Şriftin ölçüsü :

Saytın rəngi :

29 №-li Uşaq Yaradıcılıq Mərkəzinin uğurları

28 dekabr 2013 | 11:00
  Pirallahı rayonunun 29 №-li Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələri son illər bir çox uğurlara imza atıblar. İlk müvəffəqiyyət 2012-2013-cü illər Uşaq Yaradıcılıq Mərkəzlərinin dərnək  üzvlərinin əl işlərindən ibarət Respublika sərgi-müsabiqəsində əldə edilib. 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqədə 29 №-li Uşaq Yaradıcılıq Mərkəzinin “Bədii tikmə” dərnəyinin üzvü, 186 №-li tam orta məktəbin şagirdi Əsmət Əhməd qızı Budaqova “Azərbaycan gözəlləri” kompozisiyası ilə I yerə layiq görülüb. Əsmət Budaqovanın uğurunda onun dərnək rəhbəri Təranə Səfquliyevanın da böyük rolu olmuşdur. Yenə həmin sərgi-müsabiqədə “Texniki estetika” dərnəyinin üzvləri,  186 №-li tam orta məktəbin şagirdləri  Selcan və Səmra Abbaslı bacıları “Həyat kompozisiyası” adlı işlə II yerə layiq görülüblər. Onların dərnək rəhbəri isə Gülmirə Kərimovadır. Qaliblər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən diplomlarla və qiymətli hədiyyələrlə təltif olunublar. Təqdimat mərasimində Millət vəkili Qənirə Paşayeva,  Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşları iştirak etmişlər.
 Ulu Öndərimizin 90 illik yubileyi münasibətilə təşkil edilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda Uşaq Yaradıcılıq Mərkəzlərinin dərnək üzvlərinin rəsm müsabiqəsi də 29 №-li Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələri üçün əlamətdar olmuşdur. Müsabiqə 2013-cü ilin may ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən  keçirilib. Mərkəzin “Rəssamlıq” dərnəyinin üzvü,  186 №-li tam orta məktəbin şagirdi Atlaz Aqil qızı Həsənovanın çəkdiyi rəsm I yerə layiq görülüb və qalib Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən diplom  və qiymətli hədiyyə ilə təltif edilib. Yola saldığımız ilin sonlarında 29 №-li Uşaq Yaradıcılıq Mərkəzinə daha bir şad xəbər gəlmişdir.  Artıq ənənəvi olan 2013-2014-cü illər Uşaq Yaradıcılıq Mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət Respublika sərgi-müsabiqəsində dərnək rəhbəri Təranə Səfquliyevanın daha bir yetirməsi önəmli uğura imza ataraq qalib gəlmişdir. 2013-cü ilin dekabrında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqədə Mərkəzin “Bədii tikmə” dərnəyinin üzvü, 186 №-li tam orta məktəbin şagirdi  Nuranə Namiq qızı Səfquliyevanın əl işi I yerə layiq görülmüş, gənc istedad Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyə ilə təltif edilmişdir. Biz qazanılmış bu uğurlar münasibətilə 29 №-li Uşaq Yaradıcılıq Mərkəzinin rəhbərliyini, yaradıcı kollektivini və bütün yetirmələrini təbrik edir, onlara təzə ildə yeni-yeni nailiyyətlər diləyirik.
Keçidlər