Biz mülki əhali ilə mübaribə aparmırıq
Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan bu köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur. “Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terror və soyqırım həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Hər zaman olduğu kimi XX əsrin 80-ci illərinin sonunda da Dağlıq Qarabağa dair ərazi iddiaları məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. Təəssüf ki, hadisələrin başlanğıcında erməni millətçilərinin qarşısının alınmaması vəziyyəti get-gedə gərginləşdirmişdir. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etməyə başladılar. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Ermənistanın Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz torpağından məcburən köçkün və qaçqın vəziyyətinə düşmüşdür.
Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yummuş və təcavüzkarın qarşısının alınması üçün heç bir əməli tədbir görməmişdir. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri qəbul edilərkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük vermişlər. Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan tərəfi BMT TŞ-nin münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymayaraq öz təcavüzkar siyasətini davam etdirmişdir. ATƏM-in Minsk qrupunun bu illərdəki fəaliyyətinə nəzər salsaq, demək olar ki, onun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirmək üçün hazırladığı “Təxirəsalınmaz tədbirlər cədvəli” heç bir təsir gücünə malik olmadığını müşahidə edə bilərik. Bu münaqişənin sülh yolu ilə həllinə inamı azaltsa da Azərbaycan vasitəçilik missiyalarından imtina etməyərək, problemin ATƏM prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu nümayiş etdirdi. Münaqişənin dinc vasitələrlə nizama salınması üçün aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində yekdil fikrin olmaması sülh prosesinin nəticəsiz qalmasına gətirib çıxartdı. Amma əminliklə deyə bilərik ki, Azərbaycan heç vaxt bu işğalla barışmadı. Ən ali səviyyədə dəfələrlə bəyan olundu ki, Azərbaycan işğalla barışmayacaq, sülhlə və ya hərbi yolla torpaqlarımız geri qaytarılacaq. Burada xüsusi diqqət yetirilməli bir məqam var ki, Azərbaycan işğalçı statusunda olan bir dövlət deyil, biz yalnız öz torpaqlarının geri qaytarılmasını istəyirik, bizim heç bir başqa ölkənin torpağında gözümüz yoxdur. Xatırlatmaq istərdim ki, ölkə başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, bizim Ermənistanın ərazisinə girmək üçün dəfələrlə şansımız olub amma biz bunu etməmişik. Çünki Azərbaycanın Ermənistanın torpağına girmək kimi bir istəyi yoxdur. Biz sadəcə öz ərazi bütövlüyümüzü bərpa etmək və illərdir öz yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızı öz evlərinə qaytarmaq istəyirik. Qeyd edək ki, beynəlxalq ədalət də bizim yanımızdadır. Bütün beynəlxalq təşkilatlar da bunu təsdiq edir ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və hazırda Ermənistanın işğalı altındadır.
Azərbaycan Prezidenti münaqişənin siyasi və hüquqi tərəflərindən başqa, məsələnin praktiki tərəfinin də Azərbaycanın xeyrinə olduğunu və bu gün Ermənistanı Azərbaycan ilə müqayisə etməyin mümkün olmadığını bəyan etmişdir. Dövlət başçısı İlham Əliyev Ermənistanın kommunikasiyalardan kənarda qalan, asılı vəziyyətdə olan, başqa ölkələrin və dairələrin ianəsi ilə güclə yaşayan bir dövlət olduğunu bildirmişdir. Bununla yanaşı, ölkə başçısı Azərbaycanın dinamik inkişaf edən və öz resurslarına arxalanan bir ölkə olduğunu vurğulayaraq Ermənistanda əhalinin ölkədən kütləvi şəkildə köçdüyünü və demoqrafiya məsələsini də unutmamağı xatırlatmışdır.
1994-cü ildə əldə olunan atəşkəs rejimindən bu günədək təxribat xarakterli hücumlarla daim Azərbaycanın müharibəyə cəlb etmək niyyəti güdən Ermənistan, Silahlı Qüvvələrimizin əks hücumları nəticəsində daim layiqli cavabını almışdır. Bu ilin iyul ayından başlayaraq cəbhə zonasına aid olmayan ərazilərimizə artilleriya zərbələrinin endirilməsi, Azərbaycan ərazisində terror aktları həyata keçirmək üçün ölkəmizə göndərilən diversiya qrupunun əsir götürülmüş komandirinin etirafları torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunmasının mümkünsüzlüyünü sübut etdi. Sentyabr ayının 27-də ermənilər növbəti təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Əks hücuma keçən ordumuz qısa zaman ərzində bir sıra kənd, qəsəbə və digər yaşayış məntəqələrimizi işğaldan azad etməklə düşmənə sarsıdıcı zərbələr vurdu. Əməliyyatlar uğurla davam etdirilməkdədir. Nəticədə işğal altında olan Cəbrayıl şəhəri, bir neçə yüksəkliklər və 20-dən artıq kəndimiz işğaldan azad olunub. Onu da xatırlatmaq lazımdır ki, cəbhədə uduzan Ermənistan öz çirkin xislətini gizlətməyərək mülki əhalini hədəfə almışdır. Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində bu günə qədər 31 mülki şəxsi qətlə yetiririlib, 171 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 146, çoxmənzilli yaşayış binalarının sayı 45, yaşayış evlərinin sayı isə 1137-dir. Bunlar erməni vandalizminin əyani təzahürüdür. Azərbaycan ölkə rəhbərliyi səviyyəsində dəfələrlə bəyan edib ki, Azərbaycan mülki əhali ilə müharibə aparmır. Bizim hədəfimiz hərbi obyektlərdir. Bundan sonra da elə olacaq. Biz mülki əhali ilə mübaribə aparmırıq və aparmayacağıq. Çünki, Azərbaycan məsuliyyətli ölkədir.
Sonda məlumat üçün bildirək ki, indi azad olunmuş yaşayış məskənlərimizin tarixi adları bərpa olunur. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, tezliklə həmin torpaqlarda həyat canlanacaq, infrastruktur bərpa olunacaq. Xalqımızın 30 illik həsrətinə son qoyulur. Tezliklə qələbə bayrağılmızı Şuşamıza, Xankəndimizə taxmaq ümidiylə....
Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü