Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi qərarlardan qələbəyə doğru...

30 sentyabr 2020 | 11:00
Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamış və ötən yüzillikdə iki dəfə buna nail olmuşdur. XX əsrin sonlarında qazandığımız müstəqillik torpaqlarımızın işğalı ilə eyni vaxta təsadüf etdi və qısa zaman ərzində müstəqil dövlətimizin 20 % ərazisi mənfur qonşumuz Ermənistan tərəfindən işğala məruz qaldı. 
Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra tərəqqi yoluna qədəm qoyan ölkəmizdə dövlətin qarşısında duran ən əsas məsələ ərazi bütövlüyümüzün bərpası idi. Əlbəttə ki, bunun üçün ilk növbədə güclü iqtisadiyyata və  qüdrətli orduya sahib olmaq zəruri idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən  başlanan ordu quruculuğu siyasəti, daha sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam etdi. Nəticədə bugün Azərbaycan Ordusu təkcə regionun  deyil, dünyanın ən güclü ordularından birinə çevrilib. Artıq torpaqlarımızın düşmən tapdağından azad olunması üçün hər cür imkana malik olan Azərbaycan, yenə də  işğalçı ermənilərdən fərqli olaraq sülhsevər xalq olduğunu sübut edərək torpaqlarımızın qan tökülmədən azad olunması istiqamətində səylər göstərir. Azərbaycan artıq 30 ildir ki, münaqişənin sülh yolu ilə həliinə çalışır. Ermənistan isə dünyanın ən ali beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, dünya birliyinin təzyiqlərinə baxmayaraq təcavüzkar planlarına sadiq qalaraq işğalçılıq siyasətlərini davam etdirir və cəbhə boyunca təxribat xarakterli hücumlar həyata keçirir. Qeyd etməliyəm ki, hər dəfə layiqli cəzasını alan düşmən bir müddət “sakitləşdikdən” sonra yenidən keçmişi unudaraq bu təxribatlarını davam etdirir.
Bu ilin iyul ayında da erməni tərəfinin Tovuz rayonu istiqamətində davamlı təxribat xarakterli hücumlarına Azərbaycan tərəfi adekvat cavab vermək məcburiyyətində qaldı. 27 sentyabr tarixində də bənzər halla qarşılaşdıq. Erməni tərəfi atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini bütün dünyaya bir daha göstərdi. Əsasən yaşayış məskənlərinə və dinc əhaliyə qarşı yönələn artilleriya atəşi onu göstərdi ki, Ermənistan hakimiyyətinin əsas hədəfi Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaqdır. Qeyd edək ki, hazırkı vaxtadək erməni silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində ümumilikdə mülki əhalidən 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 12 nəfər şəxs isə həlak olmuşdur. Bu Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir.
Bugün hər kəs hətta adi gözlə də müşahidə edə bilər ki, aparılan düzgün daxili siyasət nəticəsində ölkəmizdə heç vaxt olmadığı qədər xalq-ordu-dövlət birliyi nümayiş etdirilməkdədir. 27 Sentyabr tarixində ölkə başçısının rəhbərliyi ilə aparılan  Təhlükəsizlik Şurasının iclasında qəbul edilən qərarlar xalq tərəfindən böyük qürur və sevinclə qarşılandı. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı cəbhə xəttindəki yaşayış məskənlərində insanların öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir. Hətta ağbirçək qadın və uşaqlar belə öz evlərini tərk etmədi. Xalqın orduya bu qədər güvənməsi isə sözsüz ki, Ordumuzun gücü və Qafqazın ən güclü ordusu olması ilə əlaqədardır.
Ordumuzun əks-hücuma başladığı elə ilk gün-27 sentyabr tarixində Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalanmışdır. Dövlət başçısının fərmanı ilə qərara alınıb ki, 28 sentyabr saat 00:00-dan etibarən bütün ölkə üzrə hərbi vəziyyət elan edilsin. Qeyd edək ki, ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır və bu, təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu həm də xalq, dövlət və ordu birliyinə də işarə edir. Sözügedən Fərmanın xalq tərəfindən dəstəklənməsi isə dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu mesaj Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olmasına işarə edir.
“Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Bugün hər birimiz Ordumuza və Ali baş Komandanımıza maksimum dəstək olmalı və işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə öz töhfəmizi verməliyik. Biz bilirik ki, bu gün müharibə sadəcə səngərdə əsgərlər arasında getmir, müharibə eyni zamanda mediada, sosial şəbəkələrdə gedir. Biz gənclər də bu informasiya müharibəsində dövlətimizə tam dəstək olmalı və onun haqq səsini dünyaya çatdırmalıyıq.
  Xatırladaq ki, hər bir dövlətin gücü onun iqtisadiyyatı və hərbi gücü ilə ölçülür. Ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət, ölkəmizin hərbi gücünün fasiləsiz olaraq artırılması dövlət siyasətinin əsas prioritetlərdən biridir. Son illərdə ordu quruculuğunda aparılan islahatlar, ordumuzun gücünün artırılması torpaqlarımızın işğaldan azad edilməsini və işğalçı Ermənistana qarşı haqq mübarizəmizi sürətləndirir. Bu gün cəbhə boyu əldə etdiyimiz uğurlar qələbənin tezliklə reallaşmasına olan ümidləri artırıb. Bu gün hər bir azərbaycanlı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şuşamızda, Xankəndimizdə bu qələbəni tezliklə qeyd olunacağına inanır. 

Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər