Şriftin ölçüsü :

Saytın rəngi :

Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir

12 oktyabr 2020 | 11:00
Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaq ardına vurur, öz iradəsini diqtə etməyə çalışırdı. Sentyabrın 27-də başlayan və 10 gündən artıqdır ki davam edən müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü. Bununla bütün dünya Azərbaycan xalqının əzmini gördü. Bugün ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir. Azərbaycan Ordusu günlər ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirildi. Dəqiqliklə deyə bilərik ki, bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun.
Baş verənlər Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Göstərdi ki, şanlı ordumuz istənilən vaxt düşmən təxribatının cavabını verməyə hazırdır və qadirdir. Bugün xalqımızda böyük ruh yüksəkliyi var. Xalqımız döyüş əzmi ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Azərbaycan dövləti atdığı addımda israrlıdır, qətidir, artıq kağız üzərində qalan bəyanatlara inanıb gözləmək haqqında düşünmür.
Sentyabrın 27-də başlamış hərbi əməliyyatlar Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi və bundan sonra ölkəmiz diplomatik cəbhədə də diqtə edən tərəf kimi çıxış edir. Oktyabrın 9-da Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Rusiya tərəfinin dəvəti ilə Moskvada görüş keçiriblər, görüşün nəticəsində tərəflər arasında humanitar atəşkəs barədə razılığa gəlinib. Bununla, Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqların formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək məcburiyyətində qalır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.
Hər kəs bilməlidir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. İndi mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır.
Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş atəşkəs humanitar xarakter daşıyırdı, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradırdı. Ermənistan isə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq  Azərbaycanın mülki əhalisini atəşə tutması, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirməsi düşmənin faşizm xislətini və cinayətkar mahiyətini bir daha ortaya qoyur. Danışıqlar və atəşkəs üçün  yalvaran Ermənistan  yenə də silahı dinc əhaliyə, mülki və  strateji obyektlərə istiqamətləndirib. Əlbəttə ki, Azərbaycan düşmənin bu təcavüzkar əməllərini cavabsız qoymayacaq,  onun bu  insanlığa yaraşmayan  hərəkətləri  onun üçün ağır nəticələrə gətirib çıxaracaq.
Xatırladaq ki, Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi.  Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Rəsmi Bakının bugünki qəti  mövqeyi işğalçı dövlətlə yanaşı, ona havadarlıq edənləri də ciddi düşündürməli, sülh danışıqlarının davam etdirilməsi üçün Ermənistanın qarşısında müəyyən tələbləri qoymaqla bərabər, onları icra etmək üçün mexanizm müəyyənləşdirməlidir. Azərbaycan dövləti yenidən nəticəsiz danışıqlara qayıtmaq barədə düşünmür. İşğalçı dövlət havadarlarına, nüfuzlu beynəlxalq təşkilatlara üz tutub kömək üçün yalvarmaqdansa, məsələyə ədalətli yanaşıb işğal altında olan torpaqlarımızı qeyd-şərtsiz azad etsə daha yaxşı olar. Dünyada heç bir ölkənin bizim işlərimizə müdaxilə etməyə haqqı yoxdur və onlar bunu başa düşməlidirlər. Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın maraqlarına xidmət edir. Azərbaycanın bir milyon insanı öz doğma torpaqlarına qayıdacağı vaxtı gözləyir və biz hökumət olaraq bunu təmin edəcəyik. Biz insanlarımızı öz vətəninə qaytaracağıq, şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik. Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq.
İndi Azərbaycandakı milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlarının birliyi dövlətimizin əzmini daha da artırır. Yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə aparırlar. Bu birlik və bərabərlik bizə mütləq qələbəni gətirəcək. Biz mütləq zəfər çalacağıq. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Qarabağ öz əzəli sahiblərinə qayıdacaq
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər