Döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur
Sentyabrın 27-dən ordumuzun qətiyyətli əks-hücum əməliyyatları nəticəsində xeyli sayda yaşayış məntəqələrimiz, strateji yüksəkliklərimiz, o cümlədən 27 ildir işğaldan azad olunmasını gözləyən Cəbrayıl və Füzuli şəhəri işğaldan azad edildi. Azərbaycan Ordusu qələbələri ilə tarix yazmaqla 30 ilə yaxın bəyanatları kağız üzərində qalan dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara bu həqiqəti çatdırdı ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi, ən əsası işğal altında olan bütün torpaqlarımızın azad olacağı qaçılmazdır. Dövlətimizin başçısı İlham Əliyev ötən bu müddətdə xarici ölkələrin televiziya kanallarına verdiyi müsahibələrində, həmçinin xalqa müraciətlərində Ermənistanın yeni ərazilər iddiası ilə müharibə planının mövcudluğundan, hər vasitə ilə danışıqlar prosesini pozmaq cəhdlərindən, bütün bu çirkin əməllərin qarşılığında Azərbaycanın heç zaman öz mövqeyindən geri çəkilməməsindən, ən əsası isə işğalçı dövlətin danışıqlar masası ətrafında oturacağından bəhs etmişdir.
Son günlərdə Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna verdiyi müsahibədə bir çox məsələlərə toxunub. Xüsusi ilə erməni terrorçularının dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri diqqətə çatdıran cənab Prezident bildirmişdir ki, hərbi əməliyyatlara Ermənistan başlayıb. Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Bununla yanaşı, ölkə başçısı Ermənistanın dinc əhaliyə qarşı terror törətdiyini də diqqətə çatdırmışdır.
Törətdiyi vəhşiliklərə baxmayaraq, bəzi qüvvələrin Ermənistanı müdafiə etmələri, cinayətlərinə etinasız qalmaları bağışlanmazdır. Moskvada keçirilən görüşlərdə razılaşdırılan “humanitar atəşkəs”in erməni xisləti baxımından açıqlaması Gəncədə törədilən vəhşilik idi. İşğalçıya vaxt, silah-sursat tədarükü qazandıran bu “humanitar” addım bir gün də olsun susmayan silahların daha çox dağıdıcı gücə malik, uzaqməsafəli raketlərlə əvəzlənməsini təmin etdi. Ermənistanın törətdiyi cinayətlərə, terrora, soyqırımlarına əsrlərlə susan, yeri gəldikdə dəstək verən ermənipərəst dairələr kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli tapşırılmış ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də loyal yanaşmaları ilə ərköyünləşdirdikləri Ermənistana təsir və təzyiq göstərmək əvəzinə, yenidən “masa”, “danışıq” tələbi irəli sürürlər. Soruşmaq lazımdır ki, 30 ildir bölgəyə turist səfərləri edən, məsul olduqları vəzifələri yerinə yetirməkdən başqa hər cür istirahət edən və bu gün də eyni siyasətlərinə sadiq qalan Rusiya, Fransa, ABŞ Ermənistana nə səbəblə hələ də susurlar.
Ali Baş Komandan Ria Novosti agentliyinə verdiyi müsahibədə vurğuladı ki, döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. Ordu düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail oldu. Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir. Azərbaycanda xaricdən gələn muzdlular yoxdur. Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur. Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Buna görə əlavə hərbi qüvvələrə ehtiyac yoxdur.
Müsahibə zamanı münaqişə ilə bağlı ölkə başçısının qeyd etdiyi tarixi faktlar ermənilərin “Qarabağ qədimi erməni torpağıdır” kimi absurd fikirlərinin üstündən xətt çəkmiş oldu. Cənab Prezident bildirdi ki, XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Ermənilərin Qarabağa kütləvi köçürülməsi XIX əsrdə başlayıb. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Qarabağ Azərbaycanın tərkibində idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi.
Bütün bu tarixi faktlara və mövcud vəziyyətə baxsaq münaqişənin həlli üçün ən doğru yol münaqişənin ədalətli həll yoludur. Azərbaycan xalqının ümumi rəyinə görə ədalət Azərbaycan Respublikasının ərazi bötövlüyünün toxunulmazlığından keçir. Bu ictimai rəyin arxasında yüz illərin qayda və ənənələrini özündə ehtiva edən ictimai-siyasi tarix durur. Həll mərhələlərində baş verən siyasi-ictimai proseslər göstərir ki, ərazi bütövlüyünə xələl gətirən hər hansı bir variant Cənubi Qafqazda sabitliyin əldə edilməsinə yardım edə bilməz və bölgəni daha dərin böhranlara, bitməz münaqişələrə sala bilər.
Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının könüllüsü