Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın məğlub olduğu iqtisadi, siyasi, diplomatik və s. sahələrə hərbi sahə də əlavə olundu

15 oktyabr 2020 | 11:00
27 sentyabr 2020-ci il tarixində səhər saatlarında Ermənistan tərəfindən torpaqlarımıza gerçəkləşdirilən hücum cəhdi “ani müharibə”nin başlanmasına səbəb oldu. Qeyd edilməlidir ki, Azərbaycanda həm rəsmi səviyyədə, həm də xalq arasında artan torpaqların qaytarılması arzusu da müharibənin xəbərçisi idi. Bu həm də beynəlxalq arenada münaqişənin dondurulmuş olaraq qələmə verilməsinin yalnış olduğunu ortaya qoydu. Nəticədə, Azərbaycan tərəfi əks-hücum əməliyyatlarına başlayaraq işğal altındakı bəzi stratejik bölgələri, tarixi torpaqlarımızı və yüksəklikləri işğaldan azad etdi. Azərbaycanın ard-arda reallaşdırdığı uğurlu əməliyyatlara qarşılıq Ermənistan hərbi sahədəki uğursuzluğunu ört-basdır etmək üçün həmişəki kimi mülki əhalini hədəfə aldı. XX əsrin ən böyük dəhşətlərindən biri olan Xocalı Soyqırımının bənzəri 11 oktyabr tarixində Gəncədə yaşandı. İki ölkə arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunan humanitar atəşkəs razılaşmasından heç 24 saat belə keçməmiş mənfur düşmən müharibə zonasından kənarda yerləşən, ətrafında heç bir hərbi obyektin olmadığı sivil bir ərazini raket atəşinə tutdu. Nəticədə doqquz mülki vətəndaş həlak oldu, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.  Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürü idi. Bununla bütün dünya bir daha şahid oldu ki, kim günahkardır, kim təcavüzkardır kim isə müdafiə olunur.
Beləliklə, onsuzda Koronavirus pandemiyasından zərbə alan Ermənistan bu müharibə ilə tam mənası ilə iflasa uğramaqdadır. Cəbhədə alınan uğursuz nəticələr bu ölkənin daxilində sözün həqiqi mənasında hakimiyyətə qarşı ciddi problemlər yaratmaqdadır. Ermənistanın məğlub olduğu iqtisadi-siyasi və digər sahələrə indi də hərbi sahə əlavə olunur. Bu nəzərdən Ermənistanın vəhşiləşməsinə “təbii” baxa bilərik. 
27 sentyabr tarixində başladılan əks hücum əməliyyatı və müzəffər ordumuzun əldə etdiyi uğurlu nəticələrdən Ermənistan rəhbərliyinin başı gicəllənib. Məğlubiyyətə düçar olan Ermənistanın işğalçı ordusu mülki əhalini, mülki obyektləri güllə borana tutmaqla faşist düşüncəsinə sahib olduqlarını bir daha göstərdilər. Ermənistan rəhbərliyi bir neçə dövlət rəhbərinə yalvararaq humanitar atəşkəsin elan edilməsinə nail oldu. Humanitar atəşkəs əldə olunduqduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Lakin  mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir. Gecə saatlarında Gəncə şəhəri “Toçka-U” raketi ilə atəşə tutulmuşdur. Gəncəni bombalamaq əmri şəxsən Paşinyanın əmridir və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir. Prezident İlham Əliyevin Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində söylədiyi kimi: Ermənistan bütün cəbhə boyu məğlubiyyətə uğrayır. Ona görə də ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Gəncə şəhərində çoxmənzilli yaşayış binalarına gecə atılan raket zərbələri erməni terrorçularının barbarlığını dünyaya bir daha göstərir. Gəncəyə insan itkiləri ilə nəticələnən son raket hücumunun humanitar atəşkəs haqqında Moskva razılaşmasından az sonra baş verməsi isə bütün dünyada xüsusilə böyük hiddət doğurur. Ermənistanın yalvararaq atəşkəs istəməsinə, cənab prezidnetin xüsusilə vurğuladığı kimi son şansı verməyimizə  baxmayaraq o atəşkəsi heç başlamadan faktiki olaraq pozan, atəşkəsi məhv edən, açıq şəkildə Azərbaycanın mülki əhalisinə qarsı cəlladlıq göstərən hakimiyyət və rejimdən bundan artıq bir şey gözləyə bilmərik. Sülh şəhərləri hədəf almaları onların faşist sifətlərini aşkar edir. Ermənistan bu antihumanist addımları ilə öz acınacaqlı aqibətini daha da yaxınlaşdırır. Döyüş meydanlarında Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında mövqelərini əldən verib qaçdığı kimi, diplomatik meydanda da geri çəkilməyə məcbur olur.
Türkiyə Respublikası Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ifadə etmiş olduğu tarixi bir fikir vardır: haydut dövlət. Yəni cənab prezidentin ifadə etmiş olduğu  kimi desək: cinayətkar bir dövlət və onun idarəetmə mexanizminə sahib olan qaragüruh. Terrorist məntiqinə və təxəyyülünə sahib olan insanların idarəetmiş olduğu rejimlər və ölkələr hər zaman savaş qanunlarına belə uyğun olmayan metodlardan istifadə etməkdə ustadırlar. Tarixlər boyu baxdığımız zaman 1915-ci ildə başladılan Birinci Dünya Müharibəsi dövründə Osmanlı imperiyasına arxadan zərbə vuran ermənilər idi.  Ermənilərin içində hər zaman türklərə qarşı bir nifrət hissi olmuşdur. Məhz bu səbəbdəndir ki, Ermənistan əlinə fürsət düşən hər an özünün köhnə metodlarına, yəni faşist ideologiyalı terror əməllərinə əl atır. Gəncədə törədilmiş terror aktı da məhz bunun bariz nümunəsi sayıla bilər. Azərbaycan isə əsla mülki əhaliyə qarşı mübarizə aparmır. Biz sadəcə əli-silahlı düşmən əsgərinə qarşı savaşırıq. Bu barədə Türkiyənin  “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib: “Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir. Biz heç vaxt mülki əhali ilə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir”. Daha sonra Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verərkən ölkə başçısının erməni əhali ilə bağlı fikirləri və onlara müraciəti də kifayət qədər diqqət çəkici oldu.  “Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq. Çünki orada indi səfalət hökm sürür. Biz oraya sərmayə də yatırarıq, biz orada sosial proqramlar da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaqdır. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir”.
Cənab Prezidentin “Haber Global” televiziya kanalına müsüahibəsində sələndirdiyi fikirlərdən biri də işğaldan azad olunan torpaqlarda görüləcək işlərlə bağlı oldu. Ölkə başçısı bildirdi ki, biz bütün o torpaqları cənnətə çevirməliyik. Onsuz da oranın mənzərəsi cənnətdir və uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaqlar canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar.
Beləliklə, işğaldan azad olunan torpaqlarımıza ikinci həyat bəxş olunacaq. Azərbaycanın digər cənnət məkanları kimi o torpaqlar da canlanacaq, lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaq. Bu Azərbaycan dövlətinin qarşısında duran əsas öhdəlikdir.


Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər