Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanın mövqeyini dəstəkləyir

10 oktyabr 2020 | 11:00
3 oktyabr 2020-ci il Prezident İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə Ermənistanın işğalçı  dövlət olduğunu bir daha vurğulamış və qeyd etmişdir ki, müharibənin birbaşa səbəbkarı məhz Ermənistandır. Ermənistan sülh danışıqlarına qətiyyən məhəl qoymamış əksinə danışıqlar prosesini pozmuşdur. Ermənistan müharibə istəyir. Onlar torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonun dəyişməsini istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından çox geniş dəstək var. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir. Münaqişənin həlli üçün hüquqi çərçivəmiz var. Lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Ermənistan müzakirələri pozan tərəfdir.
    Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır. Mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Onlar ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq; Əslində, danışıqlar dayanıb. Çünki Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmayıb. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. Azərbaycan sülh yolunu tapmaq istəyir. Ona görə də uzun illərdir gözləyirdi və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi. Bu bəyanatdan sonra Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü oldu. Lakin görüşlər tamamilə mənasız idi, formal xarakter daşıyırdı. Onlar, əraziləri geri qaytarmayacaqlarını deyirdi. Ermənistanın baş naziri ilkin şərtlər irəli sürüb. Bu da növbəti təxribatdır. Bir neçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini Azərbaycana və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə Azərbaycan yox, həm də Minsk qrupu rədd etdi.Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması təxribat idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu azərbaycanlıların hisslərini təhqir etmək üçün edib. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Hərbi əməliyyatlara başlayan Azərbaycan tərəfi olmayıb. Azərbaycan özünü müdafiə etməli idi. Əgər Azərbaycan bu dəfə etdiyi kimi cavab verməsəydi, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Mülki şəxslər arasında 19 itkimiz var, onlardan  2-si uşaqdır. Mülki insanlar arasında 54 yaralı var. Ermənilərin artilleriya hücumu nəticəsində 300-dən çox evə ziyan dəyib və ya tamamilə dağılıb. Bu ərazilər azərbaycanlıların tarixən yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb. Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, Azərbaycan torpağıdır. Onu geri almışıq, onu güc yolu ilə geri qaytarmışıq, onları itkilər verərək geri qaytarmışıq, heç vaxt bundan geri dönməyəcəyik. Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın mövqeyi, əslində, yenə də bir bəhanə idi ki, onlar Dağlıq Qarabağın ətrafında olan bu yeddi rayonu özlərinin təhlükəsizlik zonası adlandıraraq onları işğal altında saxlamaq üçün bir bəhanə kimi istifadə edirdilər. Lakin bu günün toqquşmaları göstərir ki, müasir dünyada təhlükəsizlik zonası yoxdur. Müasir hərbi avadanlıq hətta uzun məsafələrə belə təhlükəsizliyi təmin etmir. Təhlükəsizlik siyasi yollarla təmin olunmalıdır. Buna görə biz həmişə deyirdik ki, siyasi həll bütün tərəflər üçün - azərbaycanlılar, ermənilər, ərazidə yaşayan digər millətlər üçün təhlükəsizlik qarantiyalarını təmin edəcək. Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə torpaqların açıq-aydın necə geri qaytarılacağı göstərilir. Birinci mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu, sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir. Onlar yaşadıqları yerə - qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa edirik. Mən əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar. Bu, vasitəçilərin planıdır və biz bunu dəstəkləyirik.Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Lakin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var. Bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı yalan xəbərlər yayırlar. Lakin, eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir.
        Bizim Dağlıq Qarabağ ərazisində etdiklərimiz ondan ibarətdir ki, biz onların tanklarını, silahlarını, artilleriya sistemlərini hədəfə almışıq və həmçinin biz onların hərbi infrastrukturunu hədəf almışıq. Bu hərbi infrastrukturun bəzən şəhər mərkəzində yerləşməsi bizim günahımız deyil. Lakin biz heç vaxt qəsdən mülki şəxsləri hədəf almamışıq. Bəli, bizim müasir silahlarımız var, lakin onların heç də hamısı müasir deyil. Bəzi səhvlər ola bilər. Ona görə bizim tərəfdən mülki şəxslərin qəsdən hədəf alınması heç vaxt baş verməmişdir. Əksinə, təmas xəttinə çox yaxın yerləşən Tərtər şəhəri bombardmana məruz qalır. Gündə şəhərə 2000 mərmi düşür. Demək olar ki, məhv edilib. Heç kim bunun haqqında danışmır. Ona görə xahiş edirəm ki, gəlin, bu məsələdə ədalətli olaq. Biz bunu başlamamışıq və bizim mülki şəxsləri hədəfə almağa ehtiyacımız yoxdur. Bizə ərazilərimiz lazımdır. Müharibə bitdikdən sonra yanbayan yaşayacağımız mülki şəxsləri niyə görə hədəfə alaq ki? Dağlıq Qarabağdakı erməni əsilli insanlar oradakı kriminal rejiminin girovlarıdır. Əminəm ki, müharibə bitdikdən sonra onlar bizimlə sülh və ləyaqət içində yanbayan yaşayacaqlar. Diplomatiya bir şərtlə işləyə bilər. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın Baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.


        Loğman Müslümov
YAP Pirallahı Rayon Təşkilatının könüllüsü

Keçidlər