Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentinin yanındadır

29 sentyabr 2020 | 11:00
Son vaxtlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışları əsasında ölkədə yeni bir siyasi mühit formalaşmaqda, siyasi partiyalarla iqtidar arasında dialoq dəstəklənməkdə, xalqı və dövləti narahat edən taleyüklü məsələlərlə əlaqədar qarşılıqlı hörmət əsasında fikir mübadiləsi aparılmaqdadır. Ölkəmizin içində olduğu hazırkı vəziyyətlə əlaqədar Azərbaycanın müstəqillik tarixində praktiki olaraq  ilk dəfə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 52 partiyadan 50 partiya sədrinin imzaladığı bəyanat qəbul olunub. Bəyanatda bildirilir:
"Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir! Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyir, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırırıq ".
Siyasi Partiyaların bəyənatında qeyd edilir ki, Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır və mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktını insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməli olduğunun vurğulayır. Ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb edirlər. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiya rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını tələb edirlər.
Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını və erməni hökumətinin daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozduğunu bildirirlər.
Bəyanatda diqqət çəkən digər məqamlar isə aşağıdakı kimidir:
-Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir.
-Siyasi partiyaların rəhbərləri dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər.
-Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.
Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.  Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək beynəlxalq riyakarlığın təzahürüdür.
Azərbaycanın bugünkü vəziyyəti və bu vəziyyətdə də ədalətli mövqe nümayiş etdirməsi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Bu gün Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır. Ölkənin siyasi partiyalarının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.
Təəssüf hissi ilə qeyd etmək istərdim ki, hətta bugün də Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə bilmədilər. Özlərinin daim xalqın və millətin yanında olduqlarını iddia edən Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına başladığı anda belə şəxsi maraqlarını üstün tutdular və digər siyasi partiyalarla birlikdə ölkənin Ali rəhbərliyinə dəstək vermədilər.
Azərbaycan xalqının son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk  günündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökdülər. Siyasi ədavət saxlayan bu partiyalar onların hətta öz tərəfdaşlarında belə böyük bir təəssüf doğurduAli Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların Vətən sevgisində səmimi olmadıqlarını bir daha göstərdi.
Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.


Anar Babayev
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər