Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əsas amalı xalqının etimadını doğrultmaqdır

18 oktyabr 2020 | 11:00
Bu günlər müharibə həm cəbhədə, həm diplomatik sahədə, həm də informasiya müstəvisində gedir. Hər birimizin bildiyi kimi informasiya savaşına cənab Prezident İlham Əliyev şəxsən özü başçılıq edir. Hər gün ölkə başçısı müxtəlif dövlətlərin telekanallarına geniş müsahibələr və açıqlamalar verir. Müsahibələrində faktlara istinad edərək, təqzib edilməyəcək fikirlər ortaya qoyan ölkə başçımıza bütün dünya şahidlik edir.
Rusiyanın Ria Novosti agentliyi 15 oktyabr tarixində Ermənistan və Azərbaycan liderlərindən ard-arda müsahibələr aldılar. Hər iki tərəfə eyni suallar, eyni şərait, eyni imkanlar yaradıldı, ancaq fərq açıq-aşkar ortada idi. Bir tərəfdə müasir dövlət quran qalib lider, digər tərəfdə isə öz ölkəsini məğlubiyyətə sürükləyən məğlub bir avantürüst. Rusiyanın televiziya kanalları ilk dəfə deyil ki, hər iki dövlətin liderlərinə eyni vaxtı ayırırlar. İki ölkə liderlərinin hər çıxışından sonra isə hər kəs tərəfindən sadəcə bir fikir səsləndirilir. Məntiq, xarici dil biliyi, məsələləri izah etmək, real faktları ortaya qoymaq  və s.  baxımından İlham Əliyev və N.Paşinyan arasında müqayisə edilməyəcək qədər fərq var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər cəhətdən erməni baş naziri dəfələrlə üstələyir.
Sözü gedən müsahibədə ölkə başçısına verilən suallardan biri muzdluların Azərbaycan Ordusu tərəfində iştirak etməsi barədə oldu. Ölkə başçısı bir çox müsahibələrində Azərbaycanın yüz minlik ordusu olduğunu, bizim əlavə gücə, muzdlulara ehtiyac olmadığımızı söyləyib. Burada da ölkə başçısı, Ermənistanın darmadağın edilmiş hərbi texnikasının nümunəsində tam məntiqli şəkildə qeyd etdi ki, muzdlular bunu etmək üçün heç bir kvalikasiya və texniki imkanlara malik deyillər. Azərbaycan terrorla mübarizənin ön cərgələrində gedən dövlətdir və terrorçuların ölkə və qonşular üçün təhlükə yaratmasına imkan verə bilməz. Bizim ordu yüksək hərbi texnologiyalardan, çağdaş silahlardan istifadə edən bir ordudur. Bunun üçün də əsgərlərdən böyük bacarıq, savad, bilik tələb olunur. Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Bu gün Azərbaycan ordusunun 8-9 düşmən tankını məhv edən döyüşçüləri var. Amma muzdlu döyüşçülərdən belə nəticələr gözləmək mümükün deyil. Əgər bir döyüşçümüz 8 tankı məhv edə, yüksək texnologiyaları istifadə edə bilirsə muzdlulara nə ehtiyac var?! Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Qarabağda partizan müharibəsi getmir. Nizami Azərbaycan ordusu hücuma keçir, artilleriya döyüşləri gedir, PUA-lar hədəfləri vurur yəni qısacası burda muzdlu nə etmək olar? Tam əksinə muzdlulara Ermənistanın ehtiyacı var. Bu günlərdə erməni separatçılarının lideri sayılan A.Arturyan guya özlərinin qanunlarında dəyişiklik edib ki, muzdluları toplaya bilər və buna ehtiyacları var. Nikol Paşinyan isə daha öncə elan etmişdir ki, hərbi mükəlləfiyyət haqqında qanunda dəyişiklik ola bilər. Göründüyü kimi Ermənistan tərəfinin resursları çatışmır. Onsuzda Ermənistan tərəfi daha əvvəl də PKK və ASALA terrorçularını Qarabağa yığmışdılar. Bunlar faktlardır. Azərbaycan tərəfindən döyüşən əsgərlərin sırasında muzdluların olması barədə heç bir fakt yoxdur. Ermənistanın baş naziri Azərbaycan Ordusunda muzdluların iştirakı ilə bağlı heç bir fakt təqdim edə bilmir, xarici mediada ümumi sözlərdən ibarət materialları və fake məlumatları buna əsas kimi göstərir. Amma fakt yoxdur. Azərbaycan lideri isə ifadə etdiyi  hər bir fikiri faktlarla əsaslandıraraq, təqzib edilməyək şəkildə bildirir. Məhz bunun nəticəsidir ki, iki lider arasında hər bir debatın qalibi şübhəyə yer qoymayacaq şəkildə Azərbaycan Prezidenti olur.
Jurnalistin növbəti sualı “Bu müharibənin qəddarlığı artıq tarixə düşüb. Siz də bu müharibə tarixinin bir hissəsisiz. Tarixdə necə qalmaq istəyərdiniz?” oldu. Suala cavabında dövlət başçımız bütün müharibələrin qurban tələb etdiyini və qəddarlıq olduğunu göstərməklə yanaşı, böyük auditoriyanın diqqətinə Azərbaycanın və Ermənistanın apardığı müharibənin fərqlərini çatdırdı. Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçünsə işğalçı müharibədir. 30 il ərzində azərbaycanlıların öz torpaqlarına buraxılmaması nə beynəlxalq hüquq, nə də ki insan mənəviyyatı baxımından izah oluna bilməz. Azərbaycan əsgəri öz torpağında və öz torpağı üçün həyatını qurban verir, Ermənistan əsgəri isə onun hakimiyyətinin işğal altında saxladığı başqa ölkənin ərazisində ölür. Prezident onu da diqqətə çatdırır ki, tarixdəki rolu haqqında fikirləşməyib və əsas vəzifəsini Azərbaycan xalqının etimadını doğrultmaqda, verdiyi vədləri yerinə yetirməkdə görür. Bu suala cavabı rəyini rəhbər tutduğu və iradəsini ifadə etdiyi xalq verə bilər. Paşinyan isə bu suala cavab verə bilmir. Heç bir aidiyyəti olmadığı halda, bu məsələnin şəxsi ambisiyalarla bağlı olmadığını deyir. Eyni zamanda, münaqişənin özünün də ya anlamadığı, ya izah edə bilmədiyi, ya da ki şüurlu şəkildə qaçdığı kompromis əsasında həll olunması məsələsinə toxunur. Aparıcı münaqişənin həllində Ermənistanın hansı kompromislərə getməyə hazır olduğunu öyrənmək üçün sualı 3 dəfə təkrarlayır, amma yenə də Paşinyandan məntiqli cavab ala bilmir.
Prezident İlham Əliyev müsahibəsinin sonunda Rusiya auditoriyasında, mediasında Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında yanlış fikirlərin və fərqli yanaşmaların olduğunu nəzərə alaraq, faktlar əsasında tarixi gerçəkilik barədə qısa, lakin müfəssəl məlumat da verdi. Prezident İlham Əliyevin bu yanaşması vətənpərvərliyin, ali vəzifə kimi Azərbaycanın milli maraqlarının müdafiəsi və təbliğinin hər bir vətəndaş üçün prioritet vəzifə olduğunu aydın şəkildə nümayiş etdirir.
Müsahibədə  Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanan suallara verilən cavablar bir daha göstərdi ki, düşmən ölkənin rəhbəri nəinki siyasi bilikləri, heç özünü ifadə etmək qabiliyyətinə də sahib deyil. Qarşılığında isə prezident İlham Əliyevin faktlara söykənən və qəti mövqeli çıxışı, izləyicilərin real vəziyyəti dərk etməsinə şərait yaratdı. Nikol Paşinyan öz çıxışı ilə növbəti dəfə həm özünü, həm də xalqını rəzil etdi. Bütün bunların fonunda Rusiya ictimaiyyəti Prezident İlham Əliyevin simasında fikirlərini gözəl nitq və məntiqlə izah edən haqlı lider, Paşinyanın simasında isə özünü itirmiş, fərziyyələrlə danışan, yarımçıq jurnalistikadan siyasətə keçə bilməyən dayaz bir obraz gördü.

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər