Şriftin ölçüsü :

Saytın rəngi :

Sülh danışıqlarına ümid etmək sadəlövhlükdür

05 oktyabr 2020 | 11:00
İstənilən münaqişəni ədalətli şəkildə həll etmək üçün heç bir kənar təsiri nəzərə almadan obyektiv yanaşma göstərmək lazımdır. Yalnız bu halda ədalətli və qərəzsiz nəticə əldə etmək  olar. Azərbaycan və Ermənistan arasında artıq 30 ilə yaxındır ki davam edən  Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu da münaqişəni həll etmək üçün obyektiv və tərəfsiz mövqedə olmalı, tərəflər arasında balanslaşdırılmış siyasət yürüdərək məsələni həll etməyə çalışmalıdır. Amma təəssüf ki, müşahidə etdiyimiz heç də buna uyğun deyil. ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri olan Fransa son günlərdə öz missiyasının tamamilə unudaraq icra etdiyi funksiyanı ciddi şəkildə şübhə altında qoyur.
Xatırladaq ki, 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Sammitində Minsk Qrupunun mandatı müəyyən olundu. 1997-ci ildə isə Fransa Minsk Qrupuna həmsədr kimi təklif olundu və açığı o vaxt bu bizi sevindirirdi. Makronun son bəyanatı isə əyani sübut etdi ki, biz yanılmışıq.
Makronun “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq” bəyanatının sadəcə bir anlamı var: Fransa Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacaq. Makronun Latviyanın paytaxtı Riqada “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir” deməsi isə Makronun nəinki ədalətli vasitəçi olduğuna,  həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır. Onun hələ tarixi bilgilər əldə etməyinə böyük ehtiyac var.
Fransa Prezidenti Emmanuel Makronun verdiyi bəyanat bu dövlətin ermənipərəst mövqeyini üzə çıxardı. Əslində belə birtərəfli mövqeyi Fransanın həmsədr statusunu itirməsi deməkdir, həm hüquqi, həm siyasi, həm də mənəvi-əxlaqi baxımdan həqiqət belədir-Fransa tərəfsizliyini qoruya bilmir. Fransa işğalçı Ermənistanı dəstəkləyir, obyektiv deyil. Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir, əksinə vəziyyətin daha da kəskinləşməsinə, münaqişə ocağının hələ uzun illər saxlanılmasına xidmət edir.
Beləliklə, hamıya aydındır ki, Fransa vasitəçilik missiyasını yerinə yetirə bilmir. Bundan sonra Fransa bu missiyasını tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməli və sübut etməlidir ki, onun həmsədrliyi tərəfsizdir. Bizim tərəfimizdən isə Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu işğalçı Ermənistanın mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirmək, açıq şəkildə təcavüzü və təcavüzkarı dəstəkləmək deməkdir. Bu da öz növbəsində vasitəçi missiyası deyil, əksinə - təcavüzkar tərəf deməkdir. Vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını tamamilə itirdi. Bu bəyanatla Makron Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini də ortaya qoydu.
  Azərbaycan bugün öz əzəli torpaqlarında işğalçıya qarşı Vətən Müharibəsi aparır. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına isə ümumiyyətlə ehtiyac yoxdur.  Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, institutlarının, həmçinin media qurumlarının fəaliyyətini, onların peşəkarlığını və obyektivliyini ciddi şəkildə şübhə altına almağa hər cür əsas var. Fransa münaqişənin sülh yolu ilə həll edilməsi üçün müzakirələrin davam etmədiyini bilirdi. Fransa, ABŞ, Rusiya və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edirdilər. Son iki ildə Azərbaycan Prezidenti İlham Əliyev bu ölkələrin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan imtina edir. Ermənistanın müharibəyə hazırlaşdığını, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. Nəticə isə olmadı. Bəs bu ölkələr indi niyə bizdən nəsə gözləyir? Ölkə başçısı ən ali tribunalardan Ermənistanın təxribatlarını sadalayarkən, onların müharibəyə hazırlaşdıqlarını bildirərkən heç bir reaksiya verməyən, tədbir görməyən bu “ali” qurumlar niyə indi əl ayağa düşərək bizi dayanmağa çağırır? Bu ədalətlidirmi?
   Fransa tarixdə bir çox soyqırımları törətmiş bir ölkədir. Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir. Fransa Vyetnamda çox böyük soyqırımı həyata keçirmişdir. Çad torpaqlarının fransızlar tərəfindən işğalı da bu ölkənin törətdiyi soyqırımlar silsiləsinin davamıdır. Fransa Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. 1881-ci ildə Fransa Tunisi işğal etmişdir. Bu siyahını hələ çox artırmaq olar. Amma buna faktiki olaraq ehtiyac yoxdur. Sadəcə bunu bilmək kifayətdir ki, belə imperialist iddialı və qəddar keçmişi olan dövlət sülh və barışıq missiyası həyata keçirə bilməz.
Beynəlxalq dəyərlərə fərqli münasibət, ikili standartlar dünyada münaqişə ocaqları və ədalətsizlik yaradır. Makrona məsləhət görərdik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin. Bax onda biz də Fransanı insan haqlaqrına və millətlərin öz müqəddəratını həll etmək hüququna hörmətlə yanaşan obyektiv və qərəzsiz dövlət kimi tanıya bilərik.
Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan öz ərazilərinin azad olunması və öz əhalisinin təhlükəsizliyini qorumaq haqqını özündə saxlayır və müstəqil dövlət kimi bu haqqı heç kimə həvalə etmək fikri yoxdur. Qarabağ Azərbaycandır!

Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru

Keçidlər