Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısının xalqa müraciəti hər bir azərbaycanlının böyük qürur və fərəh hissi keçirməsinə səbəb oldu

20 oktyabr 2020 | 11:00
Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və təxribatları ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnmişdir. Azərbaycan təcavüzə uğrayan tərəf olmasına baxmayaraq az qala 30 il ərzində səbir göstərmiş, münaqişənin sülh və danışıqlar yolu ilə həllinə ümid bəsləmişdir. Ancaq Ermənistanın son baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə olan inam azalmış və hərbi toqquşma ehtimalı demək olar ki qaçılmaz olmuşdur.
Ermənistan baş nazirinin üst-üstə sərsəm açıqlamalar verməsi və 2020-ci ilin 12-16 iyul tarixlərində baş verən Tovuz döyüşləri, ardınca Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat xarakterli Azərbaycan tərəfə keçməyə cəhd göstərməsi və ordumuz tərəfindən ələ keçirilməsi Ermənistanın sülh yox müharibə istədiyini sübut etmişdir. 27 sentyabr tarixində Ermənistan yenidən təxribat törədərək cəbhənin bir neçə istiqamətindən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmağa başladı. Bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması ilə bağlı qərar qəbul edildi. Hazırda 24 gündür ki, Azərbaycanın Vətən Müharibəsi, haqq mübarizəsi davam edir. İndiyə qədər rəşadətli Ordumuz tərəfindən Cəbrayıl və Füzuli şəhərləri, 70-ə yaxın kənd, bəzi çox vacib strateji yüksəkliklər işğaldan azad edilib.
27 sentyabr tarixindən etibarən cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıyır.
Aydındır ki, Azərbaycan bütün mübarizəni cəbhədə silahlı əsgərlərə qarşı aparır və mülki əhaliyə əsla silah qaldırmır. Amma Ermənistan I Qarabağ Müharibəsində olduğu kimi indi də mülki əhalini, mülki infrastrukturu əsas hədəf kimi seçir. İndiyə qədər Ermənistanın hücumları nəticəsində 60-dan çox mülki şəxs həyatını itirib, 270-dən çox dinc sakin yaralanıb. Xüsusilə vurğulanmalıdır ki, 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, bununla yanaşı müxtəlif vaxtlarda Tərtərin, Ağdamın, Bərdənin Mingəçevirin,  Goranboyun raket zərbələrinə məruz qalması nəticəsində xeyli sayda mülki insan yaralanmış və həlak olmuşdur. Bütün bunlar müharibə cinayətidir və Ermənistan faşist mahiyyətinin əyani təzahürüdür. Beləliklə, həmişə olduğu kimi, Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 oktyabr tarixli xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistanın rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Ermənistanın faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, yaralanıb. Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. Bütün sivil dünya qüvvələri rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sıxışmayan əməllərin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55 dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir.
Ermənistanın cinayətləri bununla da yekunlaşmır. Rəsmi Yerevan Cenevrə Konvensiyasına zidd əməllər törədir. Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə başqa ölkələrdən ermənilərin gətirilməsi və məskunlaşdırması hərbi cinayətdir, habelə Cenevrə Konvensiyasına ziddir.
Ölkə başçısının xalqa müraciətində vurğuladığı məqamlardan biri də 30 il ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımızın amansızcasına dağıdılması və bütün binaların, dini abidələrin sökülməsi ilə bağlı olmuşdur. Cənab Prezident vurğulamışdır ki, Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir.
Daha sonra erməni əhalisinin dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmalı və kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməli olduğunu qeyd edən Azərbaycan Prezidenti əlavə etdi ki, Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər. Erməni xalqı öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəkdir.
Sözsüz ki, dövlət başçımızın xalqa müraciətinin Azərbaycan xalqı üçün ən vacib və qürurlu hissəsi işğaldan azad olunan torpaqlarımızın elanı oldu. Cənab İlham Əliyev böyük qürur və fəxarətlə elan etdi ki, 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib. Əminliklə deyə bilərik ki, ölkə başçısının bu elanı həmin gün səhər saatlarında Gəncəyə olan hücumla ürəkləri yanan minlərlə, milyonlarla azərbaycanlının ürəyinə su sərpdi. Çünki bu xəbər sadəcə 27 ildir ki, yurd-yuvasından didərgin düşən Füzuli əhalisinin deyil, bütün Azərbaycanın gözlədiyi xəbər idi. Bu Gəncənin intiqam xəbəri idi. Azərbaycan Ordusu yenə də şəhidlərimizin intiqamını aldı amma sadə erməni camaatından deyil, əli silahlı düşmən əsgərindən. Bu Azərbaycan Prezidentinin mövqeyidir. Biz əliyalın xalqla müharibə aparmırıq, biz ancaq torpaqlarımızı işğalda saxlamağa çalışan, bizə silah çəkən düşmən əsgərinə qarçı mübarizə aparırıq.
Ölkə başçısı çıxışında Azərbaycan ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsinin siyahısını da təqdim etdi: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb.
Ölkə başçısı Füzuli istiqamətində aparılan döyüşlərin ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biri olduğunu da vurğuladı və əlavə etdi ki, Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi. Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri əldən edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsindədir.
Azərbaycan Ermənistanın namərd əməllərinə döyüş meydanında cavab verir. Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar.
 
Samir Hüseynov
YAP Pirallahı rayon təşkilatının könüllüsü
Keçidlər