Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılacaq!

04 oktyabr 2020 | 11:00
Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar. Aparıcı cənab Prezidentə müsahibə verdiyi üçün dərin təşəkkürünü bildirərək cəhbədəki vəziyyətlə bağlı sual ünvanlayıb. Aparıcının suallarını çox qətiyyətlə və prinsipal şəkildə cavablandıran cənab Prezident demişdir: Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Ermənistanın işğalçılıq siyasəti artıq dünya ictimaiyyəti tərəfindən də qınaq hədəfinə çevrilib. Son iki ildə münaqişənin nizamlanması istiqamətində heç bir iş görməyən təcavüzkar ölkənin baş naziri Nikol Paşinyan vəziyyəti daha da gərginləşdirərək müharibə həddinə çatdırdı. Bir neçə ay əvvəl Tovuz rayonu ərazisində təxribatlar törədən, sərhədboyu əraziləri artilleriya atəşinə tutan, hərbçilərimizi və mülki əhalini qətlə yetirən, yaşayış məntəqələrinə ciddi ziyan vuran Ermənistan ordusu Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri qarşısında davam gətirə bilmədi və böyük itkilər verərək geri çəkildi. Düşmən bu ağır məğlubiyyətdən ibrət dərsi götürmədi, öz işğalçı siyasətinə son qoymadı. Bir neçə gün əvvəl Ermənistan ordusu genişmiqyaslı hücuma keçdi və bununla da bir daha öz iç üzünü bir daha göstərdi. Möhtərəm Prezidentimiz bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəsində, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərini bildirmişdi. Ancaq həmişə olduğu kimi, bu dəfə də dünyada baş alıb gedən ikili standart Ermənistanın xeyrinə işlədi və işğalçı ölkə müharibəyə başladı.
      “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırarkən dövlətimizin başçısı son günlər baş verənlər barəsində ətraflı məlumat verdi. Möhtərəm Prezidentimiz ölkəmiz üçün önəmli və taleyüklü bir dövrdə Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verərək sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı. Dövlət başçısı böyük auditoriyadan istifadə edərək Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, təcavüzkar ordunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu bildirdi.Aparıcının Türkiyənin Azərbaycana kömək etməsi barədə fikirlərinə aydınlıq gətirən ölkəmizin rəhbəri Rusiyanın aparıcı mediasında Türkiyənin maraqlarını qorudu və qardaş ölkəni müdafiə etdi. Bildirdi ki, Türkiyə Azərbaycanı, beynəlxalq hüququ müdafiə edir, eyni zamanda, ölkəmizə mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur. Türkiyənin rolunun regionda sabitləşdirici xarakter daşıdığını bildirən dövlət başçısı Türkiyənin bizə qardaş ölkə və bizim müttəfiqimiz olduğunu bildirdi.
     Prezident İlham Əliyev həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı, həm də faktlarla Ermənistanın təxribatçı siyasətini ifşa etdi. Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” və Azərbaycan danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıdır” fikrini xatırladaraq dedi ki, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və təxribatlar törədir. Prezident İlham Əliyev erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırıldığını bildirdi. Həmçinin Ermənistan hakimiyyətinin avtoritar və diktator mahiyyətini ifşa etdi, Paşinyanın Sorosun əlaltısı olduğunu açıq bəyan etdi. Həmişə olduğu kimi, bu dəfə də faktlar qarşısında aciz qalan Nikol Paşinyanın budəfəki çıxışı da həm özünü, həm də erməniləri rəzil vəziyyətinə saldı. Sözsüz ki, ermənilər belə cılız, qeyri- ciddi, yalançı və riyakar dövlət başçıları olmasından xəcalət çəkirlər.
      Prezident İlham Əliyev məntiqli, tutarlı, peşəkar və səlis cavabları tamaşaçılarda diplomatiya məharətinin zirvəsi təəssüratı yaratdı. Bunun fonunda Nikol Paşinyanın sönük, faktoloji bazadan məhrum olan, dolaşıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən zəif olduğunu, həm də müdafiə etdiyi mövqeyin heç bir tənqidə dözmədiyini aydın göstərdi.


Elturan Həşimov
YAP Pirallahı Rayon Təşkilatının fəalı

Keçidlər