Pirallahı rayon Rus İcmasının üzvləri Prezidentə müraciət etdilər
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Biz, Pirallahı rayonu rus icmasının nümayəndələri qeyd etmək istəyirik ki, Azərbaycanın rus icması Cənubi Qafqazda ən böyük icmadır. Azərbaycanda rus dilinə böyük hörmət var. Orta və ali məktəblərdə rus sektorları, bir neçə Rusiya universitetlərinin filialları, Rus Dram Teatrı fəaliyyət göstərir. Ermənistanda isə bir dənə də olsun rus məktəbi və ya sektoru yoxdur. Biz Azərbaycanda xoşbəxt və azadıq. Bunun üçün biz, ilk növbədə, Sizə təşəkkür edirik.
Bütün dünya ictimaiyyəti təsdiq edir ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir və biz də öz təcrübəmizdə bunu təsdiq edirik, çünki bizə qarşı heç vaxt heç bir təzyiq və ya ayrı-seçkilik hiss etmirik. Biz Azərbaycan xalqı ilə dostluq və mehribanlıq şəraitində yaşayırıq, bizim burada yaşamağımız, təhsil almağımız, işləməyimiz, bizneslə məşğul olmağımız üçün hər bir şərait var. Uzun illər ərzində münasibətlərimiz elə möhkəmlənmişdir ki, heç bir qüvvə onu sarsıtmaq iqtidarında deyil. Biz rus icması barədə erməni mənbələrinin yaydığı feyk xəbərləri rədd edir, adımızdan yayılan uydurma informasiya ilə, yalan və böhtanla əsla razılaşmır, buna qarşı dərindən hiddətlənirik.
Biz Azərbaycan xalqı ilə həmrəy olaraq bildiririk ki, Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir və Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Tarixən Qafqaz Albaniyasının, Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının tərkib hissəsi olan Dağlıq Qarabağ indiki Azərbaycan Respublikasının tərkib hissəsidir.
Biz Azərbaycan xalqı ilə həmrəy olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidentini tam dəstəkləyirik. Tələb edirik ki, Ermənistanın işğalçı qoşunları Dağlıq Qarabağ və ətrafındakı 7 rayondan dərhal çıxarılsın. Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməli və Azərbaycan xalqından üzr istəməlidir. Deməlidir ki, Qarabağ Ermənistan deyil.
Cənab Prezident, biz rus icması olaraq son Qələbəyədək Sizin, azərbaycanlı qardaşlarımızın yanındayıq.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Yelena Aşurova
Pirallahı rayon Rus İcmasının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.