Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbə bütün regiona sülh gətirəcək

16 oktyabr 2020 | 11:00

Təəssüflər olsun ki, sülh həsrətində olan və müharibənin ən acı dəhşətlərini görən xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycan xalqı, müstəqillik qazandığı ilk günlərdə məcburi olaraq münaqişəyə cəlb edildi və düşmənin amansız vəhşiliklərinin şahidi oldu. Torpaqlarımızın işğalı ilə yanaşı soydaşlarımıza qarşı insanlığa sığmayan təcavüz aktları törədildi.
Ancaq Azərbaycan xalqı yenə də səbirlilik və dözümlülük nümayiş etdirərək müharibənin ədalətli prinsiplər əsasında dinc yolla həllinə ümid edirdi.  Əminliklə deyə bilərik ki, Azərbaycan  27 illik atəşkəs rejimi dövründə bütün öhdəliklərə əməl etdi. Lakin düşmən mütəmadi olaraq təxribatlar törədərək nələrsə əldə etməyə çalışırdı. Hər dəfə şanlı Ordumuz tərəfindən layiqli cavabını alan düşmən yenə də dərs almadı və vaxtaşırı öz çirkin əməllərini həyata keçirdi. Azərbaycan Prezidentinin işğal altında olan torpaqlarımızı güc yolu ilə azad etmək iqtidarında olduğumuz barədə dəfələrlə xəbərdarlıqlarına əhəmiyyət verməyən düşmənin son aylardakı azğın hərəkətlərinə qarşı əks-hücum əməliyyatlarına başladıq. Qısa zaman ərzində döyüş meydanında ağır məğlubiyyətlər alan Ermənistan hər zaman olduğu kimi çirkin əməllərə əl atmağa başladı. Əslində mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Hiyləgər düşmənin məqsədi Azərbaycan tərəfi eyni addım atmağa, yəni qarşı tərəfin mülki əhalisini atəşə tutmağa və beləliklə Ermənistana münaqişənin coğrafiyasını genişləndirməyə və üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etməyə vadar etməyə çalışır. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və cavab atəşinə təhrik edirlər.
Cəbhə zonasına aid olmayan yaşayış məntəqələrimizə, əhalinin sıx yaşadığı şəhərlərə və iri yaşayış məntəqələrinə artilleriya zərbələri endirmək Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan indi düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq.
Cəbhə boyu böyük üstünlüyə malik olan Azərbaycan humanistlik nümayiş etdirərək bir daha qan tökülməsinin əleyhinə olduğunu nümayiş etdirdi və humanitar atəşkəsə razılığını bildirdi. Sözsüz ki, Moskva şəhərində  razılaşdırılan atəşkəs rejiminin şərtləri və ona əməl olunması, və bundan sonra münaqişənin diplomatik yolla həlli Azərbaycanı qane edən qaydalar əsasında davam etdirilə bilərdi.  Atəşkəs imkan verəcək ki, bu məsələ artıq hərbi müstəvidən siyasi müstəviyə, diplomatik müstəviyə keçsin. Atəşkəs imkan verəcək ki, bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll olunsun. Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın.  Məhz Moskvada baş tutan danışıqların uzun çəkməsi də Azərbaycan üçün məqbul olmayan bəzi maddələrin ləğv olunması və şərtlərin tam olaraq ədalət prinsipləri çərçivəsində Azərbaycanın xeyrinə olması idi. Ermənistanın planları tam başqa imiş. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar.
Cərəyan edən hadisələr, cəbhə zonasındakı üstünlüyümüz və diplomatik uğurlarımız, status – kvonun Azərbacanın xeyrinə dəyişməsi göstərdi ki, Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda, bu cəhdlər səmərəsiz qalacaq.
Müsahibə zamanı Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Minsk qrupuna həmsədrlik edən ölkələr, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir.
Regionda sülhün təminatçısı qismində çıxış edən qardaş Türkiyə hər zaman olduğu kimi kimi, bir daha bu məsələ ilə bağlı Azərbaycanı açıq və birmənalı dəstəyini bəyan etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Türkiyə ilə yanaşı Pakistan da Azərbaycanın haqq işini dəstəklədi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlamalar verdi və bu xalqımıza mənəvi dəstək oldu.
Baş tuta biləcək danışıqlar prosesinin şərtləri barədə açıqlama verən Prezident İlham Əliyev qeyd edib ki:- “Birinci mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, - orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, - Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində. Artıq sülhə daha da yaxınlaşırıq. Qarabağda yaşayan ermənilərlə əlaqədar mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar vətəndaşımızdır. Ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq – deməklə Ali Baş Komandan bir daha Azərbaycanın erməni xalqı ilə deyil, erməni faşistləri ilə mübarizə apardığını sübut edib. Sözsüz ki, sonu sülh ilə nəticələnən bütün müharibələrin hər iki tərəfində güclü siyasi olması ilə yanaşı beynəlxalq təşkilatların da bu məsələdə köməyi münaqişənin sülh yolu ilə həllini sürətləndirəcək.
Son günlər cəbhə xəttində gedən döyüşlər zamanı xalqın Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək öz əsgərinə dəstək olması göstərdi ki, bu gün Azərbaycan tam başqa bir ölkədir! Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var. Xain hücumlar zərrə qədər də yolumuzdan döndərə bilməz! Ermənistanın digər bir məqsədi Azərbaycanı dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Heç kim dayandıra bilməz. Çünki haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik! – deyə Azərbaycan Prezidenti müsahibəsində qeyd etmişdir.
Hər gün yeni-yeni qəsəbə və yaşayış məskənlərimiz işğaldan azad edilir.  30 illik həsrətdən sonra insanlar öz ata-baba yurdlarına qayıdırlar. Müharibənin qələbə ilə bitməsi bütün regiona sülh, əminamanlıq gətirəcək. Bu qələbənin isə baş tutmasına çox az qalıb. Eşq olsun Azərbaycan Əsgərinə! Yaşasın Azərbaycan!

Loğman Müslümov
YAP P irallahı rayon təşkilatının könüllüsü

Keçidlər