Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın ərazi bütövlüyü “qırmızı xəttdir”

17 oktyabr 2020 | 11:00
Ali Baş  Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun  faşizm  ideologiyalı Ermənistan ordusunun hərbi təcavüzlərinə  cavab olaraq başlatdığı uğurlu əks-hücum əməliyyatları gətirdiyi qələbələrlə xalqımızın  ruhundakı  mübarizə əzmini oyatdı. Bu əməliyyatlarla illərdir həmsədr dövlətlərin yaratdığı cəzasızlıq mühitindən yararlanan Ermənistanın Azərbaycan qarşısında şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Qarabağda uğurlu əməliyyatlar həyata keçirən Azərbaycan Ordusu işğalçını geri çəkilməyə məcbur etdi. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi. Beləliklə, bu günlərdə bütün dünya Azərbaycan xalqının əzminə bir daha şahid oldu. Artıq, rəşadətli Ordumuz tərəfindən Cəbrayıl və Füzuli şəhərləri, 50-dən çox kənd, bəzi çox vacib strateji yüksəkliklər işğaldan azad edilib. Beləliklə, Azərbaycan Ordusu öz zəfər yürüşünü fasiləsiz olaraq davam etdirir. Azərbaycan xalqı qalibiyyət xəbərləri ilə zəfərə daha da köklənir. Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan İlham Əliyev tarix yazır. O, ən yeni Azərbaycan tarixinin ən böyük sərkərdəsi ünvanına artıq sahibdir.
Ölkəmizin iki həftədən artıqdır ki, cəbhədə və diplomatiyada içində olduğu gərgin vəziyyətə və erməni havadarlarının  təzyiqlərinə baxmayaraq, Prezident İlham Əliyev bugünlərdə öz prinsipiallığını bir daha nümayiş etdirir. Ordumuzun əldə etdiyi zəfərlər diplomatiya meydanında da uğurlara çevrilir. Belə ki, Rusiyanın paytaxtı Moskvada oktyabrın 9-dan 10-a keçən gecə keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin 11 saatlıq üçtərəfli görüşündən sonra əldə edilən humanitar atəşkəsin şərtləri  Azərbaycanı tam qane edirdi. Ancaq təəssüf ki, Ermənistan yenə öz xislətinə uyğun davranaraq atəşkəsin şərtlərinə əməl etmədi və Azərbaycanın mülki əhalisini və mülki infrastrukturunu atəşə tutdu.  11 oktyabr tarixində Gəncəyə gecə saatlarında ballistik raketlərlə hücum olundu və nəticədə 10 nəfər həlak oldu, 40-a yaxın şəxs yaralandı. Və yenidən 17 oktyabr tarixində gecə saatlarında Gəncənin mərkəzi hissəsi raket atəşinə tutuldu. Bu hücum nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Beləliklə, aydın görünür ki, Ermənistan cəbhədə uduzduqca mülki insanları hədəfə alaraq xalqımızın əzmini qırmağa çalışır amma mənfur düşmən hələ də dərk etmək istəmir ki, nə qədər çalışsa da xalqımızın əzmini qıra bilməz. Azərbaycan xalqı və dövləti öz yolundan dönməyəcək və Qarabağ uğrunda mübarizə ərazi bütövlüyümüz tam bərpa olunanadək davam edəcək.
Cənab Prezident sadəcə düşmənlə cəbhədə mübarizə aparmır, eyni zamanda, informasiya müharibəsi də aparır. Ölkə başçımız vaxtaşırı televiziya kanallarına müsahibələr verərək Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib. Müsahibəsində bir çox məqamlara toxunan ölkə başçısı münaqişə barədə ətraflı və dəqiq məlumat verməklə dünya ictimaiyyətinə regionda baş verən hadisələr barədə obyektiv məlumat almaq imkanı yaratmışdır.
Müsahibədə ilk olaraq münaqişənin başlamasından öncə baş verən proseslərlə bağlı məlumat verən cənab İlham Əliyev Tovuz hadisələrindən və Ermənistan tərəfindən təxribat məqsədi ilə göndərilən qrupdan söz açmışdır. Ölkə başçısı bildirmişdir ki, Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Daha sonra,  Ermənistanın dinc əhaliyə qarşı terror törətdiyi və bu günə qədər dinc əhali arasında itkilərimizin olduğu vurğulandı. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan tərəfi əsla mülki əhali ilə müharibə aparmır və cavabı daim cəbhədə verir.
Ölkə başçısı müsahibəsində hərbi əməliyyatların uğurla davam etdiyini bildirdi və əlavə etdi ki, ordu düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olub. Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir.
Daha bir vacib məsələ - xaricdən gələn muzdluların Azərbaycan Ordusu tərəfində iştirak etməsi - barədə fikir bildirən ölkə başçısı bunun yalan olduğunu, Azərbaycanın kifayət qədər güclü orduya malik olduğunu və Ordumuzda hansısa xarici hərbi iştiraka ehtiyac olmadığını bildirdi. Bundan əlavə, cənab Prezident, orduda 100 mindən çox döyüşçünün olduğunu və zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəmin bir neçə dəfə artırıla biləcəyini xatırlatdı. Beləliklə, bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir.
Aydındır ki, muzdluların peşəkarlıq səviyyəsi nizami ordu ilə müqayisə edilə bilməz. Azərbaycan Ordusu isə son günlərdə peşəkarlıq səviyyəsini bir daha nümayiş etdirdi. Erməni hərbi texnikalarının məhv edilməsi kadrları internetdə hər kəs üçün  əlçatandır. Ordumuz təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin bir milyard dollardan artıq dəyərdə hərbi texnikasını məhv edib. Beləliklə, Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Buna görə əlavə hərbi qüvvələrə ehtiyac yoxdur.
Daha sonra Moskvada qəbul olunan humanitar atəşkəs bəyanatı ilə bağlı da sualı cavablandıran cənab İlham Əliyev, Azərbaycanın prinsiplərə sadiq olduğunu ifadə etdi. Ölkə başçısı bildirdi ki, Azərbaycan Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində mövqelərin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdi. Lakin təəssüf ki, Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “hakimiyyət orqanları”nı danışıqlara cəlb etməyə cəhd göstərildi. Bu cəhd həm Azərbaycan tərəfindən, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi. Nitqinin davamında baza prinsipləri haqqında da məlumat verən Prezident İlham Əliyev bildirdi ki, bu prinsiplərdə Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır.
Jurnalistin, kompromislər və “qırmızı xəttlər” barədə sualına cavabında isə dövlət başçımız yenə prinsipial mövqe ortaya qoyaraq bildirmişdir: “Bizim mövqeyimiz həmişə çox konstruktiv, ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb......... “Qırmızı xətlərə” gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək”.
Beləliklə cənab İlham Əliyev öz prinsipial mövqeyini bir daha ifadə etdi. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycanın dünya tərəfindən qəbul olunan sərhədlərində ikinci bir dövlət yaratmaq ən sadə şəkildə desək qeyri-mümkündür.  Azərbaycan bununla heç vaxt razılaşmaz və buna icazə verməz.
Sonda münaqişənin tarixi ilə bağlı da geniş məlumat verən və Rusiya-Azərbaycan əlaqələrinin çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlı olduğunu xatırladan dövlət başçısı iki ölkənin əlaqələrinə heç bir qüvvənin təsir göstərə bilməyəcəyini də vurğulamışdır.
Burada bir məqamı da vurğulamaq yəqin ki, yerinə düşərdi. Biz dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyevin çox qısa zaman kəsiyində hətta bir neçə dəqiqə ərzində yaşı yüzilliklərlə ölçülən tarixi həqiqətləri auditoriyanın diqqətinə çatdırmağı məharətlə bacardığını müşahidə etmişik. Müsahibə zamanı Rusiya ictimaiyyətinə tarixi həqiqətləri anlatmaq çox vacib idi. Kürəkçay müqaviləsi, Qarabağın Azərbaycana məxsusluğu, İrandan ermənilərin köçürülməsini əlbəttə ki, hər birimizə məlumdur amma Rusiya ictimaiyyətinin bundan məlumatı olmaya bilər. Bu haqda məlumatları ölkə başçısının Rusiya ictimaiyyətinə, ermənipərəst ekspertlərə çatdırması xüsusilə əhəmiyyətli oldu.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könülüsü

Keçidlər