Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni zəfər müjdələrinə doğru

18 oktyabr 2020 | 11:00
Azərbaycan Ordusu öz qüdrətini bütün dünyaya nümayiş etdirdi
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu növbəti təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları artıq 22 gündür davam edir. Ötən müddət ərzində düşmənə ciddi sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu onu müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur edib. Hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin təxminən 2 milyard dollar dəyərində hərbi texnikası, silah-sursatı məhv edilib və ya qənimət götürülüb. Ermənistanın buna cavabı isə yenə öz xislətinə uyğun olaraq mülki əhalini hədəfə almaq olub. Ermənistan tərəfindən indiyə kimi Gəncəyə, Tərtərə, Mingəçevirə və digər savaş zonası  olmayan mülki ərazilərə hücumlar olub. Nəticədə 60 mülki şəxs həyatını itirib, 270 dinc sakin yaralanıb. Xatırladaq ki, bu rəqəmlər vaxtaşırı dəyişməkdə və artmaqdadır. Azərbaycanın sivil əhalisinə qarşı genişmiqyaslı terror aktlarının törədilməsi, ağır artilleriya və raket qurğularından istifadə edərək mülki əhalini hədəfə almaq bir daha sübut edir ki, Ermənistan hakimiyyəti hərbi cinayətkardır. Bu əməlləri ilə bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması ifşa edilir və bütün dünyaya göstərilir. Bir daha sübut olunur ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir.
Azərbaycan xalqı tarix boyu erməni xəyanətini dəfələrlə görüb. Onların  qəddarlığının dəfələrlə  şahidi və  qurbanı olub. Təkcə Xocalı soyqırımını misal gətirmək kifayət edər ki, erməni qəddarlığının həcmi başa düşülsün. Biz bunu Ermənistanın timsalında Moskva anlaşmasının pozulmasında yenə gördük. Moskva anlaşması imkan verirdi ki, bu məsələ artıq hərbi müstəvidən, siyasi müstəviyə, yəni diplomatik müstəviyə keçsin. Münaqişə cəbhədə  deyil, danışıqlar masası arxasında həll olunsun. Lakin ermənilər hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edib vaxt qazana bilər, öz qüvvələrini səfərbər edib Azərbaycana  qarşı hücumları davam etdirə bilərlər. Amma hadisələrin sonrakı gedişatı göstərdi ki, onlar yanılıblar. Ermənilərin Gəncədə mülki əhaliyə hücumu ilə bağlı Prezident İlham Əliyev dəfələrlə fikir bildirmiş və bunun qisasının yalnız cəbhədə alınacağını qətiyyətlə vurğulamışdır. Ölkə başçısı 16 oktyabr tarixində Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində də bu barədə danışmışdır: “Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz birinci Qarabağ savaşında da gördük. ....... Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlak oldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda”. Bir daha vurğulamaq istərdim ki, Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, biz şəhid olan vətəndaşlarımızın  qisasını yalnız döyüş meydanında alırıq. 17 Oktyabr tarixində Ermənistan silahlı qüvvələrinin Gəncəni ağır artilleriya silahlarından atəşə tutması nəticəsində itirdiyimiz vətəndaşların qisasını elə həmin gün cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsini, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyasını, 5 ədəd T-72 tankını, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topunu və 1 ədəd KS-19 zenit toplarını, 6 ədəd avtomobil texnikasını məhv edərək aldıq. Gəncəyə olan hücumdan saatlar sonra Ali Baş Komandan Füzuli şəhərinin və daha bir neçə kəndin işğaldan azad olunduğu müjdəsini açıqladı. Bizim mənfur düşmənə cavabımız bax budur. Biz cavabı yalnız hərb meydanında veririk.
Ölkə başçısı müsahibədə, işğal olunmuş ərazilərimizdə bütün təmas xətti boyunca çox güclü istehkam qurulduğunu və bəzi yerlərdə dörd müdafiə xəttinin belə olduğunu bildirdi və əlavə etdi ki,  onları keçmək böyük qəhrəmanlıq tələb edirdi və Azərbaycan Ordusunun düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçuş aparatlarına ehtiyacı var idi. Daha sonra, jurnalist bu tipli istehkam üsullarının PKK, PYD tərəfindən istifadə edildiyini xatırlatdı və bölgədə onların da dəstəyinin ola biləcəyi ilə bağlı ölkə başçımıza sual ünvanladı. Cənab Prezident cavabında bildirdi ki, Dağlıq  Qarabağ nəzarətsiz ərazidir və orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud olub. İstisna edilmir ki, onlar da bu istehkamların qurulmasında rol oynayır. Bundan əlavə ölkə başçısı bildirdi ki, bu gün erməni tərəfindən vuruşan, öldürülən insanlar arasında şübhəli insanlar da var. Kanada pasportlu, Livan pasportlu insanlar var. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan insanlar var. Amma dəqiqdir ki, onlar erməni əsgəri deyil. Yəni, muzdlulardır.
Jurnalistin növbəti sualı, Ermənistanın Azərbaycana öz ərazilərindən raket hücumları həyata keçirməsi və buna qarşılıq Azərbaycanın Ermənistan ərazilərinə əməliyyat haqqının ortaya çıxması ilə bağlı oldu. Ölkə başçısı cavabında yenidən xatırlatdı ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Ümumiyyətlə Azərbaycanın başqa ölkələrin torpağında gözü yoxdur və bundan sonra da olmayacaq amma Ermənistan öz ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəklərsə, - necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan vurdular, - bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin. Beləliklə Azərbaycan Prezidenti yenidən öz qətiyyətli və prinsipial mövqeyini ortaya qoydu. Əlbəttə ki, Azərbaycan Ermənistan ərazisinə heç bir hərbi müdaxilə etmək ya da müharibə coğrafiyasını genişlətmək istəmir amma Ermənistan ərazisindən ölkəmizə atılan raketlər bizim üçün hərbi hədəflərdir. Mülki əhalimizi, mülki infrastrukturumuzu və ərazi bütövlüyümüzü qorumaq bizim qanuni haqqımızdır.
Daha sonra əks-hücum əməliyyatının ilk günlərindən Türkiyənin və Pakistanın, daha sonra digər bir neçə ölkənin Azərbaycana açıq dəstək verməsi bağlı fikir bildirən cənab Prezident bunun Azərbaycan xalqını mənəvi olaraq ruhlandırdığını və dəstək olduğunu amma digər ölkələrin hərbi dəstək verməsindən söhbət belə getmədiyini vurğuladı və əlavə olaraq qeyd etdi ki, buna ehtiyac yoxdur. Bu fikirlər sadəcə Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq və Azərbaycan Ordusunun gücünü pərdələmək üçün uydurduğu yalanlardır.  Türkiyənin və digər qardaş ölkələrin Azərbaycana dəstəyi yalnız mənəvi və siyasi dəstəkdir.
Türkiyənin Qarabağ probleminin həllindəki rolundan da danışan ölkə başçısı bildirdi ki, de-fakto Türkiyə artıq müzakirə masasındadır. Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıqları olubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görə Türkiyə de-fakto buradadır. Türkiyəni bu prosesdən kənardan saxlamaq həm düzgün deyil, həm də ki, mümkün deyil.
Müsahibənin davamında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin və qonşu ölkələrin mövqeyində də danışan ölkə başçısı vurğulamışdır ki, həmsədr ölkələr tərəfsizliklərini qorumalıdır. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Qonşu ölkələrlə bağlı isə ölkə başçısı bildirdi ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə ölkə başçımız İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkürünü bildirdi.
Müsahibənin ən vacib hissələrindən biri də status kvo ilə bağlı oldu. Ölkə başçısı yenidən qətiyyətlə bəyan etdi  ki, status-kvo artıq yoxdur. Döyüş meydanında biz bunu artıq məhv etdik. İndi Cəbrayıl şəhəri bizdədir, Cəbrayıl rayonunun kəndlərinin böyük hissəsi bizdədir. Füzuli rayonunun kəndlərinin də mütləq əksəriyyəti bizdədir. İndi biz Füzuli şəhərini də görürük. Hadrut bizdədir, Suqovuşan bizdədir.
Ölkə başçısının daha bir diqqət çəkən açıqlaması isə Şuşa ilə bağlı oldu. “Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.
Jurnalistin -bu dövrdə Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu?- sualına da cavab verən ölkə başçısı yenə də xalqı ilə eyni hissləri, eyni fikirləri bölüşdüyünü sübut etdi. Cənab Prezident bildirdi ki, Onu ən çox kədərləndirən bizim itkilərimizdir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür, istər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı bizim soydaşlarımızdır, bizim övladlarımızdır, qardaşlarımızdır.
Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən,  bunlardır.
Bəli, bu gün rəşadətli Azərbaycan Ordusu öz yenilməz, vüqarlı Prezidenti ilə birgə tarix yazır. Azərbaycanın ərazi bütövlüyünü bütün dünyaya tanıdır. Bu gün bütün Azərbaycan “Qarabağ Azərbaycandır!” şüarı altında Prezident, Ali Baş komandan ətrafında səfərbər olub. Danışıqlar masasında və hərb meydanında bütün addımlar “Qarabağ Azərbaycandır!” şüarı naminə atılır.

Azad Namazov
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər