Şriftin ölçüsü :

Saytın rəngi :

“Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”

06 oktyabr 2020 | 11:00
Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin təxminən beşdə biri işğal olunmuş, ölkə daxilində hər 10 nəfərdən biri məcburi köçkünə çevrilmiş, 20. 000 insan həlak olmuş, 50 000 insan yaralanmış və ya əlil olmuş, təxminən 5 000 vətəndaş itkin düşmüşdür. Respublikamıza qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına da ciddi ziyan vurmuş, yüz minlərlə bina və mənzil, minlərlə ictimai və tibbi bina dağıdılmış və ya qarət edilmiş, yüzlərlə kitabxana talan edilmiş, çoxlu sayda dəyərli əlyazma yandırılmış və ya məhv edilmişdir. Bir neçə dövlət teatrı, yüzlərlə klub və çoxlu sayda musiqi məktəbi məhv edilmişdir.
30 ilə yaxın davam edən işğalçılıq dövründə Azərbaycan bu həqiqətləri beynəlxalq təşkilatların diqqətinə çatdırmış və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara ümid etmişdir. Azərbaycan işğalçı ölkə deyil və Azərbaycanın başqasının torpağında heç vaxt gözü olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir. Qeyd edək ki, beynəlxalq hüquq da bizim yanımızdadır. Belə ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və ən yüksək beynəlxalq ali orqanlardan biri olan olan BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələri var. Bununla yanaşı  Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların bu cür qərar və qətnamələri var. Amma  Ermənistan bunlara məhəl qoymur və öz işğalçılıq siyasətini davam etdirməyə çalışır. Yəqin ki, bunun əsas səbəbi də hüquqi çərçivə mövcud olsa da praktiki olaraq həmin qətnamələrin icrası üçün kifayət qədər təzyiqin olmamasıdır.
Əminliklə deyə bilərik ki, sülhsevər xalqımız hər zaman danışıqların və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub. Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirib. Lakin hərbi hücumlarla yanaşı şayiə və böhtanlarla da danışıqlar prosesini pozan düşmən qədim yurdumuz olan Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu söyləməklə, Şuşada işğalçı rejimin qondarma “andiçmə” mərasimini keçirməklə  xalqımızı hərb yolu ilə münaqişənin həllinə təhrik etdi. Xalqımız, dövlətimiz kifayət qədər səbir, dözümlülük nümayiş etdirərək 30 il dözdü. Bu gün ermənilərin cəbhə boyu təlaş içində qaçmaqlarının səbəbi və əziyyətlər çəkməsi  öz siyasi rəhbərliyinin axmaq niyyətləridir. 
Beləliklə, Ermənistan tərəfi daim təcavüzkarlıq siyasətini davam etdirmiş və müxtəlif vaxtlarda Azərbaycana qarşı hücuma keçməyə cəhd göstərmişdir. Son belə hücum 27 sentyabr 2020-ci il tarixdə baş vermiş və Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilmişdir. Hazırda 10 gündür ki, uğurlu əks-hücum əməliyyatı davam edir. Əməliyyatlar çərçivəsində 15-dən artıq kənd, bir neçə yüksəklik işğaldan azad olunub. 4 Oktyabr tarixində isə bir çoxlarımızı sevincdən göz yaşlarına boğan, az qala 30 ildir gözlədiyimiz bir xəbəri aldıq. Cəbrayıl şəhəri işğaldan azad olunub. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən özü elan etdi. Prezident İlham Əliyev 4 oktyabr tarixində xalqa müraciətlə çıxış edərək həm bu xəbəri verdi, həm də döyüşlərin gedişatı ilə bağlı vacib açıqlamalar verdi. Ölkə başçısının çıxışında əks olunan qətiyyət isə həm yerli auditoriyaya həm də xarici auditoriyaya hesablanmış açıq mesaj idi. Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edənədək dayanmayacaq və haqq mübarizəsini davam etdirəcək. Bizim döyüşləri dayandırmaq üçün şərtimiz var. Belə ki, Azərbaycan ancaq Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması şərti ilə dayanacaq. Bununla yanaşı ölkə başçısı qeyd etdi ki, Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir.
Prezidentin çıxışından diqqət çəkən məqamlara nəzər yetirək.
Ölkə başçımız, əks hücum əməliyyatlarında iştirak edən hərbçilərimizin əməyini yüksək qiymətləndirərək onların canı-qanı bahasına düşmənə sarsıdıcı zərbələr endirdiyini, düşməni yerinə otuzdurduğunu və onları torpaqlarımızdan qovduğunu bildirərək əsgər və zabitlərimizin tarixdə öz yerlərini tapacaqlarını vurğuladı. Bundan əlavə, ölkə başçımız işğaldan azad olunan bütün şəhərləri bərpa edəcəyimizi də vurğuladı və əlavə etdi ki, bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir.
Ölkə başçısının çıxışında ən diqqət çəkən məqamlardan biri də Ermənistan baş nazirinin və Qondarma “Dağlıq Qarabağ respublika”sının oyuncaq rəhbərliyinin etdiyi əməllərin bir daha ifşa edilməsi və onlara Azərbaycanın və Azərbaycan əsgərinin verdiyi cavabla bağlı fikirləri oldu. Ölkə başçısı bildirdi ki, Qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi faktı, Şuşada qondarma rejimin başçısının özünə “andiçmə mərasimi” keçirməsi, Ermənistanın baş nazirinin Şuşada, Cıdır düzündə rəqs etməsi, Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi və s. Azərbaycan xalqını təhqir etmək cəhdləridir. Bu cür təhriklərə görə onlar artıq öz layiqli cavablarını alırlar. Ölkə başçısı bildirdi ki, biz heç vaxt bununla barışmayacağıq. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!
Daha sonra Ermənistan rəhbərliyinə bir daha xəbərdarlıq edən dövlət başçımız qeyd etdi ki: “Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil”. Bununla yanaşı, Ermənistanın bizə yeddi şərt irəli sürdüyünü də xatırladan cənab İlham Əliyev indi isə Ermənistan rəhbərliyinin diz çöküb yalvardığını və atəşkəsin bərpa olunmasını istədiyini bildirdi. Atəşkəsin bərpa olunması üçün Azərbaycanın bir şərti olduğuni bildirən ölkə başçısı dedi: “Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”.
Həqiqətən də son günlərdə çıxılmaz vəziyyətdə qalan Ermənistan havadarlarına yalvarış xarakterli zənglər edərək Azərbaycanın onlara rəhmi gəlməsini, hərbi hücumları saxlamağı xahiş edirlər.
Qeyd edək ki, hazırda Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüzdür. Onlar bizim şərtlərimizi qəbul etməli və torpaqlarımızdan qeyd-şərtsiz çıxmalıdırlar
Sonda bie daha bildirmək istərdim ki, bugün işğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. İşğaldan azad olunan yaşayış məskənlərimizin tarixi Azərbaycan adları bərpa olunur. Bunlar Azərbaycan xalqını qürurlandırır və qələbəyə olan inamını daha da artırır. Bu eyni zamanda düşmənə verilən tarixi dərsdir.
“Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.  Hər bir azərbaycanlı bugün əmindir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  bu sözlərinin tezliklə həyata keçəcəyi günə çox az qalıb. 

YAP Pirallahı rayon təşkilatının könüllüsü
Loğman Müslümov

Keçidlər