Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!”

28 sentyabr 2020 | 11:00
Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdir ki, davam edən hərbi təcavüzü və təxribatları ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi ilə nəticələnmişdir. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri, 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi və çoxsaylı mədəniyyət sərvətlərimiz talan və məhv edilmişdir. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılıq və təcavüzkar fəaliyyətləri hələ də davam edir.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması nəticəsində mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananlar oldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi.
Hazırda ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilir və onların hərəkət trayektoriyasına nəzarət aparılır. Məlumat üçün bildirək ki, Müdafiə Nazirliyi tərəfindən dünən gecə saatlarında verilən açıqlamaya görə düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itki var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib.
27 sentyabr tarixində cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıyır. Bir şeyə də xüsusilə diqqət çəkmək istərdim ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan mülki əhaliyə qarşı müharibə aparmır. Milli ordumuz mülki əhalini atəşə tutmur.Bizim hədəfimizdə ancaq düşmənin silahlı qüvvələri var.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mövqeyi vəziyyətdən asılı olmayaraq hər zaman qorunulur. 27 sentyabr tarixində baş vermiş hadisələr də bunun sübutudur.
Hazırda ölkədəki mövcud vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  2020-ci il sentyabrın 27-də “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalamışdır. Fərmana əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Komendant saatının tətbiq edildiyi ərazilərdə: şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir; xüsusi giriş-çıxış rejimi tətbiq edilir, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülməlidir. Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilir.
Qeyd edək ki, belə həssas zamanda mənfur düşmən dövlətimizə qarşı aktiv və provakativ informasiya müharibəsi aparır. Ermənilər və ermənipərəst qüvvələr internet mediada, sosial şəbəkələrdə, bloqlarda, forumlarda Azərbaycana qarşı dezinformasiyaları dövriyyəyə buraxır, əsassız, həqiqətə uyğun olmayan məlumatlarla beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar. Biz də öz növbəmizdə buna icazə verməməli, ancaq rəsmi məlumatlara istinad etməli və ajiotaj yaradacaq, rəsmi olmayan məlumatların yayılmasından uzaq durmalıyıq. Eyni zamanda xüsusilə xarici ölkələrdə yerləşən diasporlar və gənclik təşkilatları maksimum aktivlik göstərməli və həqiqətlərin dünyaya çatdırılmasında iştirak etməlidir. Çünki, müharibə sadəcə səngərdə, əldə silahla aparılmır, müharibə eyni zamanda mediada, sosial şəbəkələrdə və  bütün müstəvilərdə aparılır. Biz bugün sadəcə səngərdə qalib gələ bilmərik, biz həm də beynəlxalq müstəvidə qalib gəlməliyik.
Azərbaycan xalqı öz çoxminillik tarixində bütün müharibə və döyüşlərdə böyük şücaət nümayiş etdirmiş, ən çətin mərhələlərdə ona qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlərin qarşısını qəhrəmanlıqla almışdır. Əminik ki, bu gün də Azərbaycan öz ərazi bütövlüyü uğrunda girdiyi bu savaşdan qalib çıxacaq və öz ərazi bütövlüyünü nəhayət bərpa edəcək. Ölkə başçısının da dediyi kimi: Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

YAP Pirallahı rayon təşkilatının könüllüsü  Samir Hüseynov

Keçidlər