Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlamlıq imkanları məhdud insanların problemləri daim diqqət mərkəzindədir

12 dekabr 2013 | 11:00
 Dekabrın 11-də Pirallahı rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili” mövzusunda rayon Konfransı keçirildi. V.Mustafazadə adına Mədəniyyət Mərkəzində baş tutan tədbiri açıq elan edən Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov Konfransın xalqımız üçün əlamətdar bir hadisə ərəfəsində reallaşdığını dedi. Bildirildi ki, dekabrın 12-də Azərbaycan xalqı, dünya azərbaycanlıları, bütövlükdə bəşəriyyətin bütün tərəqqipərvər insanları xalqımızın Ümummilli Lideri, Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edəcəklər. V.Səfixanov Konfrans iştirakçılarını bu dahi İnsanın, əvəzolunmaz Şəxsiyyətin unudulmaz xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət etdi.
 Bir dəqiqəlik sükutdan sonra sözünə davam edən İcra Hakimiyyəti Başçısının müavini vurğuladı ki, xalqımızın, dövlətimizin çətin günündə, 1993-cü ilin iyununda hakimiyyətə qayıdan  Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan xilas etməklə bərabər həyatımızın bütün sahələrində tərəqqiyə doğru böyük dönüşə nail oldu. Məhz 1993-cü ildən başlayaraq Ulu Öndərin göstərişi ilə ölkəmizdə Beynəlxalq Əlillər Günü qeyd olunmağa başlanmışdır. Bu il dekabrın 3-də Pirallahı rayon İcra Hakimiyyətində sağlamlıq imkanları məhdud insanlar üçün geniş bir bayram tədbiri təşkil edildi, konsert proqramı təqdim olundu. Bu günkü Konfrans da həmin tədbirin davamı kimi həyata keçirilir.
 Çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni və Müstəqil Elmi Praktik Hüquq Mərkəzinin sədri, layihənin hüquqşünası Aydın Kərimov 2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili barədə ətraflı məlumat verdilər. Daha sonra əlillərin problemləri və hüquqları barədə geniş müzakirələr keçirildi. Tədbirə yekun vuran Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov Konfransın işində fəallıq nümayiş etdirdiklərinə görə toplantı iştirakçılarına minnətdarlığını bildirdi.  Tədbirin sonunda Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən 100-dək sağlamlıq imkanları məhdud insanlara bayram sovqatı təqdim edildi. 
Keçidlər