədən ard-arda gələn məlumatlar hər birimizdə böyük fərəh, qürur və sevinc yaradır. Azərbaycan əsgəri öz əzmkarlığı və rəşadəti ilə cəbhədə dayanmadan irəliləyir. Beləliklə, Azərbaycan öz əzəli torpaqlarına qayıdışın ilk addımlarını atır. Qələbənin ayaq səslərini artıq hər birimiz eşitməyə başlamışıq.
Xüsusilə vurğulamaq istərdim ki, cəbhədə gedən proseslərlə bağlı ölkə daxilində lazımsız iğtişaşların yaranmaması və hansısa anti-Azərbaycan dairələrin ölkədə bilərəkdən dezinformasiya yaymasının qarşısının alınması məqsədilə ölkə daxilində internetin verilişində məhdudiyyətlər tətbiq olunur. Bizdə öz növbəmizdə, əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq. İnformasiya axışı ancaq rəsmi orqanlar vasitəsilə aparılmalıdır.
Dünən səhər saatlarından etibarən Müdafiə Nazirliyi və Prezident Adminstrasiyasından Azərbaycan xalqına vaxtaşırı məlumatlar verilir və hər kəsdən xahiş olunur ki, rəsmi olmayan məlumatlara etimad olunmasın.
Ölkə başçımız səhər saatlarında ilk öncə Azərbaycan xalqına müraciət etdi və daha sonra Təhlükəsizlik Şurasının iclasını keçirdi. Hər iki nitqində də olduqca vacib açıqlamalar verən cənab İlham Əliyev öz qətiyyəti və inamlı çıxışı ilə xalqımıza, mənfur düşmənə və bütün dünyaya açıq bir mesaj verdi. Biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının iclasının bir hissəsi ictimaiyyətə təqdim olunsa da, bir hissəsi hərbi sirr təşkil etdiyindən qapalı rejimdə keçirildi.
Ölkə başçısı çıxışında ilk olaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini vurğulayaraq, bunun Ermənistanın faşist mahiyyətinin göstəricisi olduğunu bildirdi. Təxribatın daha öncədən planlaşdırılmış olduğunu deyən dövlət başçımız bu məsələ ilə bağlı bir neçə dəfə həm televiziya kanallarına müsahibə verərkən, həm də BMT kürsüsündən fikirlərini bildirdiyini xatırlatdı. Beləliklə, çoxda uzaq olmayan keçmişə nəzər salaq.
Ölkə başçısının 24 sentyabr tarixində BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları çərçivəsində etdiyi çıxışdan sitat: “Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik”. Əlavə olaraq - 25 Sentyabr tarixində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən ölkə başçısı bir daha bənzər fikirləri dilə gətirmişdir. “Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”. Və artıq ölkə başçısının sözləri  öz təsdiqini tapdı. Düşmən üst-üstə ağır itkilər verərək geri çəkilməyə başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib.
Təhlükəsizlik Şurasının iclasında ölkə Prezidentinin səsləndirdiyi daha bir fikir Ermənistanın niyyətinin Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaq istəməsi ilə bağlı oldu. Ancaq əminliklə deyə bilərik ki, Ermənistan yenə də istəyinə nail ola bilmədi. Ölkə başçısının da dediyi kimi - hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər.
İclasda, Azərbaycan Prezidentinin xalqın mütəmadi olaraq məlumatlandırılması ilə bağlı göstəriş verməsi də diqqət çəkən məqamlardan biri oldu. Məlumdur ki, opponentimiz Ermənistan ölkəsi daxilində iğtişaşların yaranmaması, bəlkə də öz kreslosunu silkələməmək üçün münaqişə ilə, itkilərlə və qarşı tərəfin uğurları və itkiləri ilə bağlı daim  yalan və əsassız məlumatlar yayaraq bilərəkdən kirli informasiyanın yayılmasına şərait yaradır. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkə Prezidenti xalqın Orduya və Ali Baş Komandana olan etimadından şübhə etmir və xalqa tam arxalanır. Beləliklə Azərbaycanda hətta ən çətin vəziyyətdə belə xalq-iqtidar birliyi maksimum səviyyədədir.
Vurğulamaq istərdim ki, xüsusən Tovuz hadisələrindən sonra on minlərlə insanın orduya könüllü kimi yazılması da vətənpərvərliklə yanaşı, orduya olan inamdan da irəli gəlir. Eləcə də bu gün mülki əhalinin təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı da Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamın daha bir təzahürüdür. Yüksək əhval-ruhiyyəsi, əzmkarlığı ilə seçilən Ordumuz düşmən təxribatının qarşısını layiqincə alır və xalqa sarsılmaz güvən verir.
Sonda bir daha vurğulamaq istərdim ki, biz Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq. Ölkə başçısının da dediyi kimi bu əks-hücum əməliyyatı ədalətsizliyə, 30 ildir davam edən işğala son qoyacaq. Azərbaycan öz əzəli torpaqlarına qayıdacaq.
Tanrı Səni qorusun Azərbaycan Əsgəri.


Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin Şura üzvü

Keçidlər