Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Silahlı Qüvvələri qarşısında Ermənistan ordusu müharibədə qısa zamanda əridi, yox oldu

19 oktyabr 2020 | 11:00
Nəhayət bu günlərdə 30 illik ümidlər reallığa çevrilir. Sentyabr ayının 27-dən etibarən Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın yeni – şanlı tarixini yazır.  Bu qürurlu anları yaşamaq üçün  Azərbaycan xalqı 30 il  səbir etdi, dözümlülük göstərdi. Haqqın, ədalətin qan tökülmədən bərpasına, beynəlxalq qanunların düşmən tərəfindən icra olunmasına ümid etdi, atəşkəs elan olunan gündən bu günədək öhdəliklərə əməl etdi. Düşmən isə bütün bu vaxt boyunca hər vasitə ilə bizi silaha əl ataraq döyüşməyə təhrik edirdi. Amma indi döyüş meydanında Azərbaycan əsgəri qarşısında aciz qaldı və ənənəvi özünü xilas metoduna üz tutdu və terrora, dinc əhaliyə qarşı cinayətlərə əl atdı. Əminliklə deyə bilərik ki, Ermənistan tərəfinin bu hərəkəti heç kimi təəccübləndirmir. Çünki, Ermənistan tərəfi döyüş meydanında məğlubiyyətə uğrayanda həmişə mülki şəxslərə atəş açır. Bu birinci Qarabağ savaşında da belə olub.
Erməni Silahlı Qüvvələrinin cəbhə zonasına aid olmayan şəhər və qəsəbələrimizə, yaşayış məntəqələrimizə artilleriya zərbələri endirməsi nəticəsində mülki şəxslər arasında insan itkisi davam edir. Xüsusən Gəncə, Tərtər və Ağdama atılan mərmi və raketlər nəticəsində mülki şəxslər arasında ölənlərin sayı artır. Sözsüz ki, Azərbaycan heç bir zaman mülki əhaliyə qarşı vuruşmayıb və bundan sonra da vuruşmayacaq. Dinc əhaliyə qarşı törədilən terror və cinayətlərin qisasını Silahlı Qüvvələrimiz döyüş meydanında alır. Silahlı Qüvvələrimiz qarşısında tab gətirə bilməyən və xeyli sayda canlı itki verən düşmən çıxış yolunu özünün dəfələrlə pozduğu atəşkəsdə  gördü. 10 oktyabr tarixində, Rusiyanın vasitəçiliyi humanitar atəşkəs barədə razılığıa gəlindi. Atəşkəsin məqsədi döyüş meydanından cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi idi. Lakin xain ermənilər bundan da istifadə etdilər. Humanitar atəşkəsin qüvvəyə mindiyi ilk saatlarda dinc əhaliyə qarşı qadağan olunmuş raketlərdən istifadə etdilər. Bu təkcə beynəlxalq qanunların, Cenevrə Konvensiyasının maddələrinin pozulması deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş bir cinayətdir. 17 Oktyabr tarixində düşmən yenə də Gəncəni ballistik raketlərlə hədəfə aldı və nəticədə 13 nəfər həlak oldu, 45-dən artıq şəxs yaralandı, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydib Beləliklə, aydın görünür ki, Ermənistan cəbhədə uduzduqca mülki insanları hədəfə alaraq xalqımızın əzmini qırmağa çalışır amma mənfur düşmən hələ də dərk etmək istəmir ki, nə qədər çalışsa da xalqımızın əzmini qıra bilməz. Azərbaycan xalqı və dövləti öz yolundan dönməyəcək və Qarabağ uğrunda mübarizə ərazi bütövlüyümüz tam bərpa olunanadək davam edəcək. Bu, qaçılmaz sonluqdur.
Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri qarşısında Ermənistan ordusu müharibədə qısa zamanda əridi, yox oldu. Düşmənin itkiləri hər gün dəyişən bir statistikadır. Amma deyə bilərik ki, indiyə qədər hesablamalara görə, Ermənistan ordusuna təqribən 2 milyard dollar ətrafında ziyan dəyib. Və bu, davam edir.
Bir məsələ də xüsusilə vurğulanmalıdır ki, hərbi texnika ilə canlı qüvvə sarıdan korluq çəkən düşmən muzdlu döyüşçülərdən istifadə edir. Dağlıq Qarabağ ərazisi uzun müddət nəzarətsiz qaldığından orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi. İstisna edilmir ki, həmin qanunsuz silahlı birləşmələrin nümayəndələri Erməni silahlı qüvvələrinin tərəfində Azərbaycana qarşı vuruşur. Bununla bağlı ölkə başçısı demişdir: “Bu gün erməni tərəfindən vuruşan, öldürülən insanlar arasında şübhəli insanlar da var. Hər halda Kanada pasportlu, Livan pasportlu insanlar var. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan insanlar var. Amma dəqiqdir ki, onlar erməni əsgəri deyil. Yəni, onlar muzdlulardır”. Beləliklə, erməni tərəfində vuruşanlar içərisində muzdluların da olması demək olar ki, artıq dəqiqləşdirilmiş faktdır. 
Cəbhə xəttində döyüşlərdə uduzan Ermənistan son çarə olaraq müharibənin coğrafiyasını genişlətməyə çalışır. Ermənistan münaqişə zonasında olmayan mülki obyektləri hədəfə alaraq Azərbaycanın da Ermənistan ərazisinə həmlə etməsinə çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanın Ermənistan torpağında hərbi məqsədləri yoxdur. Ancaq, eyni zamanda, Ermənistan öz ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəklərsə, - necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan vurdular, - bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilməlidir.
Ölkə başçısının Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində xüsusi olaraq vurğuladığı mövzulardan biri də Türkiyənin rolu ilə bağlı oldu. Ölkə başçısı vurğuladı ki, regionda sülhün təminatçısı qismində çıxış edən Türkiyənin gücündən narahat olan dairələr var. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir.
Daha sonra ölkə başçısı Türkiyənin Qarabağ müharibəsindəki rolundan danışdı və bildirdi ki, “De-fakto Türkiyə artıq müzakirə masasındadır. Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıqları olubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görə Türkiyə de-fakto buradadır”.
Ölkə başçısı əlavə etdi ki, Türkiyə ilə son illərdə iqtisadi əlaqələrlə yanaşı hərbi əməkdaşlığımız da genişlənib.  Türkiyənin qüdrətinin artmasının əsas səbəbi isə Rəcəb Tayyib Ərdoğanın təkcə türk xalqının, türk dünyasının deyil, dünya səviyyəli lider olmasından irəli gəlir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı... Bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik.
Sonda, cənab Prezident vurğuladı ki, Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyəti, xalqımızın sarsılmaz iradəsi döyüş meydanında yeni zəfər  müjdələrinin sayını artıracaq. Bu gün ermənilər tərəfindən Stalinqrada çevrilən Tərtərdə, mərmilər altında normal həyatlarına davam edən  Gəncə, Ağdam, Mingəçevir və digər artilleriya atəşinə məruz qalan ərazilərimizdə dinc əhali milli həmrəylik nümayiş etdirir. Hər kəs itkilərinə, ağrı-acılarına baxmayaraq  sadəcə bir amala görə dözür və “Vətən sağ olsun” deyir. Hər bir azərbaycanlı başa düşür ki, ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifədir. Buna nail olmaq üçün isə böyük səy göstərilməlidir.


Loğman Müslümov
Rayon ziyalısı

Keçidlər