Şriftin ölçüsü :

Saytın rəngi :

Döyüş meydanında uduzan mənfur düşmən ölkəmizə, əhalimizə qarşı yeni-yeni təxribatlar törədir

14 oktyabr 2020 | 11:00
Şanlı Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını uğurla davam etdirir. Azərbaycan xalqı öz haqq mübarizəsini aparır. Biz, xalq olaraq torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşünün səsini qaytaracaqdır.
        Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin  törətdiyi hərbi təxribata cavab olaraq uğurlu əks-hücum əməliyyatını davam etdirir. Hər gün yaşayış məntəqələrimizin, kəndlərimizin, strateji əhəmiyyət kəsb edən yüksəkliklərimizin azad olunması xəbəri harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları qürurlandırır, xalqımız «Eşq olsun Ali Baş Komandana!», «Eşq olsun Azərbaycan əsgərinə!» çağırışları ilə öz dəstəklərini ifadə edirlər. Bu gün paytaxt Bakımızın küçə və meydanlarını bəzəyən üçrəngli bayrağımızın tezliklə bütün işğal olunmuş ərazilərimizdə qaldırılacağına əminik.
Döyüş meydanında uduzan mənfur düşmən ölkəmizə, əhalimizə qarşı yeni-yeni təxribatlar törədir. Rusiyanın təşəbbüsü ilə Moskvada humanitar atəşkəsin əldə olunmasından heç 24 saat belə keçməmiş, Mingəçevir və Gəncə şəhərləri Ermənistan ərazisindən gecəyarı ballistik raketlərlə atəşə tutuldu. Cənubi Qafqazın əsas enerji infrastrukturu mərkəzi olan Mingəçevir SES-i hədəf almış raketlər havada zərərsizləşdirilsə də, Gəncəyə atılmış raket, əfsus ki, böyük dağıntılar törətdi, günahsız insanların həyatına son qoydu. Terroru təcavüzkar xislətinə uyğun olaraq özünün əsas dövlət siyasətinə çevirmiş Ermənistan 1992-ci ilin 26 fevral gecəsi Xocalıda törətdiyi soyqırımı bu dəfə də Gəncədə təkrarladı. 350 minə yaxın əhalisi olan, müxtəlif xalqların nümayəndələrinin əsrlərlə mehriban şəraitdə yaşadıqları Gəncə şəhərinə vurulan raket zərbəsi nəticəsində 9 mülki vətəndaşımız həlak oldu. Aralarında azyaşlı körpələr, qadınlar da olmaqla 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
Təəssüf ki, hətta belə bir vandalizmdən sonra belə Ermənistana beynəlxalq ictimaiyyət tərəfindən layiqli reaksiya verilmədi. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana hazırkı vəziyyətdə də «gözün üstə qaşın var» deyilmirsə, bu, artıq ikili siyasətin, ədalətin  maraqların arxasında əriməsinin pik həddidir. Ermənistan silahlı qüvvələrinin  sentyabrın 27-dən indiyədək  Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, həmçinin 214 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Ermənistanın bu təxribatları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının ciddi şəkildə pozulmasıdır.
        Azərbaycanın apardığı mübarizə cənab Prezidentimizin dediyi kimi, haqq mübarizəsidir, haqq davasıdır. Çünki işğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan, məhz Azərbaycandır. Hazırkı döyüşlərdə bir daha ermənilərin faşist mahiyyəti özünü qabarıq büruzə verir. İşğalçı ölkənin silahlı qüvvələri tərəfindən  ağır artilleriyadan dinc sakinlərə atəş açılır, evlər dağıdılır, infrastruktura ziyan vurulur,  çox sayda vətəndaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilir. Hərbi meydanda uğursuzluğa düçar olan Ermənistan təcavüzkar siyasətindən nəticə çıxarmaq əvəzinə quduzlaşır. Ermənistan ordusunun Bakı ətrafına, Gəncə, Mingəçevir başda olmaqla iri şəhər mərkəzlərinə, mülki əhalinin sıx olduğu yerlərə, yaşayış binalarına raket atması erməni vandalizminin əyani təzahürüdür.
«Bu gün bütün cəbhə boyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik… Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz» deyən Prezident, Ali Baş Komandan  İlham Əliyevin bildirdiyi kimi,  Azərbaycan  haqq yolundadır. Beləliklə, Azərbaycan haqq yolunda  qalib gələn, zəfər çalan ölkə  olacaq.
Humamitar atəşkəs əldə olunduqduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Lakin, görünür cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu qarşı tərəfə dərs olmamışdır və mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir. Gəncəni bombalamaq əmri şəxsən Paşinyanın əmridir və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir. Bu ölkə öyrəşib ki, dünya erməniliyi, islamofob dairələr onun hər bir addımına bəraət qazandıracaq, Azərbaycanı təcavüzkar kimi göstərəcək. Lakin müasir internet düzü olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir. Bundan əlavə, biz həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundayıq . Erməni əsgəri bizim torpaqdan çıxarsa bu münaqişə də bitər.
Hazırda düşməni yerinə oturdan ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir. Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur. Hər bir vətəndaşımızda olan ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni qələbələrə ruhlandırır. Hamı inanır, əmindir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq.

Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər