Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”

05 oktyabr 2020 | 11:00
Prezident İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibə Ermənistanın təcavüzkar siyasəti nəticəsində regionda yaranmış vəziyyətin geniş və obyektiv izahı, münaqişənin həlli yolları və dövlətimizin prinsipial mövqeyinin tanınması baxımından olduqca əhəmiyyətlidir. Dünyanın ən populyar və baxımlı kanalları vasitəsilə münaqişə barədə ətraflı və dəqiq məlumat verməklə Prezidentimiz dünya ictimaiyyətinə regionda baş verən hadisələr barədə obyektiv məlumat almaq imkanı yaradır.
Məlumat üçün bildirək ki, müsahibədə verilən ilk sual münaqişənin niyə bu qədər uzun çəkməsi ilə bağlı oldu. Ölkə başçımız öz növbəsində olduqca açıq və konkret şəkildə sualı cavablandırdı. “Əsas səbəb odur ki, Ermənistan sülh istəmir”.  Bəli, Ermənistan müharibə istəyir. Onlar torpaqları həmişəlik işğal altında saxlamaq istəyir, status-kvonun dəyişməsini istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin əsas səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Hamımıza məlumdur ki, bəzi hallarda BMT-nin qətənamələrinin icra olunması üçün günlər, saatlar kifayət edir. Ancaq, Dağlıq Qarabağ məsələsində az qala 30 il münaqişənin həlli, qətnamələrin icrası üçün kifayət etmədi. Hələ də bəzi ölkələr Azərbaycandan vaxt tələb edir. Azərbaycan artıq 27-28 ildir ki, gözləyir. Azərbaycan xalqı artıq 27-28 ildir ki, öz torpaqlarından, ata-baba yurdlarından didərgin düşüb. Biz hələ də nəyi gözləməliyik? Nə qədər gözləməliyik?
Müsahibədə, beynəlxalq dəstəklə bağlı danışan ölkə başçısı münaqişənin həlli üçün hüquqi çərçivənin mövcud olduğunu amma təcavüzkara kifayət qədər praktiki təzyiqin olmadığını bildirdi. Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından çox geniş dəstək var. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. BMT-nin Baş Assambleyası da eyni addım atıb. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları da eynisini edib, lakin bu da münaqişənin həlli üçün kifayət etmir. Təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görünür. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Bu isə ikili standartların mövcudluğuna işarədir.
Ölkə başçısının vurğuladığı digər bir məsələ, “inqilab”dan sonra Ermənistan tərəfinin bəyanatları, hərəkətləri və bunun əsas səbəbinin nə olması ilə bağlı oldu. Ölkə başçısı bildirdi: “Əgər son iki ildə “inqilab”dan sonra Ermənistanın nə etdiklərinə və nə bəyan etdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi”. Daha sonra Tovuz hadisələrindən danışan ölkə başçısı, bu hadisənin münaqişə regionundan çox uzaqda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədində baş verdiyini və bunun səbəbinin anlaşılmaz olduğunu bildirdi. Burada ilk hərbi və müki itkilərin Azərbaycan tərəfindən olduğunu xatırladan cənab İlham Əliyev Azərbaycanın cavab tədbiri görməli olduğunu vurğuladı. Bununla yanaşı, Prezident vurğuladı ki, biz onları geri oturdan kimi və onlar istədiklərini həyata keçirə bilmədiklərini başa düşən kimi toqquşmalar dayandı. Amma Ermənistan tərəfinin təxribatları bununla da yekunlaşmadı. Avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktları törətmək üçün diversiya qrupu göndərildi. Qrup dağıdıldı və qrupun başçısı yaxalandı. İstintaq altında olan erməni diversant mülki vətəndaşlarımıza və hərbi qulluqçularımıza qarşı terror aktları törətmək üçün göndərildiyini etiraf etdi. Əlavə olaraq,  2018-ci ildə Nikol Paşinyanın “Qarabağ Ermənistandır” dediyini də xatırladan cənab İlham Əliyev bunun danışıqların sonu demək olduğunu əminliklə bildirdi.
Jurnalistin “Ermənistan nəyə görə risk edib təxribata əl atıb?” sualına isə Prezident İlham Əliyev yenə açıq cavab verdi. Onlar danışıqlar prosesini tamamilə məhv etmək, Azərbaycanı günahlandırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil” söyləmək istəyirdilər. Səbəblərdən biri də onların daxili çətinlikləri ola bilər, çünki indi Ermənistanda baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır. Daxili qeyri-sabitlik Ermənistanın əslində mövqesizliyinin səbəblərindən biridir.
Azərbaycanın prinsipial mövqeyini şərh edən Prezident qeyd etdi ki, mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Onlar ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq.
Daha sona jurnalistin “Siz Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar masasına getməyi qəbul edərdinizmi?” sualına cavab verərkən ölkə başçısı bildirmişdir, əslində, danışıqlar dayanıb, çünki Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmayıb. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. Mən dedim ki, yaxşı, gəlin cəhd edək. Azərbaycan sülh yolunu tapmaq istəyir. Ona görə də uzun illərdir gözləyirdi və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi.
Xatırladaq ki, erməni baş nazirin bu bəyanatından sonra Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü oldu, lakin görüşlər tamamilə mənasız idi və formal xarakter daşıyırdı. Onlar, əraziləri geri qaytarmayacaqlarını deyirdi. Ermənistanın baş naziri ilkin şərtlər də irəli sürüb. Bu da növbəti təxribatdır. Bir neçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini Azərbaycana və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə Azərbaycan yox, həm də Minsk qrupu rədd etdi. Bununla yanaşı, Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması təxribat idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu azərbaycanlıların hisslərini təhqir etmək üçün edib. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Statusu bəlli olmayan bir ərazidə bunları etmək nə dərəcədə ədalətlidir? Buna münaqişəni həll etməyə məsul olan beynəlxalq təşkilatlar reaksiya göstərməli idi, ancaq ötən 30 ildəki kimi bu dəfə də aktiv mövqe görmədik.
Daha sonra beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarını xatırladan jurnalist, Azərbaycanın beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoyub-qoymamaqla bağlı seçimini soruşdu. Cavab olaraq dövlət başçımız bildirdi ki, atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Hərbi əməliyyatlara başlayan Azərbaycan tərəfi olmayıb, biz özümüzü müdafiə etməli idik. Əgər Azərbaycan bu dəfə etdiyi kimi cavab verməsəydi, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Mülki şəxslər arasında 19 itkimiz var, onlardan 2-si uşaqdır. Mülki insanlar arasında 54 yaralı var. Ermənilərin artilleriya hücumu nəticəsində 300-dən çox evə ziyan dəyib və ya tamamilə dağılıb.
Ölkə başçısı bir məqama da diqqət çəkdi ki, bu ərazilər bizim əsrlərboyu yaşadığımız ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb. Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, bizim torpağımızdır. Biz onu geri almışıq, biz onu güc yolu ilə geri qaytarmışıq, biz onları itkilər verərək geri qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik. Biz orada yaşayacağıq. Bizim həmin ərazilərdən güclə çıxarılmış insanlarımız bu gün demək olar ki, 30 ildir bir arzu ilə, bir amalla yaşayır – geri qayıtmaq. Sözsüz ki, biz kömək edib şəhərləri, kəndləri yenidən quracağıq, onların əvvəlki adlarını qaytaracağıq.
Ermənistanın daima beynəlxalq hüquq üzrə mütəxəssis olmayan sadə insanlardan ibarət beynəlxalq ictimai rəyi çaşdırmaq üçün tez-tez istifadə etdiyi öz müqəddəratını təyin etmək hüququ ilə bağlı da danışan cənab İlham Əliyev vurğuladı ki, öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Lakin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib - onların müstəqil Ermənistan dövləti var.
Prezident çoxlarını narahat edən bir ciddi məsələyə də aydınlıq gətirərək dedi ki, bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur, ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı yalan xəbərlər yayırlar, lakin eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir, lakin ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər.
Ölkə başçısı müsahibədə, Ermənistanın, Ankaranın münaqişəyə hərbi nöqteyi-nəzərdən öz təyyarələri və s. ilə cəlb olunmasına dair iddialarına da cavab verdi.  Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Türkiyə qardaş ölkədir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu dəstəyi hiss edirik. Türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq. Ermənistan isə dezinformasiya yayır. Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması dezinformasiyadır, onların Su-25 təyyarəsi qəzaya uğrayıb.
Prezident İlham Əliyev qətiyyətlə vurğuladı ki, Azərbaycanın güclü ordusu var və nə ediriksə, özümüz edirik. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Qismən səfərbərlik elan edilib. Ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan var. Hələlik buna ehtiyac yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və sübutumuz var, təkcə erməni əsilliləri deyil.  Bəzi kəşfiyyat məlumatları var. Bundan əlavə internetdə videolar var, Yaxın Şərqdən olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların formasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlar birlikdə oturub müzakirə aparırlar. Onlar buna görə məsuliyyət daşımalıdırlar.
Son olaraq, diplomatiya nə vaxtsa işləyə bilərmi, sualını cavablandıran Azərbaycan prezidenti vurğuladı ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal çıxmağa başlasa, diplomatiya işləyə bilər.
Bəli, diplomatiyanın olması üçün ilk növbədə, ədalətlilik, obyektivlik və konstruktivlik olmalıdır. Dünya birliyi və beynəlxalq təşkilatlar öz qəbul etdiyi qərarları icra edə bilmirsə, münaqişəli və bizə təhlükə yaradan vəziyyət 30 il davam edirsə, Azərbaycanın yeganə yolu öz haqq işini, ədalətli mübarizəsini davam etdirmək və işğal olunmuş ərazilərini azad etməkdir. Beləliklə, Azərbaycan əsla öz haqq yolundan dönməyəcək və nəhayət illər sonra tarixi ədaləti bərpa edəcək. Sonda ölkə başçısının bir fikrini xatırlatmaq istərdim. “Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.

Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru

Keçidlər