Siyasi həmrəylik qələbəmiz üçün çox vacib amildir
Azərbaycan, ərazilərinin 20 faizinin işğal altında olmasına baxmayaraq həmişə münaqişənin sülh yolu ilə, danışıqlar yolu ilə, beynəlxalq qanunlar əsasında həll olumasına çalışıb, heç vaxt konfrtontasiya tərəfdarı olmayıb. Azərbaycan tarix boyu da heç bir dövlətə qarşı ərazi iddiası olmayan bir dövlət olub. Müharibə vəziyyətində olduğumuz Ermənistan isə işğalçı tərəf olmasına baxmayaraq, beynəlxalq aləmdə özünü yazıq, təcavüzə məruz qalmış və humanist dövlət kimi göstərməyə çalışır.
Qeyd edək ki, 12-16 iyul tarixlərində Tovuz istiqamətində baş verən təxribatlar onların məkrli və riyakar siyasətinin bir nümunəsi idi. Düşmən daha sonra Azərbaycana qarşı təxribatçı qrup göndərməyə cəhd etdi amma düşmənin planı baş tutmadı və əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində təxribatçı ələ keçməklə ifşa olundu. Ermənistan yenə də regionda vəziyyəti gərginləşdirmək, hərbi eskalasiya və konfrtontasiya xəttini davam etdirərək sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribat törədərək dinc əhalini və mülki obyektləri hədəfə aldı. Ermənistanda riyakarlıq və fitnəkarlığın, təcavüz və təxribatçılıq siyasətinin dövlət siyasəti həddinə çatması erməni dövlətinin mahiyyətinin göstəricisidir. Dünya ictimaiyyəti də bu həqiqəti tədricən müşahidə etməkdə və anlamaqdadır.
27 sentyabr tarixindən etibarən Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, əks-hücum əməliyyatı həyata keçirməkdədir. Ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin gücünü və qüdrətini əyani şəkildə göstərir. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribata görə bütün məsuliyyət onun hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İşğalçı dövlətin belə bir addım atması ilk növbədə, mövcud faşist rejiminin ölkə daxili problemlərlə üzləşməsi ilə izah olunur. Hamıya məlumdur ki, koronavirus pandemiyası Ermənistanda onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti böhran həddinə çatdırıb. Ölkədə yeni inqilab mehi əsməkdədir. Bu reallıqda Ermənistanın hərbi-siyasi rəhbərliyi ənənəvi olaraq dəfələrlə sınaqdan çıxardıqları taktikanı yenidən işə salmaq məcburiyyətində qalıblar. Daxili riskləri süni yaradılmış xarici risklər hesabına kompensasiya etmək, yəni - hərbi avantüraya əl atmaqla Ermənistan rəhbərliyi hakimiyyətinin ömrünü uzatmaq niyyətindədir. Sadə ermənilər isə diktatura rejiminin ömrünü uzatmaq naminə övladlarını müharibədə qurban vermək istəmir və bununla bağlı etiraz edənlərin sayı gündən-günə artmaqdadır.
Son vaxtlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışları əsasında ölkədə yeni bir siyasi mühit formalaşmaqda, siyasi partiyalarla iqtidar arasında dialoq dəstəklənməkdə, xalqı və dövləti narahat edən taleyüklü məsələlərlə əlaqədar qarşılıqlı hörmət əsasında fikir mübadiləsi aparılmaqdadır. Ölkəmizin içində olduğu hazırkı vəziyyətlə əlaqədar Azərbaycanın müstəqillik tarixində praktiki olaraq ilk dəfə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 52 partiyadan 50 partiya sədrinin imzaladığı bəyanat qəbul olunub. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Bəyanatda, erməni hökumətinin daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozduqları qeyd olunur. Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir.
Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.
Bir şeyi də vurğulamaq istərdim ki, özlərini daim xalqın səsi olaraq adlandıran Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları bu gün yenə də milli həmrəylik nümayiş etdirə bilmədilər və öz xain, satqın mahiyyətlərini təsdiq etdilər. Azərbaycan xalqının 30 ildir səbirsizliklə gözlədiyi Qarabağın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda Vətən müharibəsinin başlamasının ilk günündə bu iki partiya bəyanata imza atmadılar. İndi sual olunur, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməmək olarmı?!.. Siyasi xəttə, siyasi mövqeyə müxalif olmaq olar, lakin VƏTƏN və AZADLIQ adlı ali dəyərlərə heç vaxt müxalif olmaq mümkün deyildir, bu artıq açıq düşmən mövqeyində dayanmaq deməkdir. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin, Qarabağın azadlığı uğrunda savaş aparan xalqın yanında ola bilmədilər. Bu utanc yəqin ki onların öz tərəfdarları tərəfindən də kəskin şəkildə hiss olunur.
Biz Neft Daşları əməkçiləri, YAP Neft Daşları ərazi ilk partiya təşkilatı milli mənafelərə zidd mövqeni, daha doğrusu mövqesizliyi qətiyyətlə pisləyirik. Bu düşmən dəyirmanına su tökmək deməkdir.
Ordumuzun cəbhə bölgəsində düşmən hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq tərəfindən coşqunluqla qarşılanmışdır. Heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir.
Bu həmrəylik, bu birlik onu ifadə edir ki, xalq Ali Baş Komandanın və rəşadətli ordusunun yanındadır və tez bir zamanda bu ordu torpaqlarımızı işğaldan azad edəcək, üçrəngli milli bayrağımız Xankəndində, Şuşada və diğər işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır.
Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru