Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar atəşkəs sülh demək deyil

15 oktyabr 2020 | 11:00
Sentyabr ayının 27-dən etibarən davam edən döyüşlərdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi və erməni xalqı artıq güc üstünlüyünün tamamilə Azərbaycan tərəfində olduğunu aydın görür. Belə ki, həmin tarixdə, səhər saatlarında Azərbaycan ordusunun mövqelərinə qəflətən hücuma keçən Ermənistan silahlı qüvvələri çox sərt cavab alaraq geri oturduldula və Ordumuz bununla da kifayətlənməyərək əks-hücuma keçdi və İkinci Qarabağ savaşı başladı.
Bu gün Azərbaycan Ordusu qətiyyətli Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti bərpa edərək, Azərbaycan xalqının həsrətinə son qoyur. Hər kəs əmin ola bilər ki, Azərbaycan Ordusunun qüdrəti sayəsində bütün torpaqlar aid olduğu yerə - xalqımıza qaytarılacaqdır. Beləliklə, şanlı tarixə sahib xalqımız öz ədalətini özü bərpa edir, öz yeni tarixini yazır. Xatırladaq ki, otuz ilə yaxındır ki,  Azərbaycan dövləti işğal edilmiş ərazilərin  sülh şəraitində həllinə cəhd göstərirdi.  Lakin heç bir beynəlxalq təşkilat və ya bölgədə söz sahibi dövlət bunun üçün səy göstərmədi. Bu dövrdə beynəlxalq təşkilatların fəaliyyəti daha çox turist diplomatiyasına bənzəyirdi. Adi insanlıq normalarını tanımayan Ermənistan isə üst-üstə təxribatlar törədərək bu danışıqların əbəs olduğunu sübut etdi  və  savaşın başlanmasına səbəb oldu.
Bu dövrdə , erməni havadarlarının  təzyiqlərinə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını bir daha nümayiş etdirərək bütün siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır.  Ölkə başçısı Ermənistanla informasiya müharibəsinə də şəxsən özü başçılıq edir. Belə ki,  cənab Prezident hər gün xarici televiziya kanallarına müsahibələr verir və Azərbaycanin haqlı mövqeyini bəyan edir. Ali Baş Komandan həm döyüş, həm də informasiya cəbhəsində ölkəsinin maraqlarını müdafiə edir. Rusiyada hətta ermənipərəst siyasi ekspertlər özləri də açıq etiraf edirlər ki, Prezident İlham Əliyevin məntiqi çox güclüdür və O Ermənistanın baş naziri  qarşısında daim irəlidədir.
Ölkə başçısı 12 oktyabr tarixində Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib. Müsahibəsində bir çox məqamlara toxunan ölkə başçısı Azərbaycanın heç vaxt mülki əhaliyə qarşı müharibə aparmadığını və bunun Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biri olduğunu da bildirmişdir.
Müsahibədə ilk olaraq humanitar atəşkəs barədə razılaşmadan və bunun Ermənistan tərəfindən pozulmasından-Gəncə terrorundan- danışan ölkə başçısı, bunun erməni faşizminin eybəcər sifətinin növbəti təzahürü olduğunu bildirdi və əlavə etdi ki, artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır. Dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər.
Beləliklə, Gəncə terrorundan sonra bir daha aydın oldu ki, Ermənistanın dövlət terrorizmi siyasəti və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir.  Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 40 nəfərdən çox insan həlak olub, 200 nəfərdən çox mülki insan yaralanmışdır. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb.
Təəssüf ki, bütün bunlar baş verəndə, yəni mülki əhali bütün savaş qaydaları bir kənara atılaraq ölümlə üz-üzə qoyularkən təcavüzkara qarşı heç bir təzyiq göstərilmir. Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə siyasəti, dövlət terrorizmi və işğalçılıq bütün dünyanın gözü qarşısında baş verir, dünya isə bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır və Ermənistanın Azərbaycan torpaqlarından çıxmasını tələb etmir. Ancaq reallıq budur ki, Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut etdi.
Ölkə başçısı müsahibədə, Türkiyənin münaqişədəki rolundan da danışdı. Cənab prezident bildirdi ki, qardaş Türkiyənin rolu əvəzolunmazdır. Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Dövlətlər söz sahibi olan Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir.
Hər kəs bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır.
Sonda bir daha bildirmək istəyirəm ki, Ordumuz bugün doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Biz torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz.  Bu yolda bütün Azərbaycan xalqı bir nəfər kimi Ali Baş Komandanın və Ordunun yanındadır. Ölkə başçımızın da dediyi kimi, “Biz haqq yolundayıq.Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, qarabağ Azərbaycandır!”.

Xumarə Familli
YAP Pirallahı rayon təşkilatının könüllüsü
Keçidlər