Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan bölgə və beynəlxalq təhlükəsizliyi təhdid edir

17 oktyabr 2020 | 11:00
30 ilə yaxın bir müddətdir ki, müharibə şəraitində yaşayan Azərbaycan artıq iqtisadi və hərbi sahə ilə yanaşı diplomatik sahədə də Ermənistanı üstələyir. Bu, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılmasında, müharibə edən tərəflərə qarşı beynəlxalq ictimaiyyətin və təşkilatların düzgün münasibət göstərməsində mühüm rol oynayır. Artıq bütün dünya ictimaiyyəti görməli və anlamalıdır ki, Ermənistan tərəfi işğal etdikləri Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etmək barədə beynəlxalq təşkilatların Qətnamə və qərarlarını icra etməməklə yanaşı atəşkəs rejimi dövründə mütəmadi olaraq hərbi təxribatlar törədərək Azərbaycanı müharibəyə təhrik etmək niyyətindədir. Məhz bu səbəbdəndir ki, Gəncədə, Tərtərdə, Mingəçevirdə,  Bərdədə, Goranboyda və digər müharibə zonası olmayan ərazilərdə  vaxtaşırı təxribatlar törədilir və mülki əhali atəşə tutulur. Müharibənin başladığı gündən bugünə kimi artıq 60 mülki şəxs həyatını itirib, 270 dinc sakin yaralanıb. Hər kəs anlamalıdır ki, bu isanların hər birinin qanı erməni hərbi-siyasi rəhbərliyinin əlindədir. Beləliklə, Ermənistan dayandırılmalıdır. Bütün beynəlxalq təşkilatlar, bölgədə söz sahibi olan ölkələr Azərbaycana bu haqq işində dəstək olmalı və Ermənistana “dur” deməlidir.
16 oktyabr tarixində Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna verdiyi müsahibəsində Prezident İlham Əliyev bildirmişdir ki, Ermənistan bölgə və beynəlxalq təhlükəsizliyi təhdid edir. Regionda sabitliyin, iqtisadi inkişafın təminatçısı olan Azərbaycana qarşı irəli sürülən ittihamlar,  hərbi təxribatlar, dinc yaşayış məskənlərimizə qarşı atılan artilleriya zərbələri nəticəsində soydaşlarımıza qarşı terror aktlarının davamlı törədilməsi  göstərirdi ki, Ermənistan yeni ərazilər işğal etmək niyyətindədir. Paşinyan hökumətinin bu cür addımları, həmçinin Ermənistanın müdafiə nazirinin yeni müharibəyə hazırlaşmaları barədə bəyanatları, Azərbaycana qarşı daim hədələr və təhqirlərin səslənməsi qarşıdurmanın hərbi yolla davamına gətirib çıxardı. Xüsusən son aylarda baş verən hadisələr sübut edir ki, hərbi əməliyyatlara başlayan tərəf Ermənistan olub.
İyul ayının 12-də Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmasından sonra layiqli cəzasını alan düşmənin avqust ayında Azərbaycan ərazisində terror aktları törətmək üçün göndərdiyi diversiya qrupunun zərəsizləşdirilməsindən də nəticə çıxarmayan ermənilər sentyabr ayında növbəti təxribat xarakterli hücumlara başladılar. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatlarına başlayan Silahlı Qüvvələrimiz tezliklə düşmənə ağır zərbələr vuraraq işğal altında olan torpaqlarımızı azad etməyə başladı. Döyüş zonasında ağır məğlubiyyətlərə uğrayan düşmən daha da azğınlaşalaraq dinc əhalimizə qarşı terror hərəkətlərini həyata keçirməyə başladı. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir.
Bunun əvəzini isə ordumuz düşməndən döyüş meydanında çıxır. Uğurla davam edən hərbi əməliyyatlarımız nəticəsində düşmən silahlı birləşmələri xeyli sayda canlı itki verərək döyüş meydanında hərbi sursat və texnikaları ataraq qaçırlar. Ölkə başçısının da dediyi kimi, döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. Ordu düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail oldu. Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir.
Bütün hərbi uğurlar və torpaqlarımızın işğaldan azad edilməsi ordumuzun gücü sayəsində baş verir. Regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin tərkibində düşməndən fərqli olaraq xaricdən gələn muzdlular yoxdur. Azərbaycanda ümumiyyətlə hər hansı xarici hərbi iştiraka da ehtiyac yoxdur. Orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur.
Son illər aparılan uğurlu islahatlar nəticəsində ordumuzun döyüş qabiliyyəti xeyli artmışdır.  Ən müasir texnikalarla təchiz olunan ordumuzda Pilotsuz zərbə uçuş aparatlarından məharətlə istifadə edilir. Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Buraya başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Buna görə əlavə hərbi qüvvələrə ehtiyac yoxdur.
Son günlər cəbhə xəttində aparılan uğurlu əməliyyatlar sübut etdi ki, Azərbaycan işğal edilmiş torpaqlarını düşməni sülhə məcbur etmək yolu ilə alacaq. Son 27 ildə atəşkəs rejimi dövründə  Azərbaycan prinsiplərə sadiqlik nümayiş etdirmişdir.  Bununla bağlı ölkə başçısı cənab İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində demişdir: Minsk qrupu çərçivəsində əldə edilən prinsiplər uzun illər ərzində işlənib hazırlanıb. Azərbaycan Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində mövqelərin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdi. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi.  Lakin təəssüf ki, Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “hakimiyyət orqanları”nı danışıqlara cəlb etməyə cəhd göstərildi. Bu cəhd həm bizim tərəfimizdən, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi.
Daim beynəlxalq tribunadan torpaqlarımızın işğalı ilə barışmayacağımızı qətiyyətlə bildirən Ali Baş Komandan İlham Əliyev müsahibənin davamında da düşmənə güzəşt getməyəcəyini bildirdi. Öz ölkəsində məcburi köçkün halında yaşayan soydaşlarımız öz tarixi yurdlarına - həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmalıdır.
Bu gün Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır. Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün Qarabağdakı hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə  Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir.
Müsahibəsi zamanı ermənilərin Qarabağa köçürülməsinin tarixi ilə bağlı da geniş məlumat verən Azərbaycan Prezidenti bununla yanaşı, Azərbaycan və Rusiyanın çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlı olduğunu xatırlatdı. Ölkə başçımız bildirdi ki, heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdləri var. Lakin Rusiya və Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində münasibətlər nəinki geriləmir, irəliyə gedir. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırırlar.
Sonda bir daha bildirmək istərdim ki, hazırda tarix bir daha təkrarlanır. Keçən əsrin əvvəllərində layiqli cəzasını alan ermənilər tezliklə XXI əsrin əvvəllərində də öz layiqli cəzalarını alacaqlar.

Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər