Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur”

02 oktyabr 2020 | 11:00

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüb.
Prezident ölkəyə rəhbərlik etdiyi dövrdə hər zaman Azərbaycanın müharibə vəziyyətində olduğunu, ərazilərimizin 20 faizinin erməni işğalı altında olduğunu və bu torpaqların azad olunmasının bir nömrəli vəzifə olduğunu nəzərə alaraq, ordunun təkmilləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi və onun müasir silah və texnika ilə təchiz olunmasının qayğısına qalmışdır. Son günlər Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları ordumuzun gücünü və döyüşə hazırlıq səviyyəsini xalqımıza, düşmənlərimizə və dünya ictimaiyyətinə əyani şəkildə göstərdi. Bu ölkə başçımızın tutduğu xəttin uzaqgörənliyinin, müdrikliyinin və xalqın ən ümdə mənafelərinə sıx bağlı olduğunun aydın ifadəsi oldu. Prezident dəfələrlə özünün Vətənin bir nömrəli əsgəri və xidmətçisi olduğunu bildirərək bütün dövlət məmurlarına və xalqa nümunə olmuşdur. Son günlərin döyüş əməliyyatları dövründə də dövlət başçımız öz xarakterinə sadiq qalaraq Qarabağ uğrunda döyüşlərdə yaralanmış əsgərlərə baş çəkmiş, onlarla birgə olduğunu və onların hər birinin taleyinin, sağlamlığının Prezidentin diqqət mərkəzində olduğunu nümayiş etdirmişdir.  Müalicə olunan əsgərlərlə görüş zamanı Ali Baş Komandan çox maraqlı məqamlara toxundu. Bunlar hər bir azərbaycanlı üçün  də, siyasətimizlə maraqlananlar üçün də çox vacib və maraqlıdır.
Prezident bildirdi ki, yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əllərindən gələni edəcək və gənclərimiz öz əsgər yoldaşlarının yanına qayıdacaqdır. Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaqdır. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər.
Torpaq əgər uğrunda ölən varsa- Vətəndir. Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı uğrunda savaşda qəhrəmancasına vuruşaraq şəhid olmuşlar. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Hər birimiz aydın görürük ki, dövlət öz əsgərinin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət hər zaman öz əsgərin yanında olacaqdır.
Azərbaycan təcavüzə məruz qalmnış dövlətdir və bu gün öz ərazilərin azadlığı və əhalisinin təhlükəsizliyi uğrunda mübarizə aparır. Ona görə də Azərbaycan əsgəri xilaskar əsgərdir. Azərbaycan öz doğma torpağında vuruşur və haqq yolunda yaralanır. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Azərbaycan əsgəri öz xilaskarlıq missiyası ilə fəxr edə bilər.
Bu gün biz fəxr və qürurla ermənilərlə üzbəüz savaşda peşəkar ordu görürük. Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Haqq yoludur getdiyimiz bu yol. Xalqımız qələbə ovqatındadır- bunu haqq işimiz uğrunda mərdliklə döyüşüb uğurlu əməliyyatlar aparan peşəkar və müasir zəfər ordumuz bəxş edib.  Qələbəyə əminik. Azərbaycan xalqı öz dövlətinin ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Cəmiyyətdə ruh yüksəkliyi var. Bu isə xalq və ordu vəhdətini ifadə etməklə qələbə qazanılmasında çox vacib amildir.
30 ilə yaxın dövr ərzində atəşkəs şəraitində münaqişənin həlli üçün heç bir konkret iş görməyən, ara-sıra regiona “turist səfərləri” edib, eyş- işrət məclislərində ermənilərlə yeyib- içib, danışıqlarda “müsbət irəliləyiş” nağılı ilə bizi aldadan dövlətlərin, beynəlxalq təşkilatların, üçlüklərin səmərəsiz danışıqları və kağız üzərində qalmış bəyanatları da, bu günki atəşkəs və münaqişənin dinc yolla həlli  çağırışları da əhəmiyyətsiz və səmərəsiz olmaqla ermənilərin mənafelərinə xidmət edir. Mövcud danışıqlar formatı heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir. Biz bu üzücü və xalqımız üçün NAMUS məsələsi olan münaqişənin həllini ancaq Ali Baş Komandana və ordumuza etibar edirik. Müharibəmiz yalnız torpaqlar mənfur ermənilərdən tam azad olunduqdan sonra dayandırıla bilər.
Azərbaycan qədirbilən xalq kimi öz dostlarını tanıyır və edilən yaxşılığı unutmur. Bu günlərdə başda qardaş Türkiyə olmaqla, Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.
Ölkə başçısı çıxışında onu da vurğuladı ki, Ermənistan rəhbərliyi yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini yenə də atəşə tutmaq istəyir. Hər gün mülki əhali arasında itkilərimiz artır. Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Azərbaycan isə mülki əhaliyə qarşı heç vaxt vuruşmur. Faşist – nasist Njdeyə abidə qoyan bir xunta rejimindən bundan artıq nə gözləmək olar ki?!.
Bu gün xalqımız bir ağızdan deyir: “Vətən sağ olsun”. Cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər və ordumuza güvənirlər. Əsgər gənclər üçün nümunədir. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.
Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları tökməsi müşahidə olundu. Bu da əlbəttə ki, ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir. Ana və Vətən əvəzolunmaz sevgimizdir. Vətən də anadır bizə.

Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru

Keçidlər