Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq və rəşadətli ordu öz qələbə salnaməsini yazır...

20 oktyabr 2020 | 11:00
        Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək bildirib ki, “Ermənistanın faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, yaralanıb.Bütün sivil dünya qüvvələri rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sıxışmayan əməllərin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55 dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir.Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə başqa ölkələrdən ermənilərin gətirilməsi və məskunlaşdırması hərbi cinayətdir, habelə Cenevrə Konvensiyasına ziddir. 30 il ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımız amansızcasına dağıdılıb. Bütün binalar və dini abidələrimiz sökülüb. Odur ki, Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir.
      27-si sentyabr tarixindən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulubdur. Sadəcə olaraq, vətəndaşlarımızın diqqətinə bəzi rəqəmləri çatdırmaq istəyirəm. Bildirməliyəm ki, çatdıracağım siyahı natamamdır, düşmənin daha böyük həcmdə texnikası məhv edilib və əlbəttə ki, döyüş zamanı bunun dəqiq hesablanması mümkün deyil. Ancaq gətirəcəyim rəqəmlər əyani şəkildə göstərir ki, biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Yəni bu, sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır? Bəzi hallarda bizə qarşı iradlar irəli sürülür ki, biz silahlanırıq, biz silah alırıq və bu, elə bil ki, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur, bəs Ermənistan silahlananda? Bəs, bu kasıb, yoxsul ölkədə bu qədər silah-texnika haradandır və bu gün də onlara qaçaq yollarla, qaçaqmalçılıq sxemləri əsasında silahlar, texnika göndərilir və çox təhlükəli, böyük dağıdıcı gücə malik olan texnikalardır. Ona görə biz bu suallara cavab istəyirik və əminəm ki, biz bu cavabı alacağıq.Bank rezervlərində valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistanda, habelə xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil etdiyi halda müharibəni aparmaq üçün silah və texnikanı hansı yollar ilə əldə etməkləri böyük suallar doğurur. Azərbaycan xalqı bu açıq qalmış suallara cavab tələb etməyə haqqı var.Ermənistan əhalisi kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər. Erməni xalqı öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəkdir. İndi isə son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsini xalqımın diqqətinə çatdırıram. Beləliklə, məhv edilmiş Ermənistan texnikası: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb. Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatdan götürə bilər və bu suallara biz cavab tapmalıyıq və tapacağıq.
Füzuli əməliyyatı rəmzi məna daşıyır. Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması deməkdir. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri bəxş edir. Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirmiş ordumuz haqqı bərpa edir. Müzəffər Azərbaycan ordusu şərəfli missiyanın öhdəsindən gələ bilir. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi.Strateji məntəqə və yüksəklikləri əldən edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsindədir.Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib.Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır. Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır. İşğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi eşidiləcək. Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir.Haqlı olan Azərbaycan ordusu öz torpaqlarında vuruşur. Xalqın savaşı müqəddəs savaşdır! Ordumuz öz gücünü döyüş meydanında göstərir. Torpaqlarımızın işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir.Bütün Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir.Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz. Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar.

Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur.
Bu gün tarixi bir gündür. On yeddisi oktyabr nəinki füzulililərin xatirəsində Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib.Baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur, bugünkü atəş nəticəsində azyaşlı uşaqlar da həlak olub, mən bir daha demək istəyirəm ki, biz qisasımızı mülki vətəndaşlardan almamalıyıq. Biz döyüş meydanında qisasımızı alırıq, alacağıq, şəhidlərimizin, həlak olanların qanı yerdə qalmır və qalmayacaqdır. Bir daha Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, qalan torpaqlardan öz xoşu ilə çıxsın. Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onların izi-tozu da o torpaqlarda qalmayacaq. Onsuz da onları biz sona qədər qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin!
Füzulini təslim etmək istəmirdi. Halbuki başa düşürdü ki, bunu saxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirdi. Dünən, srağagün və bu gecə Cəbrayıl istiqamətində də uğurlu əməliyyatlar keçirilibdir, strateji yüksəkliklər götürülübdür. Bu haqda hələ ki, mən bir şey demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz.

Anar Babayev
YAP Pirallahı Rayon Təşkilatının könüllüsü.

Keçidlər