Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Əməliyyat uğurla davam edir”

09 oktyabr 2020 | 11:00

Son günlər baş verən hərbi toqquşmalar Azərbaycan Ordusunun qüdrətini və qətiyyətini bütün dünyaya göstərdi. Məlumdur ki, Azərbaycan Ordusu bundan əvvəl də dəfələrlə işğalçı Ermənistanın təxribat cəhdlərinin qarşısını qətiyyətlə almış, döyüş meydanında öz gücünü göstərərək düşməni yerindəcə otuzdurmuşdur. Ancaq ilk dəfədir ki, bütün cəbhə boyu eyni zamanda əks hücum əməliyyatları aparılır. Bu ilk anda hər birimizdə narahatçılıq yaratsa da cəbhədən gələn xoş xəbərlər bizləri ruhlandırdı və Ordumuzun gücünü sübut etdi. Qürurverici haldır ki, Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri və cəhdləri qüdrətli Azərbaycan Ordusu tərəfindən operativliklə iflasa uğradılır, dövlətimiz öz sərhədlərini qoruyur və cəbhə xəttində vəziyyətə tam  nəzarət edir.  Dövlət başçımızın dediyi kimi, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi. Həqiqətən də son günlərdə cəmiyyət arasındakı birlik və milli ruh bəlkə də tarixin ən yüksək səviyyəsindədir. Bu günlərdə hər bir azərbaycanlı əlindən gəldiyi qədər Ordumuza və Ali Baş Komandanımıza maddi-mənəvi dəstək olmağa çalışır. Bəziləri Silahlı Qüvvələrə Yardım Fonduna ianə ayırmaqla, bəziləri əslində heç bir ehtiyac olmasa da əsgərlərimizə qida daşımaqla, bəziləri isə öz duaları ilə Azərbaycan əsgərinə dəstək olmağa çalışır. Onu da xatırlatmaq istərdim ki, bu günlərdə siyasi arenamızda da birlik-bərabərlik formalaşmışdır. Belə ki,Azərbaycanın müstəqillik tarixində faktiki olaraq ilk dəfə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən 52 siyasi partiyadan 50-si birgə bəyanat imzalayaraq Ali Baş Komandana dəstəyini ifadə etmiş və Ermənistanın işğalçı siyasətini şiddətlə qınamışdır. Bu, çətin dövrlərdə bütün xalqın, hətta siyasi-ideoloji fikirləri fərqli olan insanların belə ortaq amal naminə birləşməsi bizi qürurlandıraraq, qələbə inancımızı zirvəyə çıxardı.
Hazırda faktiki olaraq müharibə şəraitində olan ölkənin rəhbəri olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üzərinə çox böyük məsuliyyət götürüb. Doxsanıncı illərdən fərqli olaraq indi Azərbaycanın dünyaya çıxışı maksimum səviyyədədir. Ölkə başçımız hər gün dünyanın müxtəlif ölkələrinin ən yüksək reytinqli telekanallarına müsahibələr verərək sualları cavablandırır, döyüşlərdəki son vəziyyəti şərh edir və ən əsası Azərbaycanın prinsipial mövqeyini dünya ictimaiyyətinə çatdırır. Ölkə başçısının son müsahibələrindən biri oktyabrın 7-də CNN-Türk televiziyasına olmuşdur. Müsahibədə cənab İlham Əliyev olduqca vacib açıqalamalar vermiş və prinsipial mövqeyini bir daha ortaya qoymuşdur.
İlk olaraq ölkə başçımız jurnalistin sualına cavab olaraq hər şeyin plan üzrə getdiyini, Azərbaycan Ordusunun öz ərazi bütövlüyünü bərpa etdiyini və əməliyyatların uğurla davam etdiyini bildirdi və əlavə etdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.
Ermənistan Ordusunun münaqişə xəttinin kənarındakı Azərbaycan şəhərlərini  ballistik raketlərlə vurmasını da şərh edən Prezident İlham Əliyev bildirdi ki, bu, Ermənistan ordusunun acizliyi və Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayətidir. Onlar döyüşü uduzur və Azərbaycanı dayandırmaq üçün və eyni zamanda, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə əl atır. Amma əminliklə deyə bilərik ki, bu, Azərbaycan xalqını qorxutmur, o bölgələrdə yaşayan soydaşlarımız orada möhkəm dayanıblar və onların sadəcə bir sözü var: “Vətən sağ olsun”. Ölkə başçımız, müsahibəsində daha bir vacib məqama toxunaraq bildirdi ki, Ermənistan mülki yaşayış məntəqələrini atəşə tutmağa davam etsə də Azərbaycanın hazırkı mövqeyində heç bir dəyişiklik olmayacaq. Azərbaycan heç vaxt mülki əhaliyə, yəni, mülki şəxslərə qarşı müharibə etməyib. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Hərbi hədəfləri məhv etmək üçünsə bizim tam hüququmuz var. Çünki bu hərbi obyektlər bizim ordumuza, şəhərlərimizə böyük ziyan vurub. Ona görə bizim borcumuzdur ki, onları məhv edib əhalimizin təhlükəsiz həyatını təmin edək.
Daha sonra atəşkəs çağırışları ilə bağlı da mövqeyini bildirən ölkə başçısı Azərbaycanın prinsipial mövqeyini bir daha ortaya qoydu və bildirdi ki, bu çağırışlar, sadəcə, atəşkəs çağırışları olmamalı və işğalçı dövlətə, sanksiyalar tətbiq edilməli idi. Əgər vaxtında sanksiyalar tətbiq edilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı. Azərbaycan Prezidenti yenidən Azərbaycanın atəşkəslə bağlı mövqeyini təkrar edərək atəşkəsin bərpasının şərtlərlə təmin edilməli olduğunu bildirdi. Belə ki, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxış təqvimi, bizə təqdim edilməlidir.
Müsahibənin ən çox diqqətçəkən məqamlarından biri də Azərbaycan Prezidentinin ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı fikirləri oldu. “Son hadisələrə qədər onlar neytrallığı az-çox saxlamağa müvəffəq olmuşdular..... Ancaq əfsuslar olsun ki, bu günlərdə bəzi ölkələr tərəfindən birtərəfli mövqe sərgiləndi, tərəftutma halları baş verdi. Bu da qəbuledilməzdir. Buna görə biz öz sözümüzü demişik. Əgər vasitəçilər vasitəçi kimi qalmaq və bu məsələ ilə bundan sonra məşğul olmaq istəyirlərsə, onlar daha məsuliyyətli olmalıdır və heç bir tərəf tutmamalıdır”- deyən ölkə başçısı daha sonra Minsk qrupunun həmsədrlərindən biri olan Fransa ilə bağlı da fikrini bildirdi. Fransanın Azərbaycana qarşı haqsız ittiham səsləndirməsini xatırladan cənab İlham Əliyev, Fransanın “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir” açıqlamasının beynəlxalq qanunlara və Minsk qrupunun mandatına tamamilə zidd olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, biz, sadəcə olaraq, istəyirik ki, 30 ilə yaxın öz yurdlarından didərgin salınmış məcburi köçkünlərimiz öz evlərinə qayıtsınlar, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin.
ATƏT-in Minsk qrupunun digər üzvləri Rusiya və Amerika Birləşmiş Ştatlarının mövqeyi ilə bağlı da danışan ölkə başçımız Rusiyanın mövqeyinin məsuliyyətli olduğunu bildirdi və Amerikanın da mövqeyindən də razılığını ifadə etdi.
Əks hücum əməliyyatlarının başladığı ilk günlərdən Azərbaycana qarşı qara təbliğat aparılmasını da xatırladan ölkə başçısı buna Azərbaycanın dünya miqyasında müstəqil siyasət aparması və beynəlxalq əlaqələrdə böyük uğurlara sahib olmasının səbəb olduğunu bildirdi. Müsahibədə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Türkiyə media orqanlarının roluna toxunan dövlət başçımız bunun üçün Türkiyənin media mənsublarına təşəkkürünü bildirdi və Türkiyə media qurumları tərəfindən verilən məlumatların dünyada münaqişə ilə bağlı daha ədalətli fikrin yaranmasına xidmət göstərdiyini əlavə etdi. Türkiyə ilə bağlı daha bir neçə fikir də səsləndirən cənab İlham Əliyev Türkiyə və Azərbaycan dövlətlərinin müttəfiq ya da dost olmaqdan əlavə qardaş olduğunu və Azərbaycanın bu çətin dövründə Türkiyə rəhbərliyinin və xalqının Azərbaycana qeyd-şərtsiz dəstək verməsinin iki ölkəni daha da yaxınlaşdırdığını və ölkəmizdə Türkiyəyə olan məhəbbətin daha da artırdığını bildirdi. 
Jurnalistin son olaraq “Hazırda qarşınızda mənim yerimə Ermənistanın baş naziri Paşinyan olsaydı, ona nə söyləyərdiniz?” sualına cavab olaraq isə Azərbaycan Prezidenti erməni xalqına çox vacib çağırış etdi:“Mən ona bütün sözlərimi demişdim. Mənim sözüm erməni xalqınadır ki, onlar öz hökumətini məsuliyyətə cəlb etsinlər, onlardan atəşin dayandırılmasını, işğala son qoyulmasını tələb etsinlər, öz övladlarını, öz uşaqlarını müharibəyə göndərməsinlər, Azərbaycana göndərməsinlər. Çünki bu gün qondarma “Dağlıq Qarabağ respublikasının ordusu”nun 90 faizini Ermənistan vətəndaşları təşkil edir. ...... Ona görə mənim sözüm erməni xalqınadır ki, bu gün Azərbaycanda ermənilər rahat yaşayır, bundan sonra da yaşayacaqlar. Onların normal yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir. Ermənistan rəhbərliyinə bir sözüm var ki, siz işğal edilmiş torpaqlardan nə qədər tez çıxsanız, sizin üçün o qədər də yaxşı olacaq”.
Beləliklə Azərbaycan Prezidenti öz prinsipial mövqeyini bir daha göstərərək qətiyyətlə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə davam edəcəyini  və atəşkəsin yalnız erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarsa mümkün olacağını bildirdi.
Sonda vətəndaş olaraq biz də Ali Baş Komandanımıza və şanlı Azərbaycan Ordusuna bir daha dəstəyimizi ifadə edir, 30 ilə yaxındır ki, həsrətlə gözlədiyimiz xəbərlərin nəhayət gəlməsinin haqlı sevincinə səsəb olduqları üçün onlara öz təşəkkürümüz bildiririk.
Bu gün xalqımız sözün əsl mənasında  tarixi günlərini yaşayır. Cəbhə bölgələrindən gələn xoş, qələbə xəbərləri harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları ruhlandırır. Azərbaycan Ordusunun cəbhə bölgələrində göstərdiyi şücaət həqiqətən də qürurvericidir. Paytaxt Bakımızı zəfər bayraqlarımız bəzəyir. İşğaldan azad olunan yaşayış məntəqələrimizdə sancılan üçrəngli bayrağımız birliyimizi, həmrəyliyimizi, qələbə əzmimizi özündə ehtiva edir. Ümid edirik ki, bundan sonra da xalqımız daim qələbə xəbərlərinə sevinəcək.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər