Ərazi bütövlüyümzün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz şanlı Azərbaycan Ordusu və bu orduya rəhbərlik edən güclü Ali Baş Komandandır
30 ilə yaxın bir zamandır ki, Azərbaycan xalqı Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticələrindən əziyyət çəkir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin həlli ilə bağlı dəfələrlə beynəlxalq birliyə, beynəlxalq təşkilatlara çağırışlar edib, ən yüksək tribunalardan Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb. Ölkə başçısı çıxışlarında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarından birmənalı olaraq qeyd-şərtsiz çıxarılmasının təmin olunmasını tələb edib. Təəssüf hissi ilə qeyd etməliyik ki, artıq 30 ilə yaxındır ki, bu istiqamətdə beynəlxalq birlik tərədindən bir addım belə atılmayıb. Beynəlxalq birlik işğalçını dayandırmaq, sahibi olduğumuz-qanuni ərazilərimizin BMT-nin uyğun sənədləri və qətnamələri əsasında geriyə-özümüzə qaytarılmasını təmin etmədi. Bu cür münasibətə öyrəşmiş və bundan azğınlaşmış Ermənistan tərəfi də işğalçılıq siyasətini günü-gündən genişləndirməyə davam etdi. 2018-ci ildə hakimiyyətə gəlmiş Nikol Paşinyan bu etinasızlıqdan bir növ şirniklənib Azərbaycanın sərhədlərində və cəbhə xəttində öz təxribatçı əməllərini daha intensiv-daha azğın şəkildə həyata keçirməyə başladı.
Azərbaycan Prezidenti ən ali tribundan- BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videoformat şəklində çıxış edərkən dünya birliyinə, dünya ictimaiyyətinə bir daha çağırış edərək bildirdi ki, düşmənin təxribatlarının qarşısı alınmalıdır. Dövlətimizin başçısı ölkəmizin prinsipial mövqeyini dünyanın ən ali kürsüsündən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı və Ermənistanın təcavüzkar mahiyyətini, işğalçı siyasətini və planlarını növbəti dəfə ifşa etdi. Azərbaycan Prezidentinin bu müraciətindən hələ çox keçməmiş- 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin təxribatı daha da intensivləşdi. Bu təxribat zamanı düşmən tərəf cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu.
Şanlı Ordumuzun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması, həmçinin işğal altındakı bir sıra əraziləri, strateji yüksəklikləri azad etməsi bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Həmin gün cənab prezidentin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi “Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir” fikri Azərbaycan xalqının ürəyindən, qəlbindən gələn bir çağırış oldu. Dağlıq Qarabağ bizim milli mövzumuzdur və bu mövzuda statusundan, cəmiyyətdəki mövqeyindən, baxışından, siyasi iradəsindən asılı olmayaraq damarlarından azərbaycanlı qanı axan hər bir kəs yekdil bir fikirdədir: Azərbaycan torpaqları düşmən işğalından azad olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu gün çox böyük qürur hissi ilə demək lazımdır ki, bizim bu istəyimizi, bu arzumuzu, cənab prezidentin də qeyd etdiyi kimi bu tarixi vəzifəmizi həyata keçirəcək güclü ordumuz və çox böyük siyasi iradəyə malik Ali Baş Komandanımız var.
27 Sentyabr tarixli Təhlükəsizlik Şurasının iclasında Cənab prezidentin xüsusi olaraq üzərində dayandığı bir məsələ də Azərbaycanın ordu quruculuğu ilə bağlı oldu. Bu gün Azərbaycan Ordusu erməni təxribatına layiqincə cavab verir, əks-həmlə hücumlarında möhtəşəm uğurlar qazanır. Şanlı Ordumuz əks hücumların elə ilk günü-27 sentyabr tarixində 7 kəndimizi və 1 yüsəkliyi işğaldan azad etdi. Sözsüz ki, bu tarixi nailiyyətdir və bu nailiyyətin ardı gələcək.
Baş verən hadisələr fonunda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi” haqqında Fərman imzaladı. Fərmana görə, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. Qeyd edək ki, ölkədə hərbi vəziyyətin elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə işarə edir. Bu həm də erməni təxribatlarına adekvat cavabdır.
Hərbi vəziyyət zamanı xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi, xüsusi iş rejiminə keçid, karantin rejimi, təhsil müəssisələrinin xüsusi iş rejimi və ya fəaliyyətinin dayandırılması, əhalinin, maddi və mədəni sərvətlərinin təhlükəsiz rayonlara təxliyə olunması, istənilən idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılması mümkündür. Hərbi vəziyyətlə bağlı qanunvericiliyi pozanlar isə İnzibati Xətalar, Cinayət və Mülki məcəllələrlə məsuliyyət daşıyırlar.
Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz şanlı Azərbaycan Ordusu və bu orduya rəhbərlik edən güclü Ali Baş Komandandır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Azərbaycan xalqı torpaqlarını işğaldan azad etməyə hər zaman hazırdır. Ölkədə hərbi vəziyyətin elan olunması və bununla bağlı ölkə başçısı tərəfindən imzalanan Fərmanın xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır.
Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Azərbaycan Ordusu çox güclü, peşəkar və qüdrətlidir. Silahlı Qüvvələrimizin düşməni ağır itkilərə məruz qoyaraq əldə etdiyi qələbələr də bunu deməyə tam əsas verir. Bu gün bizim üçün, hər bir azərbaycanlı üçün tarixi bir gündür. Hamımız əminik ki, torpaqlarımızın azad olunacağı gün heç də uzaqda deyil. Beləliklə, Azərbaycanda həmişə olduğu kimi bu gün də xalq-ordu-dövlət birliyi sarsılmazdır. Sentyabrın 27-də səhər saatlarında Ermənistanın hərbi təxribatlarının artdığı dövrdə bütövlükdə xalqımız Azərbaycan Prezidentinə, Silahlı Qüvvələrimizə dəstək nümayiş etdirdi və hələ də qeyd-şərtsiz davam etdirir. Biz məhz bu birliyin nəticəsində qələbəyə nail olacağıq.
Azad Namazov
YAP Pirallahı rayon təşkilatının könüllüsü