Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Türkiyə kanallarına müsahibəsi

16 oktyabr 2020 | 11:00
30 ilə yaxındır işğalda qalan tarixi torpaqlarımız azad edilir. Sözsüz, bu uğurlar xalqımızda daha böyük qələbəyə əminlik yaradıb. Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad olunması ilə Azərbaycan sözsüz öz ərazi bütövlüyünü təmin edəcək. Belə olan halda hərbi münaqişələrin bitəcəyi birmənalıdır. Çünki Azərbaycan heç bir dövlətin ərazisini işğal etmək niyyətində deyil. Dövlətimizin yeganə məqsədi ərazi bütövlüyümüzün təmin edilməsidir. Bu gün Azərbaycan Ordusu beynəlxalq hərbi təşkilatların reytinq göstəricilərində öncül yerdə dayanır. Bu illər ərzində düşünülmüş və qarşıya qoyulmuş düzgün strateji siyasət nəticəsində mümkün olub. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan Ordusu çox yüksək hərbi gücə malikdir.
Ali Baş Komandan cənab İlham Əliyevin xarici televiziya kanallarına verdiyi müsahibələr bu günün real hadisələrini, həqiqətləri əks etdirir və dövlətimizin haqqa, ədalətə söykənən, beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini ortaya qoyur. Ölkə rəhbəri nəinki müsahibələrində, eləcə də ən mötəbər tribunalarda səsləndirdiyi fikirlərində daimi olaraq Azərbaycanın işğala məruz qaldığını, təcavüzkarlar haqqında lazımi tədbir görülmədiyini, bir milyondan artıq əhalinin uzun illər əzab-əziyyət içərisində, doğma od-ocaq, yurd həsrətində yaşadığını ifadə edir və xalqımızın haqlı tələbini bütün dünyaya çatdırır.
Ölkə başçısı dəfələrlə qeyd etmişdir ki, Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayanda çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Ermənistan münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və cavab atəşinə təhrik edirlər . Bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq.
Azərbaycan ilə Ermənistan arasında humanitar əsasda atəşkəs elan edilməsinə baxmayaraq, erməni tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhədən uzaqda yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutur. Cənab Prezident Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibədə bildirdi ki, Moskva anlaşmasında Azərbaycanın maraqlarına cavab verən maddələr qane edici idi. Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, Azərbaycan üçün  məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bundan xəbərimiz yox idi. Xarici İşlər naziri Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi. Lakin Ermənistanın planları tam başqa imiş. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar. Azərbaycan Ordusu hər zamankı kimi düşməni yerinə otuzdurmağı bacardı.
Sülhməlamlılar məsələsinə toxunan cənab Prezident İlham Əliyev bildirdi ki, İcazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz. Sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin - Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır bu gün sülhməramlıların göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. İcazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir!
Sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. Yəni, ilk növbədə, torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması lazımdır. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 illik müzakirə müddətində müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil.
Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda, bu cəhdlər səmərəsiz qalacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Minsk qrupuna həmsədrlik edən ölkələr, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Cənab Prezident hər dəfə xüsusi olaraq vurğulayır ki, bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, - orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, - Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində.
Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” telekanalına müsahibəsində ölkəmizin qətiyyətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ermənistan hökumətinin beynəlxalq səviyyədə məsuliyyətsizliyi davam edir və Paşinyanın da xalqına müraciətində hərbi döyüşdə aciz oldquqlarını ancaq güzəştə getmək istəməyərək, ərazilərimizdən çıxmaq niyyətində olmadıqlarını bəyan edirlər.
Dövlətimizin başçısı müsahibəsində vurğuladığı kimi, Qərb dövlətləri bunu qəbul etmək istəməsələr də, Türkiyənin bölgədə artan rolunu inkar etmək mümkün deyil. Bu mənada, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin fəal iştirakı reallıqdır. Digər tərəfdən, bir çox ölkələrdən fərqli olaraq, Türkiyə bu məsələdə ədalətin tərəfindədir. Ədalətli tərəf isə Azərbaycandır. Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi.
Birləşmiş Millətlər Təşkilatının 30 il müddətində icra edə bilmədiyi qətnamələrin icrası ilə Azərbaycan Prezidenti, ordusu, xalqı məşğul oldu. Bu gün dünyanı danışdırmağa sövq edən güc Azərbaycan xalqıdır. Ön  cəhbələrdə  igid  qəhrəmanlarımız  ədalətli  Vətən  müharibəsi aparırlar.  Erməni hərbçilərindən  fərqli olaraq  onlar  mülki  əhaliyə və obyektlərə atəş açmırlar. Milli  Ordumuz dinc  insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan düşmən raketlərini  qabaqlayıcı zərbə ilə sıradan çıxarır və   öz  xilaskarlıq  missiyasını  şərəflə yerinə  yetirir.  Arxada - informasiya cəbhəsində də gənclərimiz əzmlə erməni təxribatına və riyakarlığına qarşı  mübarizə aparırlar. Sevindirici hal odur ki, bu gün ölkə vətəndaşları böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirirlər. Cəbhəyə yaxın  yaşayış məntəqlərində  atəşə  məruz qalan sakinlərin  əhval-ruhiyyəsi yüksəkdir. Xalqımız əmindir ki, Ali Baş Komandan cənab İlham Əliyevin məntiqli hərb və diplomatiya strategiyası, o cümlədən rəşadətli ordumuzun gücü sayəsində tezliklə Qarabağımıza qovuşacaqdır.

YAP Pirallahı rayon təşkilatının əməkdaşı
Vüqar Nəsirov

Keçidlər