Şriftin ölçüsü :

Saytın rəngi :

Status-kvo dəyişdi. Hərbi-siyasi şərtləri indi Azərbaycan diqtə edir

12 oktyabr 2020 | 11:00
Rusiyanın paytaxtı Moskvada oktyabrın 9-dan 10-a keçən gecə keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin 11 saatlıq, üçtərəfli görüşündən sonra atəşkəslə bağlı bəyanat qəbul edildi.
Uzun danışıqlardan sonra atəşkəs barədə razılığa gəlinsə də, təəssüf ki, bu, bir neçə saat belə davam etmədi. Artıq oktyabrın 10-da işğalçı Ermənistan qüvvələri Azərbaycanın cənubundakı mövqelərinə hücum etməyə başladılar və daha sonra Gəncə şəhəri raket atəşinə məruz qaldı və bu çoxsaylı insan tələfatına səbəb oldu. Beləliklə, Ermənistan öz riyakarlığını bir daha göstərdi və Gəncə şəhərində terror aktı həyata keçirdi. Bununla da bir daha təsdiq olundu ki, 30 ildə bir dəfə də verdiyi sözə, imzasına, qəbul etdiyi prinsiplərə əməl etməyən bir ölkənin “humanitar atəşkəs” istəyi də yalnız hiylə və oyundan ibarətdir. Bu ölkə ilə və onun rəhbərliyi ilə yalnız və yalnız güc dili ilə danışmaq lazımdır. Başqa çarə yoxdur.
Düşmən Azərbaycan Prezidentinin ona verdiyi şansdan istifadə etməyi bacarmadı. Bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması ifşa edildi və bütün dünyaya göstərildi. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşımalıdır. Döyüş meydanında uduzan düşmən ölkəmizə, əhalimizə qarşı yeni-yeni təxribatlar törədir. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. 
Xüsusilə vurğulamaq istərdim ki, ölkəmiz tərəfindən Ermənistanın hücumuna cavab olaraq başladılan əks-hücum əməliyyatları Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirir, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir.  Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. İndiki şəraitdə bir şey də xüsusilə nəzərə alınmalıdır ki, diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qayda da yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Buna isə əsla yol vermək olmaz. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib ki, “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.
Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır. Beləliklə, Azərbaycan bu atəşkəslə hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. 
Bu günə kimi münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistan tərəfinə müxtəlif güclər tərəfindən dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi. Hərbi və siyasi şərtləri indi Azərbaycan diqtə edir. Prezident İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişdi.
Aydındır ki, müasir dövrümüzdə müharibə sadəcə cəbhədə ya da səngərdə aparılmır. İndi müharibə daha çox informasiya sahəsində aparılır. Bu isə hər birimizin üstünə əlavə məsuliyyətlər qoyur. Bu gün diqqət yetirdikdə görürük ki,  erməni lobbisində daha çox fəallıq nümayiş olunmaqdadır. Ona görə də müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür. Onlar Azərbaycan həqiqətlərini özündə əks etdirən müraciətləri bütün beynəlxalq təşkilatlara, konqresmenlərə, senatorlara ünvanlamalıdırlar. Bəyan edilməlidir ki,  Azərbaycan haqq  mübarizəsi aparır. Sonuncu erməni əsgəri işğal altında olan torpaqlarımızı  tərk edənə qədər  mübarizə aparılacaq.
Azərbaycan Ordusu qələbələri ilə bir daha qüdrətini,  gücünü işğalçı dövlətə və havadarlarına  nümayiş etdirdi. Son günlərdə döyüş meydanı ilə yanaşı diplomatiya sahəsində qazandığımız üstünlük nəticəsində erməni təbliğatının feykləri ifşa edilir və erməni təcavüzü haqqında həqiqətlər bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırılır. Buna davam etmək və düşülmüş mübarizəni daha irəliyə aparmaq lazımdır. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun.!


Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

 

Keçidlər