Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaqdır...
Həyatda vətənini, həmvətənlərini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Əsrlər boyu düşmən hücumuna məruz qalan torpaqlarımız daim döyüşkən ruhlu, mübariz, vətənpərvər xalqımız tərəfindən müdafiə olunub. Təəssüflər olsun ki, sülhsevər xalqımız müstəqillik qazandığı gündən etibarən erməni təcavüzünün qurbanına çevrilmiş, torpaqlarının 20 faizini itirmişdir. Azərbaycan daima münaqişənin ədalətli prinsiplərlə sülh yolu ilə həllinə çalışşa da ermənilərin mütəmadi olaraq təxribat xarakterli hücumları və bəyanatları danışıqlar prosesini pozmuş və münaqişənin hərb yolu ilə həllini qaçılmaz etmişdir.
Bəli, biz müharibə istəmirik, ermənilərin işğala məruz qalan torpaqlarımızdan dinc yolla çıxmasını arzulayırıq. İstəyirik ki, ətrafdan barıt və qan iyi deyil, sülh və gül qoxusu gəlsin. Ətrafda güllələr deyil, güllər açılsın. Ətrafda silah səsləri, yaralı iniltiləri, körpə nalələri, ana fəryadları, övladını çiynində məzara aparan atanın hönkürtüləri və matəm marşları deyil, Viktor Hüqonun dediyi “körpə qığıltılarının təntənəli himnləri” və qardaşlıq simfoniyası eşidilsin. Lakin təcavüzkar Ermənistan işğal olunmuş ərazilərdən öz xoşu ilə çıxmırsa, xalqımın öz torpaqlarını ədalətli müharibə ilə azad etməkdən başqa bir yolu qalmır.
27 Sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu. Buna adekvat cavab olaraq əks-hücum əməliyatlarına başlayan Silahlı Qüvvələrimiz tezliklə düşmənə ağır zərbələr vuraraq işğal altında olan ərazilərimizin bir hissəsini azad etdi. Təbii ki, müharibə qurbansız olmur. Bizim həm mülki əhalidən, həm də hərbi olaraq itkilərimiz var. Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər isə həlak olub, həlak olanlardan 2 nəfəri məktəb yaşlı uşaqlardır.
Hər birimiz yaxşı bilirik ki, torpaq – uğrunda ölən varsa Vətəndir. Son günlər gedən döyüşlərdə də xalqımız yenə şəhid verdi və yaralılarımız da var. Yaralılarımıza dövlət qayğısı isə həmişə olduğu kimi yenə də özünü ən ali səviyyədə göstərdi. Belə ki, sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşdü. Daim dövlətin qayğısının və xalqın dəstəyinin şahidi olan Azərbaycan əsgərinin sağlamlığı naminə peşəkar həkimlərimiz də əllərindən gələni əsirgəmirlər. Bu isə tezliklə sağalaraq döyüş meydanındakı yoldaşlarının yanına qayıtmaq üçün yüksək döyüş ruhu və əzmkarlıq hissi ilə Vətən uğrunda haqlı savaşını davam etdirmək arzusunda olan əsgərlərimizin istəklərini reallaşdırır.
Mübarizəni əldə silahla aparırlar, lakin qələbəni təkcə silah deyil, döyüşçülərin ruh yüksəkliyi, yüksək əzmkarlığı və xarakteri təmin edir. Azərbaycan əsgərinin döyüş ruhu ona öz babalarından miras qalmışdır. Bunda həm də dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının da rolu vardır. Bu gün əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artır. Hər il şəhid aillərinə verilən tam təmirli mənzil və yaşayış evlərinin sayı artır, şəhid ailələri dövlət qayğısı ilə əhatə olunurlar. Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi dövlətimiz daim öz əsgərinin yanındadır. Qarabağ qazilərinin, əlilləri və veteranlarının sosial problemləri dövlət tərəfindən həll edilir. Ölkə başçısının da dediyi kimi, işğalçı Ermənistan əsgərindən fərqli olaraq Azərbaycan əsgəri xilaskar əsgərdir. Çünki Azərbaycan öz doğma torpağında vuruşur və haqq yolunda yaralanır.
Ordu quruculuğunda aparılan islahatlar, ordumuzun ən müasir texnika və silahlarla təmin olunması sayəsində dünyanın ən güclü orduları sırasında yer almış Silahlı Qüvvələrimiz qısa zaman ərzində torpaqlarımızı işğaldan tam azad etmək iqtidarındadır. Son günlər Azərbaycan Ordusu erməni təxribatına qarşı uğurlu əks-hücum əməliyyatları keçirərək strateji yüksəklikləri və bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bütün bu amillər xalqımızda qələbəyə doğru əminliyi artırır. Xalqımız inanır ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı tezliklə öz dövlətinin ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün həm Orduda, həm də cəmiyyətdə ruh yüksəkliyi var.
Müharibədə qələbənin təmin edilməsi üçün torpaqlarımızın işğaldan azad edilməsi bizim hər birimiz üçün əsas hədəf halına gəlməlidir. Hədəfə bağlanmalı, onunla bir vəhdət halına gəlməli, yatarkən, gəzərkən, hətta gündəlik fəaliyyətləri həyata keçirərkən hər zaman bu hədəfi düşünməliyik. Bugün Azərbaycanda müşahidə olunan da elə budur. Hər kəsin ürəyi bir nəfər kimi cəbhədə əsgərlərimizlə birgə döyünür. Hər kəs sadəcə əsgərlərimizə və Ali baş Komandanımıza necə dəstək olacağını düşünür. Bəziləri, Silahlı Qüvvələrə Dəstək Fonduna vəsait köçürərək, bəziləri-cəbhəyə yaxın yaşayanlar əsgərlərimizə əslində buna ehtiyac olmasa da qidalar tədarük edərək, bəziləri evlərinə, avtomobillərinə şanlı bayraqlarımızı asaraq bu haqq mücadələmizdə Ordumuza və cənab Ali Baş Komandana dəstəklərini ifadə etməyə çalışırlar. Bugün həqiqətən də Azərbaycanda milli birlik və vətənpərvərlik ən yüksək səviyyədədir. Bu hər birimizdə böyük qürur və fərəh hissi yaradır.
Bir şeyi də vurğulamaq istərdim ki, Ordumuzun əks-hücumlara başladığı və şiddətli döyüşlərin getdiyi ilk gündən bəri Ermənistan tərəfi yenə də öz çirkin xislətini göstərərək mülki əhalini hədəfə alır. İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində 163 yaşayış evinə, həmçinin, 36 mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də, dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüşdür. Qürurverici hal isə odur ki, cəbhə zonasında yerləşən kənd və şəhərlərdə yerli əhali öz evlərini əsla tərk etmir. Onların hər biri öz dövlətlərinə və əsgərlərinə güvənir. Xalqımızın mətinliyi, dözümlüyü və Azərbaycan əsgərinin döyüş ruhu Azərbaycan gənci üçün də bir nümunədir. Erməni ordusunda fərarilik, döyüş bölgəsindən qaçmaq halları baş alıb getdiyi halda Azərbaycan qadını öz oğlunu sevinc göz yaşları ilə cəbhəyə yola salır.
Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları isə ana ürəyinin və qadın mərhəmətinin bir təcəssümü oldu. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir.
Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü