Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət öz əsgərinin yanındadır

03 oktyabr 2020 | 11:00
Ermənistan sentyabrın 27-də səhər saatlarından etibarən ölkəmizə qarşı genişmiqyaslı təxribatlara başladı. Cavab olaraq, qüdrətli Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücumlara başlayaraq düşmənə layiqli cavabını verdi və onu böyük itkilərə məruz qoydu. Ordumuz qısa müddət ərzində bir neçə yaşayış məntəqəsini, kəndləri, strateji postları və yüksəklikləri düşmən tapdağından azad etdi. Azərbaycan ordusu qarşısında aciz qalan düşmən çirkin ənənəsinə sadiq qalaraq əhalini və obyektləri atəşə tutur. Bu, eyni zamanda, beynəlxalq müharibə cinayəti hesab olunur. Erməni hərbi birləşmələri bütün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata sürükləməyə çalışır.  Heç bir müharibə qanunlarına riayət etməyərək mülki vətəndaşları atəşə tutur, onların əmlaklarına ziyan vurur.
Qeyd edək ki, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər isə həlak olub, həlak olanlardan 2 nəfəri məktəb yaşlı uşaqlardır. Hərbçilərimiz arasında da itkilərimiz və yaralılarımız var.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirdi ki, vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əllərindən gələni edəcək və gənclərimiz öz əsgər yoldaşlarının yanına qayıdacaqdır. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər.
Ölkə başçısı nitqində qeyd etdi ki, şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.Bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbir versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir. Eyni zamanda, Qarabağ qazilərinə də dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur.
Hazırda Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirərək strateji yüksəklikləri və bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Ölkə başçımızın da dediyi kimi: Haqq ilə peşəkarlıq birləşəndə  qələbə qaçılmaz olur. Bu qələbələr və Azərbaycan əsgərinin əzmkarlığı və rəşadəti Ordumuzun gücünü və Birinci Qarabağ Müharibəsindən bəri Orduda gedən böyük dəyişiklikləri bir daha ortaya çıxardı. Əslində biz bunun müxtəlif vaxtlarda, dəfələrlə şahidi olmuşduq, indi isə bir daha gördük ki həqiqətən də Ordumuz Cənubi Qafqazın ən yaxşısıdır. Ordunun gücü sadəcə onun silah-sursatında ya da texniki bazasında deyil. Ordunun əsl gücü onun vətənpərvər əsgərlərindədir. Bugün Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlaını Azərbaycan tarixinə yazdırıb. Əsgərimiz, gənclərimiz üçün nümunədir. Beləliklə, möhtərəm Prezidentimizin Milli Ordunun formalaşmasına, güclənməsinə göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan qüdrətli orduya malikdir.
Azərbaycan xalqı çox məkrli, arxalı qəvi bir düşmənlə öz ərazisində çox haqlı olaraq öz torpaqları uğrunda mübarizə aparır. Bizim tərəfimizdən bu müharibə çox ədalətli Vətən müharibəsidir, çünki biz işğal olunmuş torpaqlarımıza iddialıyıq. Xalqımız öz Prezidentinin ətrafında sıx birləşərək xalqla dövlətin birliyini və həmrəyliyini nümayiş etdirməklə yanaşı, qələbəyə böyük əzm və inamlarını da ifadə etdi. Əminik ki, məhz belə müdrik siyasətin Vətənin dar günündə bir stol ətrafında cəmləşdirdiyi bizim siyasi partiyalarla – ikisi istisna olmaqla – mütəşəkkilliyimiz, birliyimiz qələbəmizə əsas yardımçı olacaqdır.
Dövlət başçımızın gərgin situasiyalarda çevik, məqsədyönlü fəaliyyəti beynəlxalq hüququn, konvensiya sənədlərinin bütün prinsip və normalarına uyğundur. Məhz bu cür mövqe nümayişi bizə dünya dövlətlərinin hörmət və etibarını qazandırmış olur. Nəticədə tərəqqipərvər qüvvələrin torpaq uğrunda haqlı mübarizəmizə dəstəyi gündən-günə çoxalır. Çünki yurdundan didərgin salınan xalqın öz yurduna qayıtmaq, yaşamaq haqqı var və bu hüquq qorunmalıdır.
Qanlı döyüşlərin getdiyi günlərdə bir sıra ölkələrin dövlət və hökumət başçıları tərəfləri atəşi dayandırmağa və sülh danışıqlarına başlamağa çağırırlar. Təbii ki, Azərbaycan da sülh istəyir və 30 ildən artıq davam edən münaqişənin siyasi yolla həll olunmasının tərəfdarıdır. Lakin dövlətimizin qətiyyətli mövqeyi budur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyünün tam bərpası çərçivəsində həll oluna bilər. Hər hansı başqa şərt möhkəm və davamlı sülhü təmin edə bilməz. Biz onilliklər ərzində aparılan predmetsiz danışıqlardan, ikili standartlardan, işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoyulmamasından yorulmuşuq. Dünya birliyi birmənalı şəkildə anlamalıdır ki, biz müharibəni özgə torpaqlarında və ya özgə torpaqlar uğrunda aparmırıq, biz öz torpaqlarımızı azad edirik və öz ərazi bütövlüyümüzü bərpa edirik. Dəfələrlə vurğulandığı kimi, Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.  Haqq bizim tərəfimizdədir, deməli qələbə də bizim olacaq.
Sonda bir şeyi də xatırlatmaq istərdim ki, yaralı hərbçilərimizlə görüşdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva kövrəldi və göz yaşları tökdü. Bu əlbəttə ki, ana ürəyinin və qadın mərhəmətinin təcəssümü idi. Biz ümid edirik ki, ən qısa zamanda o göz yaşları bütün işğal altında olan torpaqlarımızın işğaldan azad olunması xəbərinin gətirdiyi sevinc göz yaşları olacaq. Bütün Azərbaycan xalqı indi az qala 30 ildi gözlədiyi o, xəbərin gələcəyinə inanır. Çünki, artıq ortada boş danışıqlar yox, Şanlı Azərbaycan Ordusunun vətənpərvər əsgərləri var. Ali Baş Komandanın rəhbərliyi ilə biz torpaqlarımızı işğaldan azad edəcəyik.
Tanrı Azərbaycan Əsgərini qorusun. Ümid Sənədir ancaq Azərbaycan Əsgəri!!!

Rauf Əliyev
Pirallahı rayon İcra Hakimiyyəti başçısı yanında
Yetkinlik yaşına çatmayanların  işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyanın məsul katibi

Keçidlər