Şriftin ölçüsü :

Saytın rəngi :

Ədalət mütləq zəfər çalacaq...

01 oktyabr 2020 | 11:00
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan, ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. 30 ilə yaxın bir müddətdə müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan dövlətimizin  qarşısında dayanan əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Bütün dünyada multikultralizim və tolerantlığı təbliğ edən bir ölkə olan Azərbaycan münaqişəyə məcburi olaraq cəlb olunan tərəfdir. İşğalçı tərəf olan Ermənistan 1994-cü ildə əldə olunan atəşkəs rejimi dövründə də mütəmadi olaraq təxribat xarakterli hücumlar ilə danışıqlar prosesinə zərbə vurmaq niyyətində olub. Haqq, ədalət mübarizəsi aparan Azərbaycan xalqı Prezident İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasəti nəticəsində Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, Ermənistanın təcavüzkar ölkə kimi dünyada tanınmasına nail olub. Acınacaqlı hal isə odur ki, ermənilər adətən mülki əhaliyə, yaşayış obyektlərinə, təsərrüfat sahələrinə artilleriya zərbələri endirirlər.  Sentyabrın 27-də ermənilərin səhər başladıqları hərbi təxribat nəticəsində döyüş mövqeləri və yaşayış məntəqələrimizi də  şiddətli artilleriya atəşinə tutması nəticəsində  hərbi qulluqçularla yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub. Həmişə olduğu kimi əks hücumlarla düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz sentyabr ayının 27-dən etibarən yenidən öz missiyasını yerinə yetirmək məcburiyyətində oldu. Dünya ictimaiyyətinin bu təxribat barədə bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı da birmənalı olaraq Azərbaycanı beynəlxalq hüquq normaları çərçivəsində dəstəklədi. Regionda sülhün təminatçısı qismində sabitləşdirici rola malik olan Türkiyə dövləti Azərbaycana mənəvi həmrəylik nümayiş etdirərək 30 ilə yaxın bir müddətdə erməni təcavüzünə göz yuman Ermənistanın havadarlarına sərt mesajlar verdi. 
Daim səbir, dözümlülük nümayiş etdirən Azərbaycan xalqı artıq düşmənə layiqli dərs vermək, onun təcavüzkar niyyətlərinə son qoymaq üçün hər cür imkanlara və üstünlüyə malikdir.  Əhali sayı Ermənistandan 5 dəfə artıq olan Azərbaycanın Silahlı Qüvvələri də canlı qüvvə və texnika sarıdan qarşı tərəfi dəfələrlə üstələyir. Bununla yanaşı xalqımızda olan vətənpərvərlik ruhu və torpaqlarımızı azad etmək istəyi nəticəsində 10 minlərlə insan yaşından və sosial vəziyyətindən asılı olmayaraq könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət etmişdir. Sürətlə inkişaf edən ordu quruculuğu prosesi nəticəsində Azərbaycan ordusu artıq neçə illərdir ki, öz torpaqlarını qısa zaman ərzində azad etmək iqtidarındadır.  Ermənistanın son günlərdə acınacaqlı duruma düşməsinin səbəbkarı isə Paşinyan və onun komandasının erməni xalqına verdiyi vədləri yerinə yetirə bilməməsi, ölkədə aclıq, səfalət, ictimai-siyasi sabitliyin pozulmasının artmasıdır. Xalqı ölkədaxili problemlərdən uzaqlaşdırmaq və beynəlxalq ictimaiyyətdən yardım almaq məqsədilə sentyabr ayının 27-də törətdikləri təxribata əslində bir neçə ay idi ki hazırlıq görülmüşdü. Onların hərəkətlərinin və bəyanatlarının xronologiyası aşkar göstərir ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Prezident İlham Əliyev BMT Baş Assambleyasının tribunasından Ermənistanın müharibəyə hazırlaşması və onu dayandırmağın zəruriliyi barədə xəbərdarlıq etmişdi.  İyul ayında Tovuz rayonu istiqamətində  dövlət sərhədindəki yaşayış məntəqələrimizə edilən  silahlı hücum münaqişə zonasından uzaq bir yerdir. Dörd gün davam edən döyüşlərdə  bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Əks hücum nəticəsində susdurulan və geri çəkilən düşmənə qarşı atəşin dayandırılması isə  b ir daha göstərdi ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfi olmayıb və yoxdur.
Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında verdiyi müsahibəsində qeyd etdiyi kimi bütün bu təxribatlar münaqişənin nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin Azərbaycana verilməsi barədə danışıqların pozulmasına gətirib çıxarır:  “Bu prinsiplərə əməl etməyən Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, danışıqlar Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparılsın. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Dövlət sərhədindəki bizim mövqelərəmizə hücum edilib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Azərbaycan danışıqlara sadiqdir, lakin Ermənistan tamamilə əks hərəkətlər görür”.
Azərbaycan işğal edilmiş ərazisində Ermənistanın açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan etməsini  müharibə cinayəti adlandıran Prezident İlham Əliyev bunların  Cenevrə Konvensiyasının pozulması demək olduğunu qeyd etdi: “Bunu nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar şüurlu provokasiyalar, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Azərbaycan təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdi, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər”.
Sözsüz ki, Türkiyənin mənəvi dəstəyi və  regionun ən güclü ordusu olan Silahlı Qüvvələrimizin əks hücumları nəticəsində bir neçə kənd, yaşayış məskəni və strateji yüksəkliklər ələ keçirildi. Artıq Ermənistanı təcavüzkar ölkə kimi qəbul edən dünya ictimaiyyətindən maddi, hərbi dəstək almaq üçün ermənilərin Türkiyə Hava Qüvvələrinin döyüşlərə cəlb edildiyini və Ermənistanın SU-25 döyüş təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulması haqqında xəbər də öz təsdiqini tapmadı. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Azərbaycan bütün məsuliyyəti ilə bəyan edir ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur.
  Sevindirici hal isə budur ki, artıq dünya ictimaiyyəti Ermənistanın yalanlarına inanmır və Azərbaycan haqq yolunda olduğunu qəbul edir. Çünki Azərbaycanın heç bir dövlətin torpaqlarında gözü yoxdur. Bizim məqsədimiz qədim ata yurdumuz olan işğal altındakı torpaqlarımızı azad etməkdir. Son günlər cəbhə boyu baş verən hadisələr qələbə gününün tezliklə baş tutacağından xəbər verir. Xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Milli Ordumuza inanır, güvənir və dəstək olur.

Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər