Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda məskunlaşan məcburi köçkünlər Prezidentə müraciət etdilər

09 oktyabr 2020 | 11:00
Möhtərəm Cənab Prezident, Ali Baş Komandan!
Tariximizin şanlı səhifələri yazılmış müstəqillik dönəmində böyük və şərəfli yol keçmiş doğma Azərbaycanımız bütün sahələrdə önəmli uğurlara imza atmışdır. Beynəlxalq nüfuzu ildən-ilə artan Azərbaycanda aparılan islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə daxili təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.
Lakin dövlətimizin, xalqımızın uğurlu irəliləyişinə, tərəqqisinə, firavan həyatımıza mane olan yeganə problem vardır ki, o da Dağlıq Qarabağ problemidir. Artıq 30 ilə yaxındır ki, əvvəl Ulu Öndərimiz Heydər Əliyev, daha sonra isə Siz bu problemi dinc yolla, danışıqlar vasitəsilə həll etmək üçün var qüvvənizlə çalışmısınız. Ancaq  Azərbaycanın xoş məramı, sülhpərvərliyi daim təcavüzkar Ermənistanın məkrli, azğın, riyakar, hiyləgər, yalnız onlara xas alçaq xislətli davranışı ilə qarşılaşmışdır. Qarşı tərəf sülh danışıqlarını pozmaq üçün həm xunta rəhbərliyi zamanında, həm də Soros yetirmələrinin idarəçiliyi dövründə ölkəsində azərbaycanafobiyanı körükləməklə faşist, terrorçu, irqçi metodlardan geniş istifadə etmişdir. Hər dəfə Azərbaycanı müxtəlif təxribatlara çəkməklə sülh və danışıqlar prosesini mənasız bir şouya çevirən işğalçı Ermənistanın rəhbərliyi “Yeni torpaqlar üçün yeni müharibə” kimi sərsəm bir doktrina da irəli sürmüşdü.
Bütün dünyanın pandemiya ilə ölüm-dirim mücadiləsi apardığı təkcə bu ildə Ermənistanın azğınlaşmış rəhbərliyi üç dəfə Azərbaycana qarşı təxribat törətdi. İyulda Tovuz istiqamətində burunları ovulsa da, avqustda göndərdikləri terrorçu-diversant dəstə zərərsizləşdirilsə də bu onlara dərs olmadı. Sentyabrın 27-də bu qudurğanlar artıq Qarabağ cəbhəsində həyasızcasına qəflətən hücuma keçdilər, dinc sakinlərimizin və hərbçilərimizin ölümünə bais oldular. Cavab olaraq əks-hücum əmri verməklə Siz, Cənab Prezident, hər bir azərbaycanlının, xüsusən hər bir məcburi köçkünün ürəyindən xəbər verdiniz. Hər gün cəbhə bölgəsindən hərbi uğurlarımız barədə, kəndlərimizin, xüsusən Suqovuşanın, Cəbrayıl şəhərinin erməni faşistlərindən azad edilməsi barədə xəbərlər aldıqca ürəyimiz dağa dönür, sevincimizdən göz yaşlarını saxlaya bilmirik. Şükürlər olsun ki, Siz, qəhrəman Azərbaycan ordusu, igid əsgər və zabitlərimiz bu sevincli günləri bizə bəxş etdiniz!
Möhtərəm Cənab Prezident, Ali Baş Komandan!
Müasir dövrdə doğma Azərbaycanımızın bütün sahələrdə əldə etdiyi nailiyyətlər Sizin - XXI əsrin liderinin adı ilə bağlıdır və bu günki hərbi uğurlarımızın, qələbəmizin də memarı Sizsiniz. Biz Sizə inanırıq, Sizi sevirik, Sizinlə qürur duyuruq, fəxr edirik, Sizi daim dəstəkləyirik! Biz doğma Qarabağımızın mənfur düşmən tapdağından azad olunacağı günü, şanlı ordumuzun sonuncu erməni faşistini, terrorçusunu qovub Azərbaycan torpaqlarından çıxaracağı günü, Böyük Qələbə Gününü, əzəli yurd yerlərimizə, elimizə-obamıza qayıdacağımız günü, məcburi köçkün adının üzərimizdən götürüləcəyi günü sonsuz həsrətlə, səbrsizliklə gözləyirik.    
Ulu Öndərimiz Heydər Əliyevin ən böyük arzusunun həyata keçməsi, doğma Qarabağımızın hər bir qarışının mənfur düşmən tapdağından azad olunması, müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, Azərbaycan xalqının rifah, əmin-amanlıq içində və təhlükəsizlik şəraitində yaşamasının təmin edilməsi yolunda Sizə uğurlar diləyir, can sağlığı və xoşbəxtlik arzulayırıq. Qalib sülhə doğru inamla və İlhamla irəli! Qarabağ Azərbaycandır!


Tanrı Sizi qorusun!

Hörmətlə,

Səfixanov Vəzir Çərkəz oğlu-Şuşa rayonundan məcburi köçkün
Haqverdiya Nazilə Rəşid qızı – Xocalı rayonundan məcburi köçkün
Cavanşirli Xəyalə Vaqif qızı-Ağdam rayonundan məcburi köçkün
Aslanov Həzi Əhməd oğlu -Laçın rayonundan məcburi köçkün
İbrahimova Validə Müzəffər qızı -Füzuli rayonundan məcburi köçkün
Abbasov Hətəm Balaca oğlu -Qubadlı rayonundan məcburi köçkün
İsmayılov Kamal Alim oğlu -Cəbrayıl rayonundan məcburi köçkün
Nəcəfov Rafiq Əsgər oğlu -Xankəndi şəhərindən məcburi köçkün
Novruzova Şəkixanım İsgəndər qızı -Ağdərə rayonundan məcburi köçkün
Məmmədov Vilayət Maşallah oğlu -Zəngilan rayonundan məcburi köçkün
Quliyev Alim Mətləb oğlu - Xocavənd rayonundan məcburi köçkün
Abbasov Eyvaz Hüseyn oğlu -Kəlbəcər rayonundan məcburi köçkün

                                             
Azərbaycan Respublikası, Bakı şəhəri,  Pirallahı rayonu

Keçidlər